Onlayn ictimai-siyasi qəzet
Anar Əliyev: “Qərb və İran bu texnologiyadan daha geniş istifadə edir”
Prezident İlham Əliyev bir neçə dəfə qeyd edib ki, Azərbaycanın daxilində risklər yoxdur. Amma bu gün dünyanın müxtəlif nöqtələrində ABŞ və Qərbin yaxından iştirakı ilə elə hadisələr baş verir ki, təkcə biz yox, bütün dünya bunların məntiqini başa düşməkdə çətinlik çəkir. Müstəqil ölkələrdə zorla həyata keçirilən qeyri-konstitusion hakimiyyət dəyişiklikləri və onun ağır nəticələri - ictimai-siyasi sabitliyin pozulması, daxili qarşıdurma və vətəndaş müharibəsinin qızışdırılması, iqtisadiyyatın çökdürülməsi, sosial fəlakətin körüklənməsi və s.
Bu gün bir çox Qərb ölkələrində insanların sərbəst toplaşmaq azadlığına həm qanunvericilik, həm də praktiki baxımdan məhdudiyyətlər tətbiq olunur, mitinq və etirazların qarşısı zorakılıqla alınır. KİV əməkdaşlarına maneələr yaradılması, izlənməsi, müxtəlif texniki vasitələrlə telefon danışıqlarının dinlənilməsi, internetin məhdudlaşdırılması və s. ilə bağlı yüzlərlə fakt mövcuddur. Amma ABŞ, Avropa Şurası və onun strukturları ayrı-ayrı azsaylı hüquqi pozuntuları ümumiləşdirilərək az qala Azərbaycanın “dövlət siyasəti” kimi qələmə vermək metodologiyasından əl çəkmir. Təəssüf ki, bəzi xarici dairələr Azərbaycanda siyasi partiyaları, qeyri-hökumət təşkilatlarını və medianı ələ alır, qeyri-qanuni maliyyələşdirir, onları öz iradəsinə uyğun və milli maraqlarımıza zidd istiqamətə yönəltməyə cəhd göstərirlər.
Bəs daxili siyasətə hansı dairələr müdaxilə edir, ən əsası, onların fəaliyyətinin ölkəyə hansısa təhlükəsi varmı?
Politoloq Anar Əliyev “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan 44 günlük Vətən müharibəsi ilə Cənubi Qafqazda tamamilə fərqli bir konfiqurasiya formalaşdırdıqdan, yeni bir münasbibətlər müstəvisi yaratdıqdan sonra bu regionda maraqları olan ayrı-ayrı güclər bölgəmizə münasibətdə siyasətlərinin mahiyyətində ciddi dəyişikliklər etmək məcburiyyətində qaldılar. Azərbaycanın qətiyyətli mövqeyi, xüsusilə müttəfiqlərimiz Türkiyə, Pakistan, İsraillə, eyni zamanda Rusiya ilə birgə koordinə olunmuş ağıllı düşünülmüş siyasətin nəticəsində Azərbaycan yaratdığı yeni reallıqların möhkəmlənməsinə və kənar qüvvələri bu reallıqlarla hesablaşmağa məcbur vəziyyətə gətirməyə nail ola bildi. Bundan sonra bölgədə öz təsir imkanlarını yenidən artırmağa çalışan və bölgəyə yenidən fərqli dizaynla, fərqli formada daxil olmağa çalışan qüvvələr fərqli metodlardan istifadə etməklə təsir rıçaqları yaratma cəhdlər etdilər: “Biz ayrı-ayrı dövrlərdə ABŞ Senatında, Konqresində, eyni zamanda Dövlət Departamentindəki dinləmələrdə, ayrı-ayrı ABŞ siyasi xadimlərinin bəyanatlarında, Fransa Senatında, Avropa Parlamentində, ayrı-ayrı Avropa paytaxtlarında qərəzli anti-Azərbaycan mövqeyi əks olunan bəyanatları, qərarları müşahidə etdik. Bunlar təbii ki, müstəqil iradə nümayiş etdirən Azərbaycanın iradəsinə təsir etməklə öz maraqlarını reallaşdırmağa çalışma cəhdləri idi. Eyni zamanda biz cənub və şimal qonşularımızdan da prosesləri öz maraqlarına uyğun istiqamətə yönləndirməyə cəhdə xidmət edən təxribat xarakterli çıxışları, davranışları eşidirdik. Amma tədricən hər bir tərəf üçün aydın oldu ki, Azərbaycanla bu dillə, bu ritorika ilə danışmaqla real nəticələr əldə etmək mümkün deyil. Ona görə də bundan sonra yeni metodlardan istifadə etməyə başladılar. Xüsusilə Qərb və İran bu texnologiyadan daha geniş şəkildə istifadə etməyə çalışır. Bu, qələbələrimizin təməl prinsipi olan xalq və hakimiyyət birliyinə zərbələr vurmaqla daxildən parçalanma yaratmaq, bununla da hakimiyyətin əsas güc mənbəyi olan xalqı hakimiyyətdən uzaqlaşdırma cəhdləri idi”.
Nəticə etibarilə Azərbaycan Prezidenti İlham Əliyevin ADA-da keçirilən beynəlxalq tədbirdə səsləndirdiyi kimi, daxildə çox da ciddi təhdidlər mövcud deyil, çünki xalqın mütləq əksəriyyəti hakimiyyətin, xüsusilə müzəffər sərkərdəmiz İlham Əliyevin siyasətini tam olaraq dəstəkləyir. Biz bizi narahat edən məsələləri İlham Əliyevin nə qədər incəliklə, zərgər dəqiqliyi ilə həll etdiyini, Azərbaycanı bu proseslərdən necə uğurla çıxardığını müşahidə etmişik".
A.Əliyev onu da qeyd etdi ki, hər bir xalqın içində şəxsi maraqlara görə milli maraqları ayaqlar altına atan kiçik qrupların olması mümkündür və bizim də daxilimizdə bu cür zümrə var: “Yuxarıda qeyd etdiyim güclər, ölkələr Azərbaycan dövlətinə təzyiq etmək yolu ilə öz maraqlarını təmin edə bilməyəcəyini gördükdən sonra daxildəki həmin marginal maraq qrupları vasitəsilə çirkin istəklərini reallaşdırmağa çalışırlar. Həmin qüvvələrin daxili siyasətə müdaxiləsi məhz ölkədəki çox kiçik, xalq tərəfindən dəstəklənməyən, rəğbət qazanmayan kiçik maraq qrupları vasitəsilə baş verə bilər. Amma bunun da real effektiv nəticələr verməyəcəyini çox yaxşı bilirik. Xalqımız müdrik olduğu kimi, liderinə inamı da sonsuzdur. Eyni zamanda dövlətimizin müvafiq qurumları da çox ayıq-sayıq fəaliyyət göstərir. Antimilli ünsürlərin vaxtında zərərsizləşdirilməsi onların fəaliyyətinin əsasını təşkil edir. Bu mənada ciddi təhlükələrin yarana biləcəyi mümkün deyil”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ