Onlayn ictimai-siyasi qəzet
Milli Elmlər Akademiyasında türkiyəli alim-jurnalist Aysel Sadak İltaşın “Heydər Əliyev. İnsan ürəyi ilə Heydər Baba” kitabının təqdimat mərasimi baş tutub.
Musavat.com-un xəbərinə görə, tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, Azərbaycanın çox əsrlik tarixində Heydər Əliyevin çox önəmli yeri var.
Onun sözlərinə görə, tanınmış qırğız yazıçı Çingiz Aytmatov Ümummilli Lider Heydər Əliyevi tarixi və hətta əfsanəvi şəxsiyyət adlandırıb.
Akademik bildirib ki, “Bir millət, iki dövlət” ifadəsi Heydər Əliyevin dahiyanə bir kəşfidir. Bu, qardaş Türkiyə ilə əlaqələrin gerçək təməlidir. O qeyd edib ki, Aysel Sadak İltaş kitabın hazırlanması üçün 51 şəxslə görüşüb və onlarla müsahibələr edib.
Daha sonra çıxışı Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım davam etdirib.
O bildirib ki, 1995-ci ildə İğdırdan millət vəkili seçilən zaman Heydər Əliyevlə görüşüb. Onlar arasında çox səmimi dialoq baş tutub.
“Aysel xanım tarixə şahidlik edin bir liderin portretini yaradıb. Mən Aysel xanıma və onun həyat yoldaşı Həmid bəyə təşəkkür edirəm. Bu əsəri yazarkən dəfələrlə Azərbaycana gəldi, bizə kimlərlə görüşüb müsahibələr alacağını dedi. Heydər Əliyevlə bağlı kitabdakı xatirələr indiyə qədər toplanan xatirələrin ən gözəlidir. Heydər Əliyev türk dünyası üçün bir ilham qaynağı idi. Bu kitabda təkcə onun liderliyindən deyil, həm də insani xüsusiyyətlərindən bəhs edilir”, - Şamil Ayrım qeyd edib.
Millət vəkili Əhliman Əmiraslanov da çıxışı zamanı Ümummilli Liderlə bağlı xatirələrini bölüşüb:
“Mən Ulu Öndərin 3 rəsmi səfərində nümayəndə heyətinin tərkibində olmuşam. O, Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı ilk dəfə olaraq “Bir millət, iki dövlət” ifadəsini işlədəndə türkiyəli deputatlar ayaq üstə alqışladılar. Heydər Əliyev Türkiyənin təhsil, mədəniyyət və incəsənət xadimlərini Azərbaycana dəvət edirdi. O, çox yaxşı başa düşürdü ki, 90-cı illərdə düşdüyümüz çətin vəziyyətdən çıxmaq üçün qardaş Türkiyənin təcrübəsindən bütün vəziyyətlərdə istifadə etməliyik. Onun Türkiyə Cümhuriyyəti Ali Məktəb Rektorları Şurasının ilk sədri, pediatr İhsan Doğramacı ilə görüşlərini xatırlayıram. Heydər Əliyevin təşəbbüsü ilə o, ölkəmizə tez-tez səfər edirdi. İhsan Doğramacı Azərbaycdan dilini, ədəbiyyatını, incəsənətini çox gözəl bilirdi. Mən rus sözlərini işlədəndə deyirdi, o, rus sözüdür, onu oradan çıxar”.
Xalq şairi Sabir Rüstəmxanlı bildirib ki, bu kitab Türkiyədə Azərbaycana qarşı soyuq münasibət göstərən bəzi şəxslərə verilmiş ən gözəl cavabdır. O, Ulu Öndərlə bağlı maraqlı xatirələrini bölüşüb:
“Bir dəfə Süleyman Dəmirəl Bakıya gəlmişdi. Gülüstan sarayında böyük ziyafət verilirdi. Mən də həmin ziyafətdə öz şeirlərimdən birini oxudum, Süleyman Dəmirəlin çox xoşuna gəldi və dedi, şeirin yazılı versiyasını ona verim. Mən də kiril əlifbası ilə yazdığım formanı ona verdim. Bu məqamda Heydər Əliyev üzünü Süleyman Dəmirələ tutub dedi, “Süleyman, bu bizi latın əlifbasına keçməyə təşviq edir, amma özü kiril əlifbası ilə yazır”. Hamı gülüşdü”.
Daha sonra AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov bildirib ki, həm 7 il BDU-nun rektoru işlədiyi vaxt, həm də 15 il təhsil naziri olduğu dönəmdə Heydər Əliyevlə yaxından təmasda olub:
“Dəfələrlə onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə səfər etmişəm. Heydər Əliyev Azərbayan üçün heç kəsin edə bilməyəcəyi işlər görüb. O, təkcə Azərbaycana sığmırdı, türk dünyasının parlaq şəxsiyyəti idi.
Heydər Əliyev vaxtı ilə məhsəti türklərinin problemlərinin həlli məsələsini qaldırmışdı. Bu barədə Brejnevin də razılığını almışdı. Ancaq təəssüf ki, Eduard Şevardnadze bu məsələyə mane oldu...”
Tədbirdə türkiyəli deputat Cantürk Alagöz də çıxış edib. O, kitabla bağlı xoş sözlərini dilə gətirib.
Ən sonda isə söz Aysel Sadak İltaşa verilib:
“Heydər Əliyevlə görüşümüzü xatırlayıram. Valideynlərimin hansı bölgədən olduqlarını soruşdu. Birinin irəvanlı, digərinin isə gəncəli olduğunu bildirdim. Ulu Öndər dedi, gəl sənə bir yer verim, ata və anana bir ev tikdir. Ona cavabımda bildirdim ki, Azərbaycanla sərhədlərin açılmasına 3 ay qalmış atamı itirdim, hazırda onun vəsiyyətinə uyğun olaraq qəbir daşını düzəltdirirəm. Heydər Əliyev çox duyğulandığımı gördü, dedi, hər kəs sevdiyini itirir. Amma onun istəklərini yerinə yetirirsənsə, deməli, atanı doğrudan da sevmisən. Əsil sevgini belə göstərirlər. Daha sonra harada düzəltdirdiyimi və baş daşını Türkiyəyə necə aparacağımı soruşdu. Bildirdim ki, karqo ilə göndərəcəyəm. Bu zaman köməkçisi Bəylər bəyi çağırdı və ona baxdı.
Bəli, Heydər Əliyev işarətlə onun mənə dəstək olmasını tapşırdı. Əsil lider söyləmədən, bir işarətlə etdirəndir. Bu kitab mənim ona təşəkkürümdür. O, indiki siyasətçilərdən fərqli olaraq tolerant adam idi. İynəli suallarıma heç vaxt qıcıq olmaz, səbrlə cavab verərdi. Onu yaxından tanıdıqdan sonra bu kitabı yazmaq qərarına gəldim. Ürəkdən yazılıb. Heydər Əliyevin insanlığına heyran oldum”.
Şahanə Rəhimli
Musavat.com
04 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ