İnsanlara hürriyət, millətlərə istiqlal!

Daşınmaz əmlakla bağlı yeni qərarlar köhnə problemləri üzə çıxardı

Nüsrət İbrahimov: “Gələn ilin büdcəsində bu xərclər nəzərdə tutulmadığından məsələnin həlli qeyri-mümkündür”

Azərbaycanda daşınmaz əmlakla bağlı son dövrlər aparılan bir sıra dəyişikliklər bəzi sualları ortaya çıxarıb. İlk olaraq onu qeyd edək ki, artıq ölkədə mövcud olan 50 minə qədər sənədsiz qeyri-yaşayış obyektinin sənədləşdirilməsinə başlanılıb.

Bununla bağlı verilən rəsmi açıqlamada da deyilir ki, dövlət başçısının qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərmanına uyğun olaraq bu günə kimi 5600 obyektin istismarı üçün müraciət olunub. 2700 sənəd qəbul edilib və 2600-ə qədər müraciət istismara icazə verilməsi üçün portala yerləşdirilib.

Bakı, Sumqayıt və Abşeron rayonunun əhalisi üçün sənəd qəbulu Bakıda Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin layihə institutlarında, regionlarda isə Gəncə, Yevlax, Xaçmaz, Salyan, Lənkəran və Qəbələdə yerləşən FHN-in regional mərkəzlərində aparılır.

Müraciətin qəbulu, portala yerləşdirilməsi və icraata başlanması üçün müraciət ərizəsi və istismar edilən obyektin layihəsinin təqdim edilməsi kifayətdir.

Qeyd edək ki, sənədsiz evlərə çıxarışların verilməsi məsələsi də uzun zamandır müzakirə olunur. Bununla bağlı komissiya da yaradılıb. Lakin obyektlərin məsələsi həllini tapsa da, evlərlə bağlı bilinməyən bəzi məqamlar var. Sənədsiz evlərə nə zaman sənəd veriləcək?

Yeri gəlmişkən, oktyabr ayından başlayaraq çıxarışı olmayan fərdi evlərə və torpaq sahələrinə də kommunikasiya xətlərinin çəkilməsi qadağan olunub. Ekspertlərin sözlərinə görə, yeni qərardan sonra əmlak bazarında çıxarışlı evlərin qiyməti artacaq. Qeyd edilir ki, fərdi evlərin böyük əksəriyyətində çıxarışın olmaması həmin ərazilərə ünvanların verilməsində problem yaradır.

Oxu.az - Nüsrət İbrahimov: Mart-avqust aylarında mənzillərin qiyməti  qalxacaq – MÜSAHİBƏ

Nüsrət İbrahimov

Əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, sənədsiz evlərin sayı  ölkə üzrə təxminən 400 mindən bir qədər artıqdır. Bəzi rəqəmlərdə 440 min olduğu bildirilir. Bunun yarıya qədəri koronavius pandemiyasına qədər işlənilib, sənədləşdirilib. Daha doğrusu, onlar haqqında inventarizasiya aparılıb və sənədlər toplusu artıq dövlət qurumlarında var. Qalanlarını da komissiya işləməlidir. Komissiya işləmir ki, onu axıra çatdıralar və baxılması üçün Nazirlər Kabinetinə təqdim edələr. Güman edirəm ki, qeyri-yaşayış sahələri qurtarandan sonra fərdi yaşayış evlərinin sənədləşdirilməsi ilə komissiya məşğul ola bilər. Komissiya işini bərpa etsə, yəqin ki buna 5-6  ay vaxt lazım olacaq. Orada da hesablama getməlidir, bəzi evlərin köçürülməsi tələb olunacaq. Bəzi evlərin sənədləşdirilməsində problem yoxdursa, bununla bağlı işlər aparılacaq. Bəzi evlərdə layihə işləri yoxdur, orada layihə işlənilməsinə vaxt sərf olunacaq. Ondan sonra dövlət büdcəsindən müəyyən vəsait ayrılmalıdır. Amma gələn ilə bu məsələnin həll olunacağına inanmıram. Çünki məbləğ heç də kiçik deyil, büdcənin xərclər hissəsində öz əksini tapmalıdır. Gələn ilin büdcəsində isə bu xərclər olmadığından bu məsələnin həlli demək olar ki, qeyri-mümkün sayılır".   

Mütləq şəkildə həmin əmlaklara çıxarış verilməlidir"

Elnur Fərzəliyev

Bizimlə söhbətdə əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev isə yeni qaydalarla bağlı deyib ki, hazırda qeydiyyatla bağlı yaşanan problemlər məhz çıxarışla əlaqəli məsələdir: “Çıxarış olmadığı üçün insanlar qeydiyyata düşə bilmirlər. Bu məsələ tək həyət evləri ilə bağlı deyil. Yeni tikilmiş bina evlərində də çıxarışlar verilmir. Vətəndaş illərlə ev alıb yaşayır, amma öz evinə qeydiyyata düşə bilmir.  Ümumiyyətlə isə çıxarışsız fərdi həyət evlərinin bir hissəsi sovet dövründən qalmış, bir hissəsi isə 90-cı illərdən sonra tikilmiş fərdi həyət evləridir ki, bu günə qədər onlara çıxarışın verilməsində yubanmalar yaranıb. Səbəblər müxtəlifdir. Sovet dövründən qalmış yaşayış məntəqələri, Bakının mərkəzi hissələrində və ətrafında olan yaşayış məntəqələridir ki, onların təyinatı sırf yaşayış təyinatlı ərazilər olsa da, hələ də o ərazilərə sənədlər verilməyib. Digər ərazilərdə isə tikinti aparılan fərdi həyət evləri, böyük massivlər, qəsəbələr salınsa da, çıxarışlar verilməyib. Bunun da müxtəlif səbəbləri var. Birincisi, tikinti aparılmış ərazilərin torpaqlarının yaşayış məntəqələri üçün deyil, digər təyinatlı olması, yəni kənd təsərrüfatı, neftin ərazisində olmasıdır ki, bu səbəbdən də torpaqlara çıxarış verilmir. Həmin torpaqlar alınan zaman vətəndaşlara müxtəlif qurumlar tərəfindən sənədlər verilib, vətəndaşlar bu sənədlər üzərində ayrılmış torpaqlar üzrə fərdi həyət evləri tikiblər. Yasamal, Alatava, keçmiş Papanin, Sovetski ərazilərinin böyük bir hissəsində də çıxarış yoxdur. Yəni bu evlərin yaşı 100 ildən artıq olsa da, bu günə qədər həmin ərazilərə çıxarış verilməyib. Bakı kəndləri, Abşeron ərazisi, Xırdalan, Masazır və digər yeni salınmış həyət evləri olan ərazilərin də böyük əksəriyyətində çıxarış yoxdur. Çıxarış almaq mümkün olsaydı, vətəndaşlar hansısa formada bunu alardılar. Bu ərazilərdə də problem ondadır ki, torpaqlar təyinatı üzrə deyil. Yəni fərdi həyət evləri, yaşayış massivləri tikiblər, amma onların təyinatı fərqlidir. Tutaq ki, burada olmalıdır əkin-biçin sahəsi, maldarlıq, heyvandarlıq və s. Hansı ki, hazırda bu təyinatla istifadə mümkün də deyil”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR