Onlayn ictimai-siyasi qəzet
Dünən ölkəmizin məşhur yazıçısı Əkrəm Əylislinin doğum günüydü və bu münasibətlə gənc yazıçılardan bir qrupu 87 yaşı tamam olan ədibi təbrik edir, onunla şəkillərini paylaşır, qələmə aldığı son essesindən bəhs edirdilər.
Bu, birmənalıdır, heç bir mübahisə predmeti ola bilməz ki, Əkrəm Əylisli yaxşı, fitri istedadı olan, sənətinin zirvəsinə öz çalışqanlığı ilə çıxmış yazıçıdır. O, həm də çox gözəl tərcüməçidir, o biri tərcümələrini qırağa qoyaq, təkcə Markesin “Gözlənilən bir qətlin tarixçəsi” romanını dilimizə əla çevirib.
Onun ədəbi jurnal redaktoru kimi işgüzarlığını və nəşriyyat direktoru kimi qabiliyyətini iş yoldaşları, tabeçiliyində olanlar qiymətləndirsələr, daha ədalətli olar. Bir də onun həyatda kimliyinə, insanlığına sənət dostları, səfər yoldaşları, qonşuları daha obyektiv qiymət verə bilərlər.
Biz Əkrəm Əylislinin yaradıcılığını oxucu kimi qiymətləndirməliyik.
Mənə görə, Əkrəm Əylislinin yaradıcılığı iki dövrə bölünür: “Daş yuxular”a qədərkinə və ondan sonrakına.
Birinciyə oxucu və ədəbiyyatsevərlərin heç bir iradı yoxdur. Bu dövrə iradı bildirsə-bildirsə, onun qələmdaşları edə bilər, o da yazıçı qısqanclığından artıq bir şey olmaz.
Ancaq “Daş yuxular”dan sonrakı dövrə iradlar, tənqidlər böyükdür. Lap açığı, o əsəri vətənə xəyanət hesab edənlər də çoxdur.
Dünən Ə.Əylislini təbrik edənlər onu müdafiə xətti seçərkən elə ifadələr işlədir, vaxtilə yazıçını həmin əsərə görə tənqid edənləri elə təhqir edirdilər ki, sanki onlar daha böyük qəbahətə yol veriblər.
“Daş yuxular”ın da, onun müəllifinin də müdafiə olunası yeri yoxdur. O barədə yalnız susmaq olar.
Belə bir roman yazdığına görə Əkrəm Əylislini qınayanları qınamaq heç bir dəftər-kitaba sığmır. Bu, elə bir əsərə, onun ideyasına haqq qazandırmaq anlamına gəlir.
Lap tutaq ki, əslində "daşnak yuxuları"ndan ibarət olan “Daş yuxular”ı Azərbaycanın məşhur yazıçısı Əkrəm Əylisli yox, fransız Rene Pyer (məsələn), erməni Vahe Avetyan, rus İvan Roqozin (məsələn) yazıb, o zaman bizdən kimsə həmin əsərə haqq qazandıracaqdımı? Əsla. Hətta ona cavab yazacaq, həqiqəti təhrif etdiyini qabardacaq, son 100 ildə ermənilər tərəfindən öldürülən azərbaycanlıların daha çox olduğunu vurğulayacaq, müəllifi ermənipərəstlikdə suçlayacaqdıq.
Amma eyni mətni öz yazıçımız edəndə susmalıyıq, çünki o, keçmişdə yaxşı əsərlər yazıb, Azərbaycan ədəbiyyatına xidmət göstərib, istedadlıdır, ahıl adamdır.
Söhbət heç də yazıçının şəxsiyyətindən getmir. “Daş yuxular”ın xəyanət əsəri olmasını da kənara qoyaq. Söhbət olduqca qeyri-obyektiv bir mətndən gedir. Əsər həqiqəti əks etdirmir, azərbaycanlılar Qarabağ uğrunda gedən 120 illik savaşın zərərçəkənləridirlər. Hətta elə bir o romanı Qabriel Qarsia Markes yazsaydı, əmin olun ki, dünyanın ən məşhur yazıçılarından biri bu ölkədəki əzəmətini itirər, şöhrəti bədnam tanınmışlığa çevrilərdi.
Tək bir faktı nəzərə alaq ki, ermənilər Əkrəm bəyin həmin romanını ingilis, alman, fransız, ispan, erməni dillərinə çevirib, dünyanın 50-dən artıq ölkəsində kitab kimi nəşr etdiriblər. Niyə? Onlarda Azərbaycan ədəbiyyatına bu sevgi haradan yaranmışdı? Oradan ki, onlar bu romandan öz məkrli planlarının təbliğatı üçün istifadə edirdilər.
Belə bir versiya da var ki, ədibimiz bu romanı sırf ədəbiyyat üzrə Nobel mükafatı almaq üçün yazıb. Belədir, belə deyil, bu, nasirin özünün etirafına bağlı məsələdir.
Ancaq ermənilərin təşəbbüsü ilə bir çox tanınmış əcnəbi ədiblərin 2014-cü ildə Əkrəm Əylislinin Nobel mükafatına təqdim edilməsi üçün Nobel Komitəsinə müraciət ünvanlamaları faktdır. O adamların arasında aşağıdakı imzalar var: Sergey Abaşin, Andrey Bitov, Kreyq Kalhoun, Georgi Derluqyan, Aleksandr Dobroxotov, Kevan Harris, Ruslan Xestanov, Mixail Mayatski, Vladimir Malaxov, Nikolay Plotnikov, Teodor Şanini, İmmanuel Vallerşteyn və başqaları...
10-12 il öncə bu kitab və ədib ətrafında başlanan tənqid kampaniyasında, söz yox, ifrata varmalar da olub. Məsələn, yazıçının sovet dövründə yazdığı parlaq əsərləri yandırmaq lazım deyildi, onu əzişdirmək, qulağını kəsmək, ölkədən qovmaq təşəbbüsləri də yersiz idi. Bu, qalmaqallı əsərin ictimai-siyasi, eləcə də bədii dəyərinə dair polemikaya kölgə salırdı. Heç bir kampaniya aparılmasaydı, bir neçə tənqidçi “Daş yuxuları”ın daşını-daş üstündə qoymayıb, yerlə bir edəcəkdi, onunla da məsələ bitəcəkdi.
Hazırda isə elə bir əsər yazdığına görə Əkrəm Əylislini qəhrəmanlaşdırmağa gərək yoxdur. Əgər bir erməni yazıçısı Xocalı genosidi barədə əsər yazsaydı, qətliam törədənləri qınasaydı, o zaman bizim yazıçılardan birinin də bəzi müharibə epizodlarına görə özümüzünküləri, sırf humanizm prinsipindən çıxış edərək qınamasının yeri olardı. Yoxsa son 120 ildə ermənilər tərəfindən ən azı 3 qırğına (1905, 1918, 1988-93) məruz qal, axırda öz yazıçın çıxıb səni qatil adlandırsın. Bu, nə dərəcə ədalətlidir?
Ona görə də Azərbaycan iqtidarına qarşı olanların sırf hökuməti anti-Əylisli kampaniyasına start verdiyinə görə tənqid edərkən xalqımızın romanda qaniçən vəhşi kimi təqdim edilməsi aktına imza qoymaları düzgün deyil.
O əsərin yazıldığı və dərc olunduğu vaxt hakimiyyətdə müxalifət liderləri olsaydı, deyəcəkdilər ki, yazıçı düz yazıb, biz onun dediyi kimi olmuşuq, həmişə erməniləri qırmışıq? Deməyəcəkdilər və tənqidi ruhda danışacaqdılar. Təqdir etmək mümkün deyil.
Belə alındığına görə adam yalnız təəssüflənə bilər: Kaş Əkrəm Əylisli elə bir cəfəng əsəri, həqiqət payı çox az olan romanı yazmayaydı. Ermənilər o əsərdən 50, 100 il sonra da xalqımıza qarşı istifadə edəcəklər.
04 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ