İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat: “Bizim həmin ərazilərə daxil olmağımızın tam vaxtıdır”

Milli Məclisin iclasında çıxış edən deputat Ceyhun Məmmədov Xankəndi yolunda keçirilən dinc etiraz aksiyasından bəhs etdi.

Deputat təklif etdi ki, Qarabağın dağlıq hissəsində hazırda ermənilərin yaşadığı ərazilərə Rusiya sülhməramlıları ilə yanaşı, həm də Azərbaycanın dövlət orqanları da nəzarət etməlidir: “Rusiyalı sülhməramlıların müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində təbii sərvətlərimiz separatçılar və ayrı-ayrı qurumlar tərəfindən qeyri-qanuni olaraq istismar olunur. Azərbaycanın bununla bağlı dəfələrlə məsələ qaldırmasına baxmayaraq, nəinki bu məsələ həllini tapmadı, hətta sülhməramlılar oradakı separatçıların qalıqları ilə bizə qarşı təxribat həyata keçirməyə çalışdılar. Beləliklə, Andrey Volkov, separatçı Vitali Balasanyan və Ruben Vardanyan üçlüyünün məkrli niyyəti sayəsində azərbaycanlı mütəxəssislərin yerlərdə mineral yataqlarla bağlı monitorinq aparmasının qarşısı alındı. Hətta onlar Xankəndidə yaşayan erməniləri gətirərək, bu prosesə qarşı aksiya da təşkil etdilər. Laçın-Xankəndi yolunda keçirilən aksiyaya gəldikdə, bu, azərbaycanlı ekofəalların, vətəndaş cəmiyyəti nümayəndələrinin dinc tədbiridir. Bunu ermənilər, digərləri başqa yönə istiqamətləndirməyə çalışsa da, aksiyanın məqsədi bəllidir”.

C.Məmmədov qeyd etdi ki, Azərbaycanın dövlət qurumlarına, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə öz ərazilərimizdə qeyri-qanuni istismar olunan mədənlərə baxışın keçirilməsinə şərait yaradılmalıdır: “Artıq Azərbaycanın bütün dünya tərəfindən tanınan ərazisinə tam nəzarət etməyinin vaxtı çatıb. Biz Vətən müharibəsində qələbədən sonra iki il gözlədik ki, bu istiqamətdə real addımlar atılsın, amma heç bir addım atılmadı. Oralar beynəlxalq hüquqa əsasən Azərbaycan əraziləridir. Azərbaycanın bu ərazilərə tam nəzarət etməyə, ora Azərbaycanın dövlət qurumlarının daxil olmağına tam səlahiyyəti var. O baxımdan hesab edirəm ki, bizim həmin ərazilərə daxil olmağımızın tam vaxtıdır və Azərbaycan bunu ən qısa zamanda edəcək. Ermənilər bilsinlər ki, hansısa təxribatla bunun qarşısını ala bilməzlər. Bundan sonra da Azərbaycana məxsus təbii sərvətlərin ermənilər tərəfindən qanunsuz istismarına qətiyyən yol verilməyəcək”.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR