İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat Birinci vitse-prezident barədə danışdı: “Neyləyim, ürəyimdən keçənləri deməyim?”  

Deputat Razi Nurullayev Milli Məclisin iclasındakı çıxışını Birinci vitse-prezidentə həsr etdi.

Musavat.com xəbər verir ki,  deputat bunları söylədi: “Bu çıxışımı əziz və hörmətli Mehriban xanıma həsr etmək istəyirəm. Baxışım budur ki, nələr olur-olsun, kim nələr düşünür, nələr deyir desin, amma yaxşılıqlar deyilməlidir və gərək heç kim ürəyindən keçənləri deməyə qorxmasın.

Mehriban xanımın mərhəməti, əliaçıqlığı, böyük ürəyi, sadə insanlara olan sevgisi haqqında danışanda bəziləri deyir ki, mənim imkanım, səlahiyyətim olsaydı mərhəmətli olardım, mən də paylaşardım. Bu mövqeni qətiyyətlə yaxın buraxmıram. On minlərlə imkanlı var, səlahiyyətli var, astronomik qazanclı insanlar var, amma paylaşmağı bacarmır. Paylaşmaq üçün ürək lazımdır, çox böyük ürək. O ürək Mehriban xanımda var. O zərif xanımda dağ boyda ürək var. Biz, xalq, hər kəs, bütün Azərbaycan buna hər gün şahidlik edir”.

 R.Nurullayev daha sonra hədəfə alınacağından danışdı:

 “İndi məni söyəcəklər ki, sən müxalifət ola-ola niyə Mehriban xanımın mərhəmətindən danışırsan? Neyləyim, ürəyimdən keçənləri deməyim? Hisslərimi, baxışlarımı, arzularımı dilə gətirməyim? Ürəkdə bir, üzdə ayrı danışım? İkiüzlülükmü edim? Əgər siyasət ikiüzlülkdürsə, yalan danışmaqdırsa, hər gözəl halı inkar etməkdirsə, min dona girməkdirsə, belə siyasəti qəbul etmirəm. Mehriban xanım hər şeydən əvvəl Azərbaycan xanımıdır. Bəzən biz düşüncələrimizi içimizdə gizlədirik ki, “ətraf nə deyər?” Nə deyir-desin, mən düşüncələrimi içimdə boğmaqdansa, deməliyəm. Mehriban xanım bir dəyərdir, bir ikonadır. Bu gün sevinmək lazımdır ki, Azərbaycan xanımları Mehriban xanıma bənzəmək istəyir. Əvvəllər istəyirdilər ki, Hollivud ulduzlarına bənzəsinlər, dünyanın ən məşhur ikonaları kimi geyinib hərəkət etsinlər. İndi isə Mehriban xanım xeyirxah əməlləri, stili və dünya görüşləri ilə özü bir dünya ikonasına çevrilib. Nəinki Azərbaycan xanımları, həm də dünyada ona oxşamaq istəyənlər var. Çox şadam ki, bu sözləri dilə gətirə bildim. Kim nə düşünür-düşünsün, fikir ayrılığı, siyasət fərqliliyi, ideoloji ayrılıqlar da ola bilər. Amma, heç nə insanı dürüst olmaqdan və həqiqətləri söyləməkdən çəkindirməməlidir”.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR