İnsanlara hürriyət, millətlərə istiqlal!

“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanuna dəyişikliklər

Milli Məclisin iclasında “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanuna dəyişikliklər müzakirə olundu. Təklif edilən dəyişikliyə əsasən, dövlət orqanlarında etik davranış qaydalarının tətbiqi, bu sahədə maarifləndirmə və mübahisələrin həllinə məsul olan etik müvəkkil vəzifəsi təsis edilir.

Layihədə qeyd olunur ki, etik davranış üzrə müvəkkil vəzifəsi təsis edilməklə, müvəkkilə aid tələblər və onun səlahiyyətləri müəyyən olunur. Qanuna edilən təklifə əsasən rəhbər vəzifələr üzrə 3 ildən az olmamaqla, 5 ildən çox dövlət qulluğunda inzibati vəzifələrdə qulluq keçən və yüksək mənəvi keyfiyyətlərə malik şəxslər etik davranış üzrə müvəkkil ola bilərlər. Etik davranış üzrə müvəkkil aşağıdakı səlahiyyətlərə malik olacaq: - etik davranış qaydalarına emal olunması vəziyyətini öyrənir, etik davranış qaydalarının pozulmasına şərait yaradan halları təhlil edir və onların aradan qaldırılması ilə bağlı dövlət orqanının rəhbərinə təkliflər və tövsiyələr verir; - dövlət qulluqçularından və digər şəxslərdən etik davranış qaydalarının pozulması ilə bağlı daxil olan müraciətlərə baxır, - daxil olan müraciətlərdən irəli gələn məsələlərin həlli üzrə dövlət orqanının rəhbərinə təkliflər, tövsiyələr və təqdimatlar verir; - dövlət qulluqçularının etik davranış qaydaları ilə bağlı maarifləndirilməsi üçün tədbirlər görür, o cümlədən etik davranış qaydalarının tətbiqi ilə bağlı təlim proqramlarını hazırlayır və təlimlərin təşkilində iştirak edir; - etik davranış qaydalarının pozulmasının qarşısının alınması istiqamətində profilaktik tədbirlər görür, etik davranış qaydalarının pozulması faktları üzrə dövlət orqanının rəhbərinə məlumat verir; - dövlət qulluqçularının etik davranış qaydaları ilə bağlı normativ hüquqi bazanın təkmilləşdirilməsinə dair təkliflər verir. Etik davranış qaydalarının pozulmasına görə məsuliyyət halları artır. Belə ki, layihəyə əsasən, bu Qanunun müddəalarının dövlət qulluqçusu tərəfindən pozulmasının etik davranış üzrə müvəkkil tərəfindən müəyyən edilməsi ilə intizam icraatına başlanıla biləcək.

Deputat Sabir Rüstəmxanlı ümumiyyətlə, cəmiyyətimizdə etik davranış kodeksi ilə bağlı çatışmazlığın olduğunu bildirdi. Qeyd etdi ki, məmurlardan sorğulara verilən cavablarda bu qaydaların tez-tez pozulması halları müşahidə olunur. S.Rüstəmxanlı dedi ki, göndərilən məktubların kimə göndərildiyinin fərqinə varmırlar, elementar müraciət qaydasına əməl olunmur.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR