İnsanlara hürriyət, millətlərə istiqlal!

“Diplomatik xidmət haqqında” Qanunda dəyişikliklər - diplomatların ailə üzlərinə güzəştlər

Milli Məclisin iclasında “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının qanununa dəyişiklik müzakirə edildi. Dəyişikliyə əsasən, azərbaycanlı diplomatların ailə üzvlərinə işləməsə belə dövlət tərəfindən əməkhaqqının verilməsi, övladlarının orta və ali təhsil alan zaman təhsil haqqının ödənilməsi nəzərdə tutulur.

Layihə haqda məlumat verən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev dedi ki, qanuna edilən təklifə əsasən, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə və ya konsulluğuna işə təyin olunan, habelə diplomatik nümayəndəliyində və ya konsulluğunda fəaliyyətini başa çatdırıb ölkəyə qayıdan diplomatik xidmət əməkdaşının və onunla birlikdə yaşayan ailə üzvlərinin (ər, arvad, 18 yaşına qədər uşaqlar və 18 yaşdan yuxarı əmək qabiliyyəti olmayan uşaqlar) müvafiq nəqliyyat xərcləri dövlət hesabına ödənilir: “Qanun layihəsinin 21.3-1 maddəsinə əsasən diplomatik nümayəndəliyinə və ya konsulluğuna işə təyin olunan diplomatik xidmət əməkdaşlarına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə birdəfəlik yerləşmə müavinəti ödənilir. 21.6 maddəsinə nəzərdə tutulan dəyişikliyə əsasən, diplomatik xidmət əməkdaşının ümumtəhsil məktəbində oxuyan ailə üzvlərinin təhsil haqqı dövlət tərəfindən ödənilir”.

Diplomatik xidmət əməkdaşına onunla birlikdə yaşayan orta ixtisas və ali təhsilin bakalavr səviyyəsi üzrə əyani təhsil alan 23 yaşına qədər övladlarına görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə təhsil müavinəti ödənilir. Bundan əlavə, diplomatik xidmət əməkdaşına qəbul edən dövlətdə onunla birlikdə yaşayan, həmin dövlətdə və ya üçüncü dövlətdə əmək fəaliyyəti ilə məşğul olmayan ailə üzvlərinə (ər, arvad, 18 yaşına qədər uşaqlar və 18 yaşdan yuxarı əmək qabiliyyəti olmayan uşaqlar) görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə aylıq müavinət ödənilir. Hərbi və ya mülki münaqişələr və yaxud təbii fəlakətlər və digər fövqəladə hallar baş verdikdə, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin və ya konsulluqlarının və onların heyətinin təhlükəsizliyi üçün qorxu yarandıqda, müvafiq icra hakimiyyəti orqanları diplomatik xidmət əməkdaşlarının və onlarla birlikdə yaşayan ailə üzvlərinin (ər, arvad, 18 yaşına qədər uşaqlar və 18 yaşdan yuxarı əmək qabiliyyəti olmayan uşaqlar) təhlükəsizliyinin təmin olunması və qorunması üçün zəruri tədbirlər görür.

Komitə sədri əlavə etdi ki, müharibə və silahlı münaqişə şəraitində olan xarici dövlətlərdə fəaliyyət göstərən diplomatlara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə kompensasiya ödənilir. Qanunun 23-cü maddəsinə nəzərdə tutulan dəyişiklikdə diplomatik nümayəndəliklərdə və ya konsulluğunda işləyən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin yerləşdiyi dövlətin və onun müvafiq şəhərinin sosial-iqtisadi və maddi-məişət şəraitinə uyğun olaraq məvacib verilməsi nəzərdə tutulur.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR