Onlayn ictimai-siyasi qəzet
ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevə dünənki zəngi ən əvvəl rəsmi Vaşinqtonun Bakıya münasibətdə öz ədalətsiz siyasətini düzəltmək cəhdi sayıla bilər. Bunu Azərbaycanla təhdid və şantaj dili ilə, sanksiya təhdidi ilə danışmağın mümkünsüzlüyünün Birləşmiş Ştatlar tərəfdən rəsmi etirafı da hesab eləmək olar. Niyə?
Çünki söhbət iki dövlət arasında əlaqələrə, Amerikanın ölkəmizdəki nüfuzuna məhz Birləşmiş Ştatların yanlış siyasəti nəticəsində az öncə vurulmuş çox ciddi zərbədən, o sırada rəsmi şəxslərin qarşılıqlı səfərlərinin ləğvi və ABŞ Senatının məlum qərarından sonra ilk belə yüksək çinli məmurun Bakıya ağız açmasından gedir.
Məhz ağız açması, çünki artıq bəllidir ki, telefon danışığı zamanı Blinken münasibətlərin normallaşdırılması üçün dekabrda dövlət katibinin köməkçisi Ceyms Obrayenin Azərbaycana səfərinə icazə verilməsini xahiş edib. Prezident İlham Əliyev isə həmin təkliflə bir şərtlə razılaşıb ki, bu səfərdən sonra Azərbaycanın yüksək səviyyəli rəsmilərinin ABŞ-a səfərlərinə qoyulan əsassız qadağa aradan qaldırılsın. Blinken bunu qəbul edib.
Beləcə, Vaşinqtonun xətası üzündən edilmiş bir böyük yanlış düzəldilib. Amerika geri addım atıb. Əlbəttə, pozitiv gəlişmədir. Hər iki tərəf üçün. Ona görə ki, Azərbaycan-ABŞ əlaqələrində hər hansı gərginlik və ya soyuqluq əslində nə bizə, nə də amerikanlara lazımdır. Xüsusən də Birləşmiş Ştatlara. Çünki bölgənin açar ölkəsi olan Azərbaycanın başı üzərindən bölgədə işlər çevirmək, iqtisadi, logistik, digər hansısa layihələr həyata keçirmək istisnadır. Bu gerçəyi ABŞ başda olmaqla kollektiv Qərb birdəfəlik anlamalıdır.
Ümid edək ki, davamı gələcək. Yəni digər səhvlər də bir-bir aradan qaldırılacaq, o cümlədən Senatın anti-Azərbaycan qərarını sonucda prezident Co Bayden imzalamayacaq. Həmçinin ABŞ-ın yeni səfəri nəhayət, Bakıya gəlib çıxacaq...
Təbii ki, dünyanın 1 nömrəli supergücü ilə qarşıdurma Azərbaycana gərək deyil. Bakının tək istəyi İrəvanla sülh anlaşmasına Vaşinqtonun səmimi və real olaraq yardım göstərməsidir. Formul, resept bəlli və çoxdan masada: Azərbaycanın irəli sürdüyü və kapitulyant ölkənin üç ildir yayınmağa çalışdığı, həm də Qərbə arxayın olaraq yayınmağa çalışdığı 5 məlum baza prinsipi.
Əgər Blinken Əliyevlə telefon danışığında özünün dediyi kimi, həqiqətən bu “anlaşmanın tezləşməsi”ni istəyirsə və “tərəflər arasında ləyaqətli sülh”də maraqlıdırsa, onda buyursun, ləyaqətli sülh naminə İrəvana təsir eləsin. Sülh oyunbazlığı ilə məşğul olan Nikol Paşinayanın başına ağıl qoysun, onun ipini yığsın. Həm də tarixi fürsəti doğru qiymətləndirib də tələssin. Sabah situasiya dəyişə bilər. Rusiya amilini nəzərdə tuturuq.
Hər halda Vaşinqtonun Ermənistanı yola gətirmək potensialı indi Rusiyadan heç də az deyil. Bəlkə hələ çoxdur (Blinken eyni gündə Paşinayan da zəng edib). Azərbaycanın isə güzəştə gedəcəyi bir şey yox və olmayacaq...
Əsas odur ki, ABŞ üçün “daşları yığmaq” zamanıdır. Başqa yandan, Ermənistanla sülh müqaviləsi imzalandı, ya imzalanmadı, Birləşmiş Ştatlar Azərbaycanla əlaqələrə dəyər, önəm verməlidir, ilk növbədə elə öz maraqları naminə. Axı Azərbaycan Ermənistan kimi baş tutmamış, vassal və dilənçi dövlət deyil, kiminsə maşası da deyil. Güney Qafqazın özü-özünü təmin edən, müstəqil, balanslı və proqnozlaşdırılan xarici siyasət kursuna malik, öz ayaqları üstündə duran ən güclü dövlətidir.
Dağıtmaq, korlamaq həmişə asandır, nəinki qurmaq...
Musavat.com
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ