Onlayn ictimai-siyasi qəzet
Alınan xəbərlər göstərir ki, dünyanın gözü qarşısında bütün Avropanın yeni təhlükəsizlik arxitekturası formalaşır. ABŞ-ın yeni prezidentinin Avropada Amerika ordusunun miqyasının azaldılması zərurəti ilə bağlı açıq bəyanatlarından sonra Avropa dövlətlərinin liderləri Rusiya təcavüzünün qarşısını almaq məqsədilə yeni konsepsiyasının yaradılması üçün ciddi addımlar atmalı olduqlarını bəyan etmişlər. Nəhayət, Avropa dövlətləri dərk edirlər ki, ABŞ-nin iştirakı olmadan NATO-nun gələcəyi dumanlı və qeyri müəyyəndir.
Böyük Britaniyanın Baş naziri Kir Starmer hələlik şərti olaraq “qərarlıların koalisiyası” adlandırılan yeni hərbi ittifaqı formalaşdırır. Bu koalisiyaya daxil olan ölkələr ilk növbədə Rusiya-Ukrayna cəbhəsində atəşkəsdən sonra 10 000-dən 30 000-dək əsgər və zabitin təmas xəttinə göndərməyə hazır olanlardır. Hazırda yeni hərbi-siyasi ittifaq olan “qərarlılara” Türkiyə, İspaniya, Kanada, Rumınya, Litva, Latviya, Estoniya, Danlmarka, Finlandiya, İsveç, Norveç, Hollandiya, Çexiya, Avstraliya daxildir və eyni zamanda Yeni Zelandiya ilə də danışıqlar aparılır. Kir Starmer ABŞ prezidenti Donald Trampla telefon danışığında Rusiyanın aqressiyasından Ukraynanı və özlərini müdafiə etmək üçün Avropanın yeni hərbi planları barədə Ağ Evin liderini məlumatlandırıb. Hələlik 35 ölkə Ukraynadakı perspektiv missiyaya silah, maddi-texniki və kəşfiyyat dəstəyini göstərməyə razılıq verib. Bu, Rusiya prezidentini atəşkəsdən sonra Ukraynaya təcavüzdən çəkindirə bilər. Starmer qətiyyətlə bildirib ki, ABŞ-nin və Rusiyanın mövqeyindən asılı olmayaraq “qərarlıların koalisiyası” Rusiyaya təzyiqi gückəndirəcək ki, Kremli danışıqlara cəlb edə bilsin. Kir Starmer Britaniya KİV-nə bildirib ki, “qərarlılar koalisiyası” “operativ fazaya” daxil olur və sülh razılaşmasına və Ukraynanın təhlükəsizliyinə zəmanət almaq məqsədilə “güclü və etibarlı” planlar hazırlayırlar.
Əsas odur ki, bu ittifaqın baş iştirakçısı Ukrayna ordusunun özüdür. Ukrayna ordusu yalnız sayına görə deyil, müasir müharibə şəraitində ən döyüşkən, təcrübəli olan hərbiçilərin birləşməsidir. Avropa dövlətlərinin liderləri Türkiyə ilə birlikdə başa düşürlər ki, bu gün Ukraynaya edilən yardım gələcəkdə bütün Avropa ailəsinin qorunması, təhlükəsizliyi və rifahı deməkdir. Müasir dövr Ukrayna millətinə, Ukrayna dövlətinə və Ukrayna ordusuna dəstək üçün sürətli və innovativ həllər tələb edir. Ukraynanın döyüş meydanında məğlubiyyəti yaxın gələcəkdə bütün Avropada böyük müharibənin başlanmasına səbəb olacaq və Cənubi Qafqaz burada ilk hədəflərdəndir. Yalnız bütün avropalıların birgə hərəkəti təcavüzkar Putini və onun ordusunu dayandıra bilər.
Təəssüf ki, “koalisiyanın”nəzərdə tutulan fəaliyyəti əsasən atəşkəsdən sonraya hesablanıb. Hazırda ən çətin mərhələnin içərisindəyik. Rusiya atəşkəsə razı olacaqmı? ABŞ prezidenti iki telefon danışığından sonra “işlərin yaxşı getdiyini” təkrarlasa da, real olaraq heç bir müsbət nəticə yoxdur. Bu gün martın 21-dir və Donald Trampın 100-gününün tamamına 40 gün qalıb. Bu “qırx da çıxanda” Tramp hansı atəşkəsə nail ola biləcək? Putinin istəyilə Ukraynanın kapitulyasiyasını şərtləndirən atəşkəsə, yoxsa heç bir şərt olmadan, sadəcə atəşkəsə nail olub danışıqlara başlamağa? 12 vevralda iki saat yarımlıq telefon danışığından sonra əli-qolu açılan və inadlaşan Putin bu günlərdə Ukraynaya daha sərt hücumlar təşkil edir ki, Kiyevi məcburiyyət qarşısında qoysun. ABŞ bu danışıqlarda heç vaxt təzyiq ritorikasına keçmədi. Martın 24-də də Səudiyyə Ərəbistanında keçiriləcək görüşlərdə guya atəşkəsin “texniki şərtlərini” müzakirə ediləcəyini bildirsə də, Rusiya tərəfdən bunu təsdiqləyən heç bir informasiya yoxdur.
ABŞ-nin Ukraynadan istəyi heç Məşədi İbadın Rüstəm bəyə dediyi ”sən qızı mənə verginən, gör səni necə şad edərəm” səxavətində də deyil. Mineral ehtiyatların istismarının ardınca, atom elektrik stansiyaların da ABŞ-nin ixtiyarına verilməsini istəyən Tramp, Ukraynaya ləyaqətli atəşkəs vədini də vermir. Trampın Rusiya ilə danışıqları sanki qız almağa gedən elçinin “ məni də görürsən, onu da” səviyyəsinə enməsidir.
Amma, Tramp onu da unutmamalıdır ki, Ukrayna və Avropanın Trampın tez-tez işlətdiyi kifayət qədər güclü “kartları” var. O “qərarlılar” kartıdır və Ukraynanı təslim olmağa imkan verməyəcək.
22 Mart 2025
21 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ