İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyanı ağuşuna alan bəladan necə qurtulaq - professor açıqladı

 

Adı belə insanı vahiməyə salır. Ətrafımızda bu xəstəliklə mübarizə aparan xeyli insan var. Artıq cəmiyyətin ən ciddi sağlamlıq problemlərindən birinə çevrilib. El arasında “bəla” kimi qəbul olunan bu diaqnoz bir vaxtlar nadir hallarda eşidilirdisə, bu gün demək olar ki, hər ailənin həyatına toxunur.

Xərçəng bahalı müalicə tələb etdiyindən xeyli insan imkansızlıqdan bu ağır xəstəliyə təslim olur. Bu gün Bakının küçələrində xərçəng xəstələrinin müalicəsi üçün vəsait toplaması da adi hala çevrilib. Həmsöhbətimiz olan xanım metronun "Neftçilər" stansiyasının həndəvərində hər gün dəstək ümidi ilə gəzir-dolaşır. Azərbaycan  insanının yardımsevərliyi diqqət çəkir. Xəstə qadının yanında ayaq saxlayıb yanına qoyduğu lövhəni oxuyur, ona dəstək olurlar.

Milli Onkologiya Mərkəzi illərdir bu ağır xəstəliklə mübarizənin əsas ünvanlarından biri olsa da, burada müalicə alan bəzi insanlar fərqli təəssüratlarla çıxırlar.

Xəstəxananın ab-havası digər tibb müəssisələrindən hər zaman fərqlənir. Həkimlər üçün peşəkar baxımdan artıq adiləşmiş xərçəng diaqnozu, pasiyentlər üçün həyatla ölüm arasında gedən çətin bir mübarizəyə çevrilir.

Səhiyyə naziri Teymur Musayev Türkdilli Dövlətlər Birliyi Onkoloqlarının Birinci Konqresində çıxışı zamanı deyib ki, dünya əhalisinin hər 5 nəfərdən biri yaşam müddətində xərçəng xəstəliyinə tutulur. Təxminən hər il 400 min uşağa xərçəng diaqnozu qoyulur. Ötən əsrin 60-cı illərində uşaqların xərçəngdən sağalma faizi 10 faiz idisə, bu gün həmin göstərici 90 faizin üzərindədir.

Bəs xərçəngin artmasına səbəb nədir?

Professor-həkim Adil Qeybulla Musavat.com-a açıqlamasında xəstəliyin artmasının üç əsas səbəbini qeyd edib: “Bunlar əhali artımı, ciddi ekoloji problemlər və insanların həyat tərzidir”.

O bildirir ki, xərçəngin erkən diaqnostikası üçün hələlik tam etibarlı göstəricilər (prediktorlar) yoxdur:

“Elə bir müayinə üsulu yoxdur ki, hüceyrələrin xərçəngə transformasiyasını və ya ikinci bir inkişafın olduğunu dəqiqliklə müəyyən etsin. Bu səbəbdən erkən skrininqlər və profilaktik müayinələr vacib sayılır. Təəssüf ki, onkomarkerlərin əksəriyyəti ilkin mərhələdə spesifik olmur. Bu da diaqnostikada çətinlik yaradır”.

Adil Qeybulla qeyd edir ki, bəzi hallarda erkən diaqnoz xəstənin həyatını xilas edə bilir. Anaplastik və aqressiv şişlərdə erkən diaqnostika bəzən təsir göstərməsə də, hüceyrədaxili formalaşmalar zamanı, düyünlərin ilkin mərhələsində xəstəliyin müəyyən olunması çox vacibdir.

Xərçəngin qarşısını almaq üçün nələrə diqqət edilməlidir?

İrsi faktorlar: Xəstəliyin bəzi formaları genetik səbəblərlə əlaqəlidir. Orqanizmdə genlərin mutasiyası xərçəng riskini artırır. Buna görə də xəstəliyin genetik və “vəhşi” formaları fərqləndirilir.

Qidalanma: Yağda qızardılmış, hisə verilmiş, konservləşdirilmiş və yüksək karbohidratlı qidalardan uzaq durmaq, əvəzində vitamin, mineral və sağlam zülallarla zəngin qidalar qəbul etmək tövsiyə olunur.

Aktiv həyat tərzi: Hərəkətsizlik xərçəng riskini artıran faktorlardandır.

Zərərli vərdişlərdən uzaq durmaq: Siqaret, qəlyan və alkoqoldan istifadə xərçəng riskini artırır.

Professor-həkim əlavə edir ki, Sovet dövründə tam effektiv olmasa da, müəyyən profilaktik proqramlar mövcud idi.

“Hazırda dünyada xərçənglə bağlı müayinələr kifayət qədər bahalıdır. Nəsildə bu xəstəlik olan şəxslərin, ana və ya ata xətti üzrə olanların genetik analizlərinin aparılması və bu risk faktorunun yeni nəsildə təkrarlanıb-təkrarlanmaması üçün tədbirlərin görülməsi maliyyə tələb edir. Bununla yanaşı, kütləvi şəkildə idman və sağlam qidalanma ilə bağlı maarifləndirmə tədbirləri də xərçəngə qarşı profilaktik sistemin bir hissəsi sayıla bilər”,-deyə həkim qeyd etdi.

Onun fikrincə, gələcəkdə beynəlxalq protokollara uyğun resept və proqramlar ölkədə tətbiq olunarsa, bu sahədə mübarizə daha sistemli və effektiv olar.

Mənzər Novruzlu,
Fotolar müəllifindir
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR