Onlayn ictimai-siyasi qəzet
Prezident İlham Əliyev Ağdərədə sakinlərlə görüşdə bu fikirləri səsləndirib: “Bu gün dünyada gedən toqquşmalara, münaqişələrə, müharibələrə nəzər salsaq, son tarixin müharibələrinə nəzər salsaq, hətta deyə bilərəm ki, İkinci Dünya müharibəsindən sonra Azərbaycan qədər birmənalı və tam qələbə heç kim tərəfindən qazanılmayıb. Ya yarımçıq qalıb, ya natamam qalıb, ya da ki, hər hansı bir başqa formada müharibə öz mahiyyətini dəyişməyərək modifikasiya olunub, başqa formalara keçib. Bizim Qələbəmiz isə tamdır və bu, həm dövlətimizin, Silahlı Qüvvələrimizin gücünü, həm də xalqımızın iradəsini göstərir”.
Milli Məclisin deputatı Elman Nəsirov Musavat.com-a şərhində bildirib ki, Prezident İlham Əliyev Ağdərə rayonuna səfəri zamanı bir sıra strateji əhəmiyyətli tezislərlə çıxış edib.
Deputat diqqətə çatdırıb ki, Prezident xüsusilə vurğuladı ki, bizim qazandığımız tarixi zəfərlə ərazi bütövlüyümüzün tam və qəti təmin edilməsi, suverenliyimizin bərpa olunması mahiyyəti etibarilə tarixi hadisədir:
“Cənab Prezident müqayisə apararaq bildirdi ki, II Dünya müharibəsindən sonra heç bir dövlətə öz ərazi bütövlüyünü və suverenliyini bu şəkildə təmin etmək nəsib olmayıb. Hərbi toqquşmalar, müharibələr bir sıra hallarda natamam xarakter daşıyıb. Bir sıra dövlətlər öz ərazi bütövlüyünü tam şəkildə bərpa edə bilməyib. Müharibələr formasını dəyişib. Azərbaycan isə bu baxımdan öz gücü, hərbi potensialı hesabına ərazi bütövlüyünü təmin edə bilən yeganə nümunəvi dövlətdir”.
E.Nəsirov vurğulayıb ki, Azərbaycanın tarixi qələbəsinin başqa tarixi mənası da var: “Bu gün dünyada elə xalqlar var ki, hələ də ərazi bütövlüyü və suverenliyi pozulur, müstəmləkə altında yaşayır, yeni müstəmləkəçilik siyasətinin qurbanına çevrilib. Azərbaycan tarixi zəfəri ilə azadlıq, ərazi bütövlüyü, suverenlik uğrunda dayanmadan, yorulmadan, məqsədyönlü şəkildə hazırlaşanda, bütün resursları bu istiqamətə yönəldəndə nəhəng uğurlar əldə etməyin mümkünlüyünü sübut edən nümunə yaratdı”.
Nigar HƏSƏNLİ,
Musavat.com
19 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ