Onlayn ictimai-siyasi qəzet
Mərkəzi Bankın keçmiş sədrini ölüm cəzasına məhkum etmişlər. Rüşvətxorluq, qanunsuz kreditlər vermək kimi maddələrlə suçlanırdı. 121 milyondan çox yeyinti etmişdir.
Cəzaya sədrin əmlakının müsadirəsi də daxildir. Lakin sədri dərhal divara dirəməyəcəklər - ölüm cəzası üçün 2 illik sınaq müddəti qoyulubdur. Əgər sədr bu müddətdə nəsə təzə cinayət eləməsə, qələt qarışdırmasa, ölüm cəzası ömürlük həbslə də əvəz oluna bilər.
Əşşi, sakit olun, ürəyiniz yerinə gəlsin. Əhvalat Çində baş verir. Doğrudur, sayın sədrin adı təxminən Elman kimi bir şeydir - Lyu Lyanqe. Yeyinti də manat deyil, yuanla hesablanmışdır. Açığı, həvəs yoxdur, heç məna da görmürəm, yoxsa 121 milyon yuanın manatla nə qədər elədiyini, bu vəsaitlə neçə şadlıq sarayı, neçə dükan açmaq olardı - hesablayardıq. Bizim işimiz budur axı, onun-bunun pulunu sayırıq. Camaatı yaşamağa qoymuruq.
Hətta ola bilər 121 milyon yuanı manata çevirəndə hərbçilərimizin tək MN tədris mərkəzində basmarladığı 143 milyon manatdan az çıxar. O zaman bir az biabır da olarıq. Səviyyəni salmaq nəyə gərəkdir?
Məsələn, şanlı deputatlarımız inkişafdan çox danışırlar, deyirlər Azərbaycanda kasıb adam yoxdur. Pulsuzluqdan şikayətlənənlər də artistlik edirmiş. Bizdə artistlər həmişə ağlaşma qurub axı. Biri deyir təqaüd verin, o biri fəxri ad istəyir, üçüncüsü hədiyyə aldığı evə müftə unitaz tələb edir... Barı əvəzində oynayalar! Çoxu heç artistlik də eləmir. Teatr yoxdur, ancaq xalq artistimizin sayı adambaşına 100 dənə olar. Həndəsi silsilə ilə artırlar. Mitoz bölünmə üsulu ilə çoxalırlar. Mən bir dəfə Azdramada tamaşaya baxırdım, səhnədə xalq artisti ortadan bölündü, iki xalq artisti oldu.
Hətta bəzən görürsən saytda xəbər çıxdı ki, filan xalq artistimiz ömrünü xalqa bağışladı, cənnətə vasil oldu, lakin süni intellekti də işə salırsan, adamın haqqında heç zad öyrənə bilmirsən. Xalq artistidir, lakin xalq onu tanımır! Elə bil dükanda maşın yağının üstünə “92 faiz kərədir, sən öl” yazıb satırlar.
Qayıdaq pul söhbətinə. Doğrudan da mən deputatlarımızın müdrik fikirlərinə qoşulmaq tərəfdarıyam. Pul var. Elə bu yaxında bir nəfər manıs bildirmişdi ki, xınayaxdı mərasiminə gedir, orada xərclənən vəsait bəzən 80 min manata çıxır.
Buyur. Xınası 80 minə başa gələn cütləşmənin toyu gör neçəyə olacaqdır. Sən isə qıraqdan baxırsan, deyirsən burada nə var, adi rəngdir, kraskadır, ovuclarına, ora-buralarına yaxırlar. Yəni dekorasiyası, bəzəyi 80 min vəsait tutan “tikili” neçəyə olmalıdır? Şanlı hökumətimizin dekorasiya, bəzək işlərinə, “Potyomkin kəndlərinə” xərclədiyi neft pulları bir xınayaxdıdan az ola bilərmi? Bilməz. Hər hökumət yorğanını xalqına görə uzadır. Biz burnumuzu düzəldirik, onlar da binanı qaşıyır. Biz sifətimizi dartırıq, onlar da hüquqları dartır. Dart ki dartasan. Əsas qırışların yox olması deyildirmi? Düzünü de, sənə nə lazımdır?
Əlbəttə, hər şeyi ağ-qara rəngdə görmək olmaz, boz rəng də var. Ağla qaranı qarışdırırsan, alınır. Biz gərək destruktiv fikirləri yaymayaq, sayın Sahibə xanım demişkən.
Örnək üçün, bugünlərdə çox işıqlı bir xəbər oxudum: deputat əmisi qızını işdən çıxartmışdır!
Fantastikadır. Gör nə qədər xalq adamıdır! İstəmir adımız qahımbazlıq kimi mənfi işlərdə hallansın. Mən şəxsən o deputata səs vermək istəyirəm!
Düzdür, əmisi qızının yerinə öz arvadını işə qəbul etmişdir, lakin bunun ziyanı yoxdur. Əmi qızı dövlətçilik üçün daha təhlükəlidir. Bu barədə mahnı da var: “Məhləmizdə bir quyu var, əmiqızı, İçində sərin suyu var, əmiqızı”. Xalq artistləri oxuyurlar. Nırç, nırç... Demir e, camaat gedər o quyuya düşər, FHN gəlincə batar...
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ