İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyanın “ən güclü ordusu”nda xoşagəlməz pəstəha

Bu günlərdə Rusiyada qəribə və dramatik hadisə baş verib: Ukraynada döyüşməkdən imtina edən 100-dən çox əsgər Yekaterinburqda yoxa çıxıb.

Bu barədə yayılan informasiyada deyilirdi ki, həmin əsgərlər cəbhənin müxtəlif yerlərindən Yekaterinburqa gətirilibmiş. Bundan əvvəl isə onları Çelyabinsk vilayətinin Çebarkul şəhərindəki hərbi komendantlığa toplayıbmışlar.

Əsgərlərin çoxu şil-şikəst gündəymiş və müalicə, əməliyyat tələb edirmişlər. Amma müasir rus “smerş”çilər deyiblər, elə şey yoxdur, döyüşə yararlısınız. Ona görə də onlar yaralı əsgərləri qoltuq ağacları ilə birlikdə Yekaterinburqa gətirib, çadırlara doldurublar, oradan da Rostova göndərəcək, təmas xəttindəki hərbi hissələrə paylayacaqmışlar. Amma əsgərlər də dinc durmayıblar, qiyam qaldırıblar. Bundan sonra onlarla əlaqə kəsilib.

Bu xəbəri oxuyanda yadıma çoxdan mütaliə etdiyim, I dünya müharibəsində baş verən hadisələr haqqında yazılmış bir roman düşdü. Daha dəqiqi, romandan bir parça. O parçanın adını dəqiq xatırlayıram – “Hər onuncu”. Təəssüf ki, avropalı müəllifin yazdığı romanın adını xatırlaya bilmədim, Google axtarışları da nəticə vermədi. Amma “Hər onuncu”nun süjet xətti yaxşı yadımdadır. Yekaterinburqdakı qiyamın axırı həmin bədii əsərdəki kimi bitibsə, heç zad.

Ancaq indilikdə yuxarıdakı cümlələrin birində gedən “smerşçilər” sözünə dair bir yüngülvarı izahat verim. İndiki cavanlar elə şeyləri bilməzlər. Bu söz 1941-45 müharibəsində əmələ gəlib. O vaxtlar sovet NKVD-sinin nəzdində xüsusi cəza dəstələri yaradılıb. Onlar döyüşən ordunun arxasında mövqe tuturmuşlar, hücuma çıxmayıb geri qalanları, qorxub arxaya qaçanlar, kol dibində gizlənən fərariləri tutub, tapıb, güllələyirmişlər. Bu dəstənin adı isə “Smert şpionam” (“Casuslara ölüm”) imiş, qısaca “Smerş” adlanırmış. Yazıq sovet əsgərlərini irəli gedəndə Hitler-Himmler cütlüyünü frisləri qırırmış, geri gedəndə Stalinlə Abakumovun ivanları.

İndinin özündə də Rusiya ordusunda belə dəstələr var və döyüşməkdən imtina edənləri ordan-burdan ovlayıb bir yerə yığırlar. Yekaterinburqa gətirilən, axırda dözməyib, “nu xvatit kontsa kontsov” deyən əsgərlər onlar imiş.

İndi isə “Hər onuncu” hekayəsində bəhs edilən hadisəni qısaca yazım. Demək, döyüşlərdə dirigözlü ölümə göndərilən 40 nəfərlik birliyin əsgərləri döyüşməkdən imtina edir, tabesizlik göstərirlər. Tezliklə onların hamısını tuturlar. Komandanlıq qərara gəlir ki, onları müharibə dövrünün sərt qanunlarıyla cəzalandırsınlar. Bu qayda da nə olacaq ki? Divara söykəyib güllələmək.

Ancaq komandanlıq 40 əsgərin qırxını da güllələmək istəmir, belə vəziyyətlərdə kara gələn “hər onuncu” düsturundan istifadə edirlər. Qiyamçı əsgərləri boy sırası ilə cərgəyə düzürlər və əsgərlərin hərəsi öz sıra sayənə səsləndirir: bir, iki, üç, dörd, beş, altı, yeddi, səkkiz, doqquz, on... “Onuncu, çıx qabağa”. Çıxır.

Beləcə, onuncunun ardından iyirminci də çıxır. Ancaq otuzuncunun müəyyən edilməsi zamanı bir yanlışlıq əmələ gəlir. Məlum olur ki, tutaq ki, 27-ci əsgər öz sırasını səhv deyib. Təzədən sayırlar. Bayaqdan 30-cu olduğu üçün qara gününü qablayan əsgər 29-cu, 31-ci olduğuna sevinən əsgər isə 30-cu çıxır, dünya başına uçur. Onu da sıradan çıxarıb qoyurlar 10-cu ilə 20-cinin yanına.

Bu yerdə müəllif əsərin ən müdhiş yerini təsvir edir, yazır ki, sıraya düzülmüş əsgərlərin çoxu güllədən canlarını qurtaracaqlarına ümid edə-edə sıraya boylandıqları vaxt, ən bədbəxt durumda olan əsgər sıranın sonunda duran idi. O say başlayandan bəri bilirdi ki, qırxıncıdır və necə saysalar da qabağa çıxarılanlardan biri o olacaq.

Müharibə belə şeydir, dəhşətlidir, amansızdır, başdan-başa faciədir, onlarda gənc insanların üç uşaq atası olmasına, yenicə evləndiyinə, müharibəyə gəlməzdən üç gün öncə nişanlandığına, hələ bir qızın əlindən tutmadığına baxmırlar, öldürürlər.

Kim bilir, bəlkə də Yekaterinburqdakı qiyamçı əsgərləri də müharibə qanunları ilə mühakimə edib, sıraya düzüb, saydırıb, seçim aparıblar. Hələ belə olsa, yaxşıdır. Amma qorxasan ki, “müəmma dolu rus qəlbi” ayrı-seçkilik etməyə və ortalığa “yüzünü də güllələyin bu xainlərin” əmri çıxa. Olmazmı? Niyə olmur? Ortada o boyda presedent var. 1918-ci ilin iyununda Leninin göstərişi, Sverdlovun əmri ilə həmin bu Yekaterinburqda çar II Nikolayı və xanımını, 13 yaşlı oğlunu, gənc qızlarını, həkimini, aşpazını, nökər-naiblərini (11 nəfər) güllələməyiblərmi? Hələ sonradan Sverdovun bu “tarixi xidmət”inə görə Yekaterinburqun adını dəyişib Sverdlovsk etmişdilər...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Mart 2025

02 Mart 2025

BÜTÜN XƏBƏRLƏR