Onlayn ictimai-siyasi qəzet
Dünyada neft kəşfiyyatı və hasilatına ən böyük investisiya yatırımı 2014-cü ildə - 755 milyard dollar olaraq qeydə alınıb
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev iyunun 19-da Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Haysam Əl-Qaysı qəbul edib. Görüşdə Azərbaycanla OPEC+ ölkələri arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd edilib. Eyni zamanda bu gün qlobal neft bazarında OPEC+ formatında fəaliyyətin roluna toxunulub, indiyədək bu bazarda sabitliyin əldə edilməsinin məhz bu formatda həyata keçirilən fəaliyyət nəticəsində mümkün olduğu xüsusi qeyd edilib.
Söhbət zamanı bu gün “fossil” yanacaqlar sahəsində mövcud olan məsələlər müzakirə edilib, gələcəkdə bu sahəyə investisiyaların ayrılmasının vacibliyi bildirilib. Dünya iqtisadiyyatının artması nəticəsində ümumilikdə enerjiyə çoxalan tələbat nəzərə alınaraq, bu sahəyə son zamanlarda investisiyaların azaldılmasının müəyyən narahatlıq doğurduğu qeyd olunub.
Qeyd edək ki, son illərdə bərpa olunan enerji mənbələrinə marağın kəskin artması fonunda ənənəvi enerji mənbəyi olan neft istehsalına yatırımlar kəskin azalıb. Bu isə orta və uzunmüddətli dövrdə qlobal neft hasilatının sürətli azalmasına səbəb ola bilər. Artıq bir çox beynəlxalq təşkilatlar nefti əvəz edəcək bərpa olunan enerji mənbəyi tapılmadan bu məhsulun kəşfiyyatı və hasilatına sərmayələrin azaldılmasının yaradacağı problemlər barədə xəbərdarlıqlar səsləndirirlər. Dünyanın ən böyük neft hasilatçısı olan Səudiyyə Ərəbistanının milli neft şirkəti olan "Saudi Aramco"nun icraçı direktoru Amin Nassərin fikrincə, 2023-cü ildə neftə gündəlik tələbat 1,7 milyon barel artacaq. Lakin bu tələbatı qarşılamaq asan olmayacaq - çünki son illər neft hasilatı və ona bağlı geoloji kəşfiyyat işlərinə, həmçinin neft emalı və daşınmasına getdikcə daha az vəsait ayrılır. Nassərin sözlərinə görə, tələbatın artımında aviasiya sektorundakı postcovid canlanması mühüm rol oynayacaq.
Qeyd edək ki, dünyada neft kəşfiyyatı və hasilatına ən böyük investisiya yatırımı 2014-cü ildə - 755 milyard dollar olaraq qeydə alınıb. 2015-ci ildə belə yatırımlar 600 milyard dolların altına düşüb.
2016-cı ildə "Deloitte" auditor qrupu bəyan edib ki, yaxın onillikdə neftə olan tələbin artmasını qarşılamaq üçün növbəti 5 ildə geoloji kəşfiyyat və hasilata 3 trilyon dollar yatırım edilməlidir. Lakin neft qiymətlərindəki ucuzlaşma investisiyaların azalmasını şərtləndirdi və 2016-2019-cu illərdə neft hasilatı və kəşfiyyatına yatırımlar illik 450 milyard dollar ətrafında dəyişdi, 2020-ci ildə isə 307 milyard dollara düşdü. Beləliklə, beş ildə real investisiyaların həcmi "Deloitte"nin zəruri hesab etdiyi minimumdan 900 milyard dollar aşağı - 2,1 milyard dollar oldu.
"Energy Intelligence"nin hesablamalarına əsasən 2022-ci ildə neft hasilatı və kəşfiyyatına yatırımlar 427 milyard dollara yaxın olub. 2023-cü ildə bu göstəricinin 12 faiz artaraq 485 milyard dollara çatacağı gözlənilir. Bu, 2020-ci illə müqayisədə yüksək olsa da, 2014-cü illə müqayisədə çox aşağıdır.
OPEK-in hesablamalarına əsasən 2023-cü ildə Alyansa daxil olmayan ölkələrdə neft hasilatı və kəşfiyyatına yatırılan investisiyaların həcmi 2022-ci illə müqayisədə 10 faiz artmaqla 474 milyard dollara çatacaq. 2022-ci ildə bu investisiyalarda 20 faizlik artım qeydə alınıb və 431 milyard dollara çatıb. Bu il isə alyans belə investisiyaların artım sürətinin azalmasını gözləyir. OPEK-in hesabatında qeyd olunur ki, Norveç, Braziliya, ABŞ və Kanadada neft-qaz kəşfiyyatı və hasilatına çəkilən əsaslı xərclərin həcmi müvafiq olaraq 26 faiz, 15 faiz, 12 faiz və 8 faiz artacaq. Beləliklə, investisiyaların həcmi pandemiyadan əvvəlki həcmə çatacaq.
Hesabatda o da vurğulanır ki, 2022-ci il enerji bazarı üçün rekord gəlirlər ili kimi yadda qalıb. Lakin bu zaman sektora investisiyalar rekord gəlirlərin cüzi bir hissəsini təşkil edib. Belə ki, 2022-ci ilin yekununda ABŞ-ın "Exxon" şirkəti 55,7 milyard dollar, "Chevron" şirkəti 35,5 milyard dollar, "Shell" şirkəti 42,3 milyard dollar, "TotalEnergies" 36,2 milyard dollar gəlir əldə ediblər. Böyük Britaniyanın bp şirkəti isə Rusiyanın “Rosneft” şirkətindəki 19,75 faizlik payından imtina etdiyinə görə ili 2,5 milyard dollarlıq zərərlə başa vurub.
"Goldman Sachs"ın araşdırmasına əsasən, neft hasilatı və kəşfiyyatına yatırımların azalması 2025-ci ilədək gündəlik qlobal neft hasilatının 10 milyon barel azalmasına gətirib çıxaracaq. Bu həcmdən alınan enerjini alternativ mənbələrdən əldə etmək üçün hidrogen sənayesi və batereya istehsalına çox nəhəng investisiyaların yatırılması lazımdır. Beynəlxalq Enerji Agentliyinin hesablamalarına əsasən, yeni yataqların işlənməsinə başlanmazsa, həmçinin bərpaolunan enerji istehsalı nəzərdə tutulan sürətlə artarsa, ortamüddətli dövrdə qlobal gündəlik neft təklifi tələbatdan 20 milyon barel çox ola bilər. Lakin bu, ən ideal variant hesab olunur - nefti hər sahədə, xüsusilə də hava və dəniz nəqliyyatında əvəz edəcək bərpa olunan enerji mənbəyinin tapılması kimi.
Rusiyanın “Rosneft” şirkətinin icraçı direktoru İqor Seçin hesab edir ki, dünyada neftə olan tələbat və ona uyğun olaraq qiymətlər artmağa davam edəcək: “Beynəlxalq Enerji Agentliyi və OPEK-in proqnozlarına əsasən, 2023-cü ildə neftə olan gündəlik qlobal tələbat 2,4 milyon barel artmaqla yeni rekorda - 102 milyon barelə çatacaq. Uzunmüddətli perspektivdə neft istehlakı fiziki həcm baxımından 2045-ci ilədək 15 faiz - gündəlik 15 milyon barel artacaq. Beləliklə də neft təbii qazla birlikdə dünyanın ilkin enerjiyə olan tələbatının 53 faizini təmin edəcək”.
Çox maraqlıdır ki, Seçin qlobal neft tələbatının artımında Afrika ölkələrinin həlledici rol oynayacağı qənaətindədir. Onun fikrincə, Afrikanın neft istehlakında gözlənilən artım qlobal neft tələbatı proqnozlaşdırılarkən nəzərə alınmır: “Halbuki BMT-nin proqnozlarına əsasən, 2050-ci ildə Afrika əhalisi 74 faiz artaraq 2,49 milyard nəfərə bərabər olacaq. Bu zaman digər regionlarda cəmi 10 faizlik əhali artımı qeydə alınacaq. Afrikada enerjiyə tələbatın isə 2050-ci ilədək 70-80 faiz artması gözlənilir. Yəni əhali artımı tempi enerjiyə olan tələbatla eyni səviyyədə olacaq. Afrikada enerji tələbatının artması qlobal bazarda neft tələbin artmasını şərtləndirəcək. Neft sektoruna, geoloji kəşfiyyat işlərinə investisiyaların azalması fonunda bu artım bazarda çatışmazlıq yaradacaq ki, bu da qiymət artımına səbəb olacaq”.
İnvestisiyaların azalması ilk növbədə ABŞ-da neft hasilatının azalmasına gətirib çıxara bilər. Bu ölkənin hakimiyyəti bərpa olunan enerji mənbələrinə investisiyaları kəskin artırır, 2021-ci ildən böyük bankların hamısının neft sektoruna yatırımlardan imtina etməsi fonunda şist neft hasilatçıları hasilat gücünü artırmaq üçün sərmayə tapa bilmirlər. Buna görə də ortamüddətli dövrdə ABŞ-da hasilatın 10 faizədək azalması gözlənilir.
Hesablamalar göstərir ki, dünyanın 3 böyük neft hasilatçısından biri olan Rusiyada sektora investisiya problemi gözlənilmir. Bu ölkə hələ yaxın 10-15 il ərzində ən böyük neft hasilatçılarından biri rolunu saxlaya biləcək. Lakin Qərbin ağır sanksiyaları şəraitində ölkədə kəşfiyyat və hasilat işlərinin ciddi azalması təhlükəsi var. Belə ki, Rusiyada bu sahələr kəskin şəkildə Qərb texnologiyalarından asılıdır. Qərb isə belə texnologiyaların Rusiyaya satışını qadağan edib. Bu texnologiyaların yerli istehsal məhsulları ilə əvəz edilməsi yaxın onillikdə real görünmür. Bu isə nəinki yeni yataqların işlənməsi, bir neçə ildən sonra Rusiyanın istismar olunan yataqlarında hasilat tempinin saxlanmasını belə çətinləşdirəcək əsas amildir.
Qlobal neft hasilatında ən böyük paya malik Səudiyyə Ərəbistanı hazırda neft kəşfiyyatı və hasilatına ən böyük yatırım edən ölkədir. Yaxın 2 ildə bu ölkədə qeyd olunan sahələrə 50 milyard dollardan yuxarı investisiya yatırılması planlaşdırılır. Nəticədə 2025-ci ilədək Səudiyyə Ərəbistanında neft buruqlarının sayının 25 faizə qədər artacağı gözlənilir.
Neft hasilatçısı olan Azərbaycanda hasilat səviyyəsi ildən-ilə azalır. Bu, əsas hasilat mənbəyi olan “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun təbii qocalması ilə bağlıdır. Bu yatağın işlənməsinə dair 2017-ci ildə xarici şirkətlərlə imzalanmış yeni müqaviləyə əsasən 2050-ci ilədək yatağa 40 milyard dollar investisiya yatırılması nəzərdə tutulur. Lakin bu investisiyalar hasilatın yenidən artırılmasına deyil, azalma tempinin azaldılmasına gətirib çıxaracaq. Hasilatın azalmasına baxmayaraq, qlobal neft qiymətlərinin yüksək olması Azərbaycanın bu yanacaqdan əldə etdiyi gəlirlərin kəskin azalmasının qarşısını ala bilər.
Belə ki, neft təklifinin azalması fonunda hətta qlobal iqtisadi resessiya şəraitində belə neft bazarında qiymətlərin aşağı düşməyəcəyi gözlənilir. ABŞ Enerji İnformasiya İdarəsinin (EIA) proqnozuna əsasən Brent markalı neftin qiyməti 2030-cu ildə 79 dollar, 2040-cı ildə isə 84 dollar təşkil edəcək. Bu isə o deməkdir ki, Azərbaycan hələ 20 ilə yaxın dövrdə neft gəlirlərindən bəhrələnə biləcək...
Dünya SAKİT,
“Yeni Müsavat”
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ