İnsanlara hürriyət, millətlərə istiqlal!

Davosda görüş niyə baş tutmadı?..

Amma siyasi təhlil adamları bir az qəliz tayfadır, onlar bütün məsələlərin kökünə getməyi (lap böyük B.Pasternak demişkən) sevirlər, həm də ona görə ki, belə olan halda proseslərin gələcək inkişafı ilə bağlı nəsə demək olur, əks təqdirdə, nə qədər çalışırsansa çalış, tendensiyanı tuta bilmirsən.

Ona görə də İsveçrədə görüşün baş tutmaması səbəbləri üzərində çox baş sındırandan sonra demək olar ki, əksər müşahidəçilər bu fikrə gəldilər ki, əsas səbəb regiondakı və dünyadakı siyasi palitranın hələ tam aydınlaşmamasıdır: yeni ABŞ prezidentinin hakimiyyətə başlaması ilə çox şeylərin dəyişəcəyi gözlənir, amma onun inaqurasiya mərasimindən cəmi bir neçə gün keçdiyindən hələ bir müddət gözləmək lazımdır ki, görək, ABŞ-Çin, ABŞ-İran və ən əsası da ABŞ-Rusiya münasibətləri hara və necə istiqamət alacaqdır?

Xüsusilə də qeyd etmək lazımdır ki, Cənubi Qafqazda “suların durulması” üçün Vaşinqtonla Moskva arasındakı bir çox məqamlara aydınlıq gəlməlidir.

Tramp seçki dövründə deyirdi ki, Ukrayna müharibəsini bircə günə dayandıracaq! Amma seçki çıxışları, hətta vədləri bir şeydir, real siyasət isə tamam başqa! Hətta onda ciddi təhlilçilər Trampı böyük siyasətdə naşı adam hesab etməsələr də onun bu cür bəyanatlarını ciddiyə almırdılar. İndi hamı səbrsizliklə Trampla Putin arasında ilk təmasların yaranmasını gözləyir. Əlbəttə, hətta bu halda belə ilk təmasların dərhal nəticə verəcəyinə heç kim inanmır, gəl, əsas məsələ prosesi başlamaqdır. O isə bəzi mülahizələrə və hətta proqnozlara görə, fevralın əvvəllərində başlaya bilər.

Amma burada bir ciddi məqam var. Regionda və dünyada hansı geosiyasi fonun bərqərar olması çox vacib məsələdir. Bu baxımdan Cənubi Qafqazın da kimin nəzarətində qalacağı və yaxud da kimin nəzarətinə keçəcəyi heç də maraqsız məsələ deyil.

Amma Cənubi Qafqazdakı münasibətlərə mövcud geosiyasi konyunkturanın predmeti kimi baxmaq istəməzdik: harada hansı böyük gücün üstünlük təşkil etməsindən, onların arasında hansı münasibətlərin yaranmasından asılı olmayaraq region dövlətləri çalışmalıdırlar ki, ilk növbədə öz aralarında anlaşma yarada bilsinlər, çünki əks təqdirdə, onların böyük güclər arasında adi oyuncağa çevrilmək təhlükəsi var, bu isə onların təhlükəsizliyi üçün çətin, yaxşı nəsə vəd edir, əksinə, region dövlətlərinin arasında anlaşmanın olması, regionda sülhün və əməkdaşlığın hökm sürməsi onları həm də geosiyasi çəkişmələrin də fəsadlarından qoruya bilər.

Düşünürük, reallıqdan, real Ermənistandan çox danışan baş nazir Paşinyan bunu heç vaxt unutmamalıdır - əlbəttə, o, ürəyində hansısa bir revanşist planlar qurmursa, həqiqətən də regional sülhə və əməkdaşlığa can atırsa, çünki dünyada hansı geosiyasi konfiqurasiyanın bərqərar olmasından asılı olmayaraq bu regionda Azərbaycan, Türkiyə və eləcə də Ermənistan həmişə mövcud olacaq və əgər onlar mövcud olacaqlarsa, aralarında sülhün və əməkdaşlığın hökm sürməsinə ehtiyac olacaq. Yəni bunu Paşinyan anlamır? Məgər bunun üçün regionda və dünyada kimin - Rusiyanın, yoxsa ABŞ-ın üstələcəyini gözləməyə lüzum var?..

Üstəlik, Nikol anlamırmı ki, siyasətdə zaman mühüm amildir, özü də təkcə o mənada yox ki, heç bir siyasətçinin sərəncamındakı vaxt sonsuz deyil, həm də o mənada ki, gərək, hər şeyi vaxtında, məqamında edəsən, çünki vaxtın da əlverişli-əlverişsiz olduğu vaxtlar olur.

Bir ildən sonra Ermənistanda növbəti seçkilər olacaq. N.Paşinyan özü bu günlərdə bəyan etdi ki, ölkədə növbədənkənar parlament seçkiləri gözlənilmir. Bəs daxili siyasi konfiqurasiyanı saxlamaq necə, mümkün olacaqmı? Axı hamı bu fikirdədir ki, Paşinyanın partiyası “nüfuzsuzların içində ən nüfuzlu” statusundadır!

Bəli, bir il ərzində çox dəyişə bilər, üstəgəl, bəzi hallarda real alternativin olmaması da hansısa siyasi vektora üstünlük qazandırır. Amma Paşinyanın bu xüsusda bu dəfə də bəxti gətirəcəkmi? Doğrusu, bu sualın cavabını heç Ermənistanda da heç kim dəqiq bilmir...

O ki qaldı indiki dünya geosiyasi konyunkturasının dəyişə bilməsinə, bizə elə gəlir ki, Trampın siyasi fokuslarına tamam aludə olmaz olmaz, ən azı ona görə ki, onun sərəncamında cəmi dörd il vaxt var və hətta o, nəsə ciddi bir şey etsə belə dörd ildən sonra başqa birisi gəlib onun da qərarlarının yüzünü bircə saatın içində dəyişə bilər, necə ki, o özü bunu etmişdi və indi də edir.

Belədəsə, biz daim Trampı ABŞ millətçisi hesab etmişik - bəli, millət varsa (hətta o, nisbətən gənc olsa belə!), millətçinin də olması təəccüblü görünməməlidir.

Amma bizə elə gəlir ki, ABŞ millətçisi bütün hallarda rəhmətlik Jirinovskidən və yaxud da Türkmənbaşıdan, hətta fransız le Pendən də   fərqlənməlidir.

Yeri gəlmişkən, millətçilərin ən sevimli məşğuliyyəti xəritə qarşısında vaxt keçirməkdir.

Yadınıza gəlirmi Vladimir Jirinovski nələr deyirdi? Məsələn, təklif edirdi ki, Rusiya Alyaskanı ABŞ-dan alsın! Saparmurad Türkmənbaşı isə xəritəni qabağına qoyub Xəzərdəki bütün neft-qaz yataqlarına yeni adlar verirdi! Burada necə yada salmayasan ki, iranlı mollalar da bir ara Xəzərin adını dəyişib Mazandaran qoymağı təklif edirdilər!..    

İndi Donald Tramp da az qala, bunu edir. Gülməlidir, deyilmi? Yoxsa Amerikanın da öz saparmuradları - türkmənbaşıları olur?..

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR