İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat: “Qarabağda zorakılığa məruz qalan ermənilərin hüquqlarının müdafiəsi..."

Milli Məclisin iclasında çıxış edən deputat Azay Quliyev əvvəlcə Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevi 24 dekabr doğum günü münasibətilə ürəkdən təbrik etdiyini, cənab Prezidentə möhkəm cansağlığı, bütöv və güclü dövlətə çevirdiyi Azərbaycanın qarşısında duran bütün taleyüklü məsələlərin həllində uğurlar arzuladığını bildirdi.

Daha sonra A.Quliyev dedi ki, bu gün, dekabrın 23-də Moskvada Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilməli və görüşdə sülh müqaviləsinin mətni müzakirə olunmalı idi: “Lakin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan sülh danışıqlarını pozaraq görüşdən imtina edib, səbəb kimi Laçın yolundakı gərginliyin davam etməsini və bu məsələnin həllinin daha prioritet olduğunu bildirib. Görünür, Ermənistan BMT Təhlükəsizlik Şurasında Laçın yolu ilə bağlı təşkil etdiyi müzakirələrdə istədiyi nəticəni ala bilməməsindən narahatdır və Moskva görüşündən imtina etməklə Azərbaycana qarşı təzyiqi gücləndirməyi düşünür.

Fransa da eyni motivlə görüşün baş tutmasında maraqlı deyil və bu barədə Ermənistana təlimat verməsi şübhə doğurmur. Çünki, diplomatiya işləsə, Qarabağ ermənilərinin humanitar fəlakətlə üz-üzə qalması barədə erməni və fransız bacılarının yaydıqları uydurmalar daha tez ifşa oluna və necə ki, ifşa olunur və beynəlxalq ictimaiyyətin məsələyə mövqeyi daha adekvat və daha ədalətli ola bilər”.

Deputat qeyd etdi ki, Şuşa- Laçın yolunda Azərbaycan QHT-lərinin və könüllülərinin təşkil etdiyi etiraz aksiyası artıq müsbət nəticələrini verməkdədir: “Belə ki, son günlər Qarabağ erməniləri həqiqəti yavaş-yavaş anlamağa, kriminal iş adamı Ruben Vardanyanın nə üçün ora getdiyini başa düşməyə başlayıblar. Vardanyanın yalançı vədlərinə və təxribatçı fəaliyyətinə müqavimət və etirazlar çoxalmaqdadır. Bu isə Vardanyan planının iflasa uğramasından xəbər verir. Sağlam düşünməyi bacaran ermənilər gözəl bilirlər ki, Qarabağda Azərbaycanın qəti şəkildə rədd etdiyi bir avanturistin varlığı onlar üçün yaxşı heç nə vəd etmir”.

A.Quliyev çox vacib bir məsələyə diqqət çəkdi və təklif verdi: “Təsadüfi deyil ki, Qarabağ ermənilərindən dəstək ala bilməyən və Laçın yolu vasitəsilə Ermənistanda olan revanşistləri Xankəndinə gətirə bilməyən Vardanyan dekabrın 17-sinə təyin etdiyi mitinqi üzüsulu təxirə salmalı oldu. Ancaq son günlər mediada yayılan məlumatlardan bəlli olur ki, bu cür düşünən ermənilərə qarşı fiziki güc tətbiq olunur və onlar döyülür. Ona görə yaxşı olardı ki, Laçın yolunda dinc aksiya keçirən ictimai fəallar və hüquq müdafiəçiləri, o cümlədən Azərbaycanın Ombudsmanı Qarabağda şiddətə və zorakılığa məruz qalan ermənilərin hüquqlarının müdafiəsi ilə bağlı müvafiq addımlar atsınlar və beynəlxalq təşkilatları bu haqda məlumatlandırsınlar”.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR