Onlayn ictimai-siyasi qəzet
Ermənistan parlamentinin vitse-spikeri, Türkiyə ilə danışıqlarda xüsusi nümayəndə Ruben Rubinyan diqqətçəkən açıqlama verib.
Rubinyan deyib ki, Ermənistandakı “Daşnaksütyun” partiyası Nikol Paşinayana qarşı növbəti sui-qəsd cəhdini daha asan həyata keçirmək istədikləri üçün baş nazir və spikerin mühafizəçilərinin olmasından şikayətlənir.
Onun sözlərinə görə, şikayətin yeganə məntiqli izahatı budur. Rubinyan əvvəlki sui-qəsd cəhdlərini xatırladaraq, bunların daşnaklar tərəfindən həyata keçirildiyini bildirib. “Aqvan Vardanyan təsdiqləyər ki, keçmiş daşnak olmur”, - vitse-spiker qeyd edib.
Eyni zamanda o, Robert Köçəryanın mühafizəçilərinin olmasına “Daşnaksütyun”unun narazılıq etməməsinə diqqət yönəldib.
Daşnaklar gerçəkdənmi Paşinyanı fiziki aradan götürmək istəyir və niyə? Baş nazirin mühafizəsi nə dərəcədə effektlidir? ABŞ onu etibarlı şəkildə qoruya bilirmi?
Ədalət Partiyasının sədr müavini, siyasi şərhçi Mütəllim Rəhimli Musavat.com-a bildirib ki, Ermənistanda hazırda mövqeyi bir-birindən kəskin şəkildə fərqlənən iki güc mərkəzi siyasi proseslərdə aparıcı rola malikdir. Bunlardan biri köhnə düşüncə sahibləri - xəyallarla yaşayanlardır ki, onların da başında “Daşnaksütyun” dayanır:
“Digəri isə müasir dünya ilə ayaqlaşmağa çalışan islahatçı qrupdur. Buna isə rəhbərliyi hazırkı baş nazir Paşinyan edir. “Daşnaksütyun”un mübarizə metodları tarixən heç vaxt dəyişməyib. O rəqiblərini həmişə fiziki olaraq məhv etmək yolunu seçib. İndiyədək çoxsaylı terror aktları törədib, lakin buna baxmayaraq hələ də siyasi maskasını saxlamağa müvəffəq olur: “Əslində isə ideoloji görüşləri də siyasi fəaliyyətlə bir araya sığmır. Ona görə də siyasi fəaliyyətləri qadağan edilməklə, törətdiyi qanlı teraktlara görə mühakimə olunmalıdırlar. Ermənistanın bir dövlət kimi işğalçılıq siyasətinin ideoloji yükünü daşıdığına, erməni xalqını reallıqdan uzaq, sərsəm çağırışlarla yükləyərək illərlə ona vurduğu ziyana görə məsuliyyət daşıdığını dərk etməlidir. Əgər Paşinyan hakimiyyətdə davam gətirə bilsə, düşünürəm ki, bütün bunlar daşnaklardan soruşulacaq. Çünki indi Ermənistanın reallıqlarla barışaraq yürütməyə çalışdığı siyasət bunu deməyə imkan verir. Bu baxımdan, Paşinyanın daşnaklar tərəfindən aradan götülməsi fikri reallığa kifayət qədər yaxındır. Ancaq nəzərə almaq lazımdır ki, bu terror təşkilatının bir mərkəzi Avropada, digəri isə Rusiyada yerləşir”.
Siyasi şərhçi hesab edir ki, hazırda qərbyönümlü siyasət aparan Paşinyana münasibət də ikilidir. Əgər Rusiyadakı daşnaklar onun öldürülməsinə hazır olsalar da, Qərbdəki daşnaklara buna icazə verməz:
“Biz İkinci Qarabağ müharibəsi vaxtı, hətta Paşinyanın qatı anti- Rusiya əleyhdarı kimi çıxış etdiyi zamanlar onun mühafizəsinin çox etibarlı təşkil edildiyini gördük. ABŞ və Avropanın bu ölkədəki çoxsaylı agentləri, kəşfiyyatı Paşinyanı qoruya bilirlər. “Daşnaksütyun” da bunu praktik olaraq gördüyündən, indi yeganə çıxış yolu kimi onun mühafizəçilərinin azaldılması kimi ictimai təzyiqdən istifadə etməyə çalışır. Çox güman ki, xalqdan vergilər hesabına yığılan vəsaitin dövlət rəhbərlərinin mühafizəsinə həddən artıq xərcləndiyi fikrini irəli sürərək bir müddət bundan təzyiq aləti kimi istifadə edəcəklər. Lakin onların nəzərdə tutduqları effekti alacaqlarını düşünmək sadəlövhlük olardı”.
Etibar SEYİDAĞA,
Musavat.com
16 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ