Onlayn ictimai-siyasi qəzet
“İstanbulda gerçəkləşəcək Rusiya və Ukrayna nümayəndələrinin görüşü beynəlxalq gündəmdə ciddi maraq doğurur. Bəziləri bu dialoqu sülhə doğru bir addım, digərləri isə sadəcə görüntü yaratmaq cəhdi kimi dəyərləndirir. Amma danışıqların fonuna, təşkilatçı aktorların niyyətinə və regionun reallıqlarına diqqətlə baxdıqda, bu təmasın nə qədər çoxşaxəli geosiyasi anlamlar daşıdığı ortaya çıxır”.
Musavat.com xəbər verir ki, bu fikirləri türkiyəli politoloq, Ankara Universitetinin professoru Toğrul İsmayıl bildirib.
Professor 2022-ci ildən bu yana davam edən və Avropanın təhlükəsizlik arxitekturasını kökündən dəyişən Rusiya-Ukrayna müharibəsində hər iki tərəfin atdığı diplomatik addımların məhdud olduğu qənaətindədir:
“Bu baxımdan, İstanbul görüşü hər nə qədər nəticəsiz qalmaq riski daşısa da, “təmas qurmamaqdan yaxşıdır” prinsipini reallaşdırır.
Diplomatiyada hər bir təmas, xüsusən silahlar danışdığı bir mühitdə potensial dönüş nöqtəsi ola bilər. Əgər tərəflər bu görüşdə humanitar məsələlərdə, əsir mübadiləsində və ya müəyyən texniki razılaşmalarda irəliləyişə nail olsalar, bu, gələcəkdə atılacaq daha ciddi addımların bünövrəsini təşkil edə bilər. Qısası, bu danışıqlar “sülh masası” deyil, amma o masaya gedən yolun təməl daşları ola bilər”.
T.İsmayıl hesab edir ki, İstanbulun görüş üçün seçilməsi təsadüfi deyil:
“Bu şəhər təkcə coğrafi baxımdan deyil, həm də siyasi simvolizmi ilə diqqət çəkir. Türkiyə bu görüşlə bir daha nümayiş etdirir ki, həm Qərb, həm də Rusiya ilə işləmək bacarığını qoruyan nadir aktorlardan biridir. Bu, Ankaranın “tərəfsiz vasitəçi” olmaq iddiasını möhkəmləndirməklə yanaşı, Türkiyənin Qara dəniz regionunda sabitlik təminatçısı kimi çıxış etməsinə zəmin yaradır. İstanbul burada sadəcə məkan deyil, geosiyasi mesajdır - “Türkiyə olmadan bölgədə sabitlik çətin olar”.
Reallıq odur ki, Ukraynanın arxasında duran əsas güc mərkəzləri - ABŞ, Aİ və NATO bu prosesdən kənarda qalarsa, hər hansı diplomatik həllin davamlılığı sual altına düşə bilər. Lakin bu o demək deyil ki, Qərb olmadan heç nə baş verə bilməz.
Bəzən daha az aktorla aparılan lokal və texniki danışıqlar gərginliyin azaldılması üçün daha çevik olur. İstanbul platforması məhz bu baxımdan etimad qurucu bir mexanizm ola bilər. Qərbin iştirakı olmadan əldə olunacaq razılaşmalar gələcəkdə daha geniş formatlı danışıqlara keçmək üçün körpü rolunu oynaya bilər.
Ankaranın bu prosesdə fəallığı təkcə Türkiyə üçün deyil, onun yaxın geosiyasi müttəfiqləri, xüsusilə Azərbaycan üçün strateji dividend yaradır. Əgər Türkiyə vasitəçilik prosesində beynəlxalq etibar qazanırsa, bu, Ankara-Bakı tandeminin bölgədəki çəkisini artırır”.
Professorun fikrincə, Türkiyənin diplomatik manevr bacarığı Azərbaycan-Ermənistan danışıqlarında da yeni dinamika formalaşdırır:
“Ankara diplomatiyada nə qədər çevik və uğurlu olarsa, bu, Cənubi Qafqazda sabitliyin təmininə yönəlmiş təşəbbüslərin legitimliyini bir o qədər artırır. Digər tərəfdən, Türkiyənin artan beynəlxalq nüfuzu Orta Dəhliz və Zəngəzur layihələri kimi regional təşəbbüslərin reallaşmasında da həlledici rol oynaya bilər. Beləliklə, İstanbul görüşü təkcə Rusiya və Ukraynanın masası deyil, Bakı üçün də dolayı şəkildə strateji önəm daşıyan bir hadisədir. Əgər siyasi iradə və beynəlxalq dəstək yetərlidirsə, İstanbulda baş tutan bu təmas sülh prosesinin başlanğıcı ola bilər. Amma unutmamalıyıq ki, sülh sadəcə bir razılaşma deyil, uzunmüddətli və mərhələli bir prosesdir və bu prosesdə diplomatik kanalların açıq qalması bəzən silahların susmasından daha vacibdir”.
Nigar HƏSƏNLİ,
Musavat.com
23 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ