Onlayn ictimai-siyasi qəzet
Dollara tələbat getdikcə artır. Bir çox vətəndaş əllərində olan milli valyutanı ABŞ əsginasına çevirir. Əksər banklarda bu tendensiya uzun müddətdir ki, davam etməkdədir.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan hüquqşünas Əkrəm Həsənov bildirib ki, yaxın gələcəkdə ölkəmizdə devalvasiyanın baş verməsi ehtimalı olduqca aşağıdır:
"Devalvasiya təhlükəsi ən az yaxın 6 ayda gözlənilmir. Amma orta və xüsusən uzun müddətli perspektivdə yəqin ki, olacaq.
Əslində, yaxın 1 ilin proqnozunu vermək çətindir. Çünki milli valyutanın məzənnəsi inzibati yolla müəyyən olunur. Hətta neftin qiyməti düşərsə və bazar konyukturası dəyişsə belə, bu qayda sabit qalır. Neft Fondunun vəsait ehtiyatı hesabına Mərkəzi Bank xeyli müddət məzənnəni sabit saxlaya bilər. Maksimum yaxın 1 ildə devalvasiya riski olmasa da, sonrakı müddətdə mütləq olacaq. Çünki Azərbaycanın valyuta ehtiyatları belə qalmayacaq.
Nəzərə alınmalıdır ki, neft hasilatımız azalır. Yəni valyuta gəlirlərimiz də azalacaq. Xərclərimiz isə artır".
Ekspert vətəndaşlara intensiv dollar alışını məsləhət görmədiyini qeyd edib:
"Vətəndaşların əllərindəki pulu sürətlə dollara çevirməsinə gəlincə, bu, böyük məbləğlər deyil. Mən tövsiyə etmirəm ki, əllərindəki son pulu gedib dollara çevirsinlər. Çünki sabah onlara xərcləri üçün yenə də milli valyuta lazımdır. Belə olan zaman dolları yenidən manata çevirməli olur və bundan komisyon haqqı tutulur. Ancaq təbii ki, ehtiyatda xarici valyuta saxlamaq olar. Yəni hazırda dolları saxlamaq daha düzgündür. Əslində, Azərbaycanda bir çox bank vətəndaşlara dollar alışı zamanı bəzi süni əngəllər yaradır".
04 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ