Onlayn ictimai-siyasi qəzet
Deputat Elşən Musayev Milli Məclisin iclasındakı çıxışında öncə gündəmin əsas mövzusu - üzləşdiyimiz faciə haqda danışdı.
Bildirdi ki, məlum xəbər hər birimizi dərindən sarsıtdı: “Tanrı bu qəzada həyatını itirən bütün bacı və qardaşlarımıza rəhmət eləsin. Yaralılar tezliklə şəfasına qovuşsun və belə ölümlər, belə faciələr bir də olmasın. Hazırda cinayət işi başlanılıb, müxtəlif versiyalar yoxlanılır və heç şübhəsiz ki, sonucda ictimaiyyət də bütün təfərrüatlardan məlumatlı olacaq”.
E.Musayev qeyd etdi ki, hadisədən dərhal sonra ölkədə fəaliyyət göstərən siyasi partiyalar qəza ilə bağlı bəyanat yaydılar və Azərbaycan xalqına başsağlığı verdilər: “Fəqət, yenə də iki partiya ortalıqda yox idi. Üstəlik, yoxluqları qalsın bir yana, əllərindən gələn sürəcdə mövzunu kontekstdən çıxarmağa, faciə üzərindən belə iqtidarı ittiham etməyə, baş vermiş bədbəxt hadisəni siyasi spekulyasiya predmetinə çevirməyə çalışdılar. Və desəm ki, təəcübləndim, doğru olmaz. Çünki təəccüblənmədim. Çünki bu adamlardan hər şey gözləmək mümkündür. Çünki AXCP və Müsavat özlərini bizdən hesab etmirlər. Çünki Vətən Müharibəsində dövlətin və xalqın yanında ola bilməyənlər, Şuşanın, Xankəndinin geri qayıtmasına sevinməyənlər, erməniyə erməninin özündən betər azarkeşlik edənlər milli faciəmizə münasibətdə də başqa cür davranası deyildilər.
Qarşıdan yeni illə bərabər həm də həmrəylik günü gəlir. Və şəxsən mənim anlamımda bu gün bizə lazım olan ən böyük həmrəylik – ələlxüsus da Qarabağ uğurundan sonra üzərimizi saran və inkişafımızı heç cür həzm edə bilməyən qara qüvvələrə qarşı nümayiş etdirəcəyimiz həmrəylikdir”. Deputat daha sonra bunları söylədi: “Azərbaycanın simvoluna və xilaskarına çevrilən İlham Əliyevin ətrafında hər zamankı kimi, hətta hər zamankından da artıq göstərməli olduğumuz həmrəylikdir. Daxildəki xainlərin, xarici piştaxtalarda milli maraqları 5 qəpiyə satmağa hazır olan namərdlərin, satqınların ifşasını tezləşdirəcək həmrəylikdir. Bizi xoşbəxt günümüzdə də, kədərli günümüzdə də bütövləşdirəcək həmrəylikdir”.
E.Paşasoy,
Musavat.com
01 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ