Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniya və Avropa İttifaqına üzv ölkələr ABŞ Prezidenti Donald Trampı Avropada terror təhlükəsi riski səbəbindən İrana zərbə endirməməyə razı salmağa çalışırlar.
ABŞ-nin İrana hücumu nə dərəcə gözləniləndir? Belə vəziyyətin yarandığını ehtimal etsək, bu proses daha böyük müharibələrə səbəb ola bilərmi?
Sfera.az-a bu barədə açıqlama verən siyasi şərhçi Natiq Miri ABŞ-nin İrana hücumunun artıq qaçınılmaz bir məsələ halına gəldiyini bildirib.
O qeyd edib ki, İsrailin başladığı hərbi əməliyyatların əsas məqsədi İranın nüvə obyektlərini sıradan çıxarmaqdır:
“Lakin bu problem hələ də tam həll olunmayıb. Nüvə mərkəzlərinin əksəriyyəti yerin dərinliklərində yerləşir və qalın beton təbəqə ilə qorunur. Bu səbəbdən, İsrailin raket hücumları həmin obyektlərə ciddi zərər yetirmək gücündə deyil. Belə olan halda, milyardlarla vəsaitin xərclənməsi, insanların həyatını itirməsi və infrastrukturun dağıdılması nəticə vermirsə, o zaman bu əməliyyatların məqsədəuyğunluğu şübhə altına düşür.
Bu kontekstdə ABŞ-nin iştirakı zəruri görünür. Çünki Fordo nüvə mərkəzinin dağın altına, təxminən 80 metr dərinlikdə yerləşdiyi bildirilir. Bu cür obyektlərin məhv edilməsi yalnız ABŞ-nin sahib olduğu 13 tonluq GBU-57 adlı bunker-buster bombaları ilə mümkündür. Bu bombaları da daşıya biləcək yeganə platforma B-2 tipli strateji bombardmançı təyyarələrdir və onlar yalnız ABŞ-nin istifadəsindədir. Beləliklə, bu bombalardan istifadə olunmadıqca, İsrailin başladığı və Vaşinqtonun razılığı ilə həyata keçirilən hərbi əməliyyat hədəfinə çata bilməyəcək. Bu isə o deməkdir ki, indiyədək həm İranda, həm də İsraildə baş vermiş dağıntı və itkilər əbəs yerə olmuş olacaq”.
Siyasi şərhçi məsələnin digər tərəfində isə ABŞ rəhbərliyində yaranan narahatlığın olduğunu deyib.
N.Miri bildirib ki, onlar ehtiyat edirlər ki, belə bir bombardmandan sonra İranda xaotik vəziyyət yarana bilər:
“Tehranın Liviya ssenarisini təkrarlaması, yəni ölkənin parçalanması, vətəndaş müharibəsi və daxili qarşıdurmalar ehtimalı ciddi narahatlıq doğurur. ABŞ kəşfiyyatının bu barədə rəhbərliyə konkret hesabat təqdim etdiyi də bildirilir ki, bu da Vaşinqtonun ehtiyatlı davranmasına səbəb olur. Lakin burada da məlumatın doğruluğu şübhə altındadır. Çünki bu cür xəbər və hesabatlar bəzən dezinformasiya məqsədilə yayıla bilər. Məqsəd isə İran rəhbərliyini çaşdırmaq və hücumlara hazırlıqsız yaxalamaq ola bilər. İsrailin son hücumlarından öncə ABŞ və İran arasında növbəti – altıncı raund üzrə danışıqların keçirilməsi planlaşdırılırdı və verilən açıqlamalara əsasən, nüvə sazişinin imzalanması yaxın idi. Lakin bu arada yayılan müxtəlif məlumatlar, yanlış yönləndirmələr və qəfil İsrail hücumları vəziyyəti dəyişdi. Hazırkı qeyri-müəyyənlik də növbəti dəfə İranı aldatmaq məqsədi daşıya bilər”.
Müsahibimiz Avropa İttifaqının məsələyə yanaşmasına dair fikirlərində vurğulayıb ki, onların narahatlığı müəyyən mənada real təhdidlərə əsaslansa da, əslində Aİ ciddi bir mövqe ortaya qoya bilmədi:
“İsrailin özünümüdafiə hüququnu dəstəkləməklə kifayətləndilər. Bu isə bitərəfli cəzasızlıq mühitinin formalaşmasına səbəb oldu ki, nəticədə bugünkü təhlükəli qarşıdurmaların zəminini yaratdı. Hazırda isə Aİ bu prosesə qarşı çıxmağa çalışsa da, hər zaman olduğu kimi, daxili fikir ayrılıqları və strateji məqsədlərin qeyri-müəyyənliyi təşkilatın nüfuzuna mənfi təsir edir. Bu səbəbdən, Aİ dünya miqyasında ciddi və etibarlı aktor kimi qəbul olunmur”.
Analitik dünya üzrə genişmiqyaslı qarşıdurmaların başvermə ehtimalının mövcud olduğunu, lakin bunun müəyyən qədər şişirdilmiş təhlükə və əsasən ABŞ-ni geri çəkilməyə məcbur etmək məqsədi daşıdığını diqtə edib:
“Bu günə qədər İranın “strateji müttəfiqi” hesab olunan Çin və Rusiya onun hərbi dəstək çağırışlarına cavab verməyiblər. Ona görə də bu ölkələrin İranın tərəfində birbaşa müharibəyə girəcəyi və ABŞ-ni, bütövlükdə Qərb dünyasını qarşılarına alacaqları inandırıcı görünmür”.
20 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ