Onlayn ictimai-siyasi qəzet
Hikmət Babaoğlu: “23 saatlıq lokal antiterror əməliyyatı ilə yüz illik problemi həll etdik”
Sabah Azərbaycanda separatizmin kökünün kəsildiyi günün birinci ildönümüdür. 2020-ci ilin 27 sentyabrında başlanan 44 günlük Vətən müharibəsi Şuşanın və digər işğal altında olan 7 rayonumuzun azad olunması və böyük zəfərlə başa çatsa da, Qarabağdakı terrorçu separatçı rejim hələ də fəaliyyət göstərməkdə idi. Azərbaycan dövlətinin bütün çağırışlarına baxmayaraq, separatçı rejim silahı yerə qoymurdu.
Qarabağın Azərbaycanın nəzarətində olmayan hissəsində Rusiya hərbi kontingentinə arxayın olan erməni separatçı-quldurların qalıqları hər keçən gün azğınlaşırdılar. Tərk-silah olmaq əvəzinə Ermənistandan yeni silahlar daşıyırdılar. Əraziyə yeni minalar basdırır, Azərbaycan Ordusunun yerləşdiyi məntəqələri atəşə tuturdular. Ermənistan dövləti də separatçıların nəzarətində olan ərazilərimizdə qalan hərbi birləşmələrinin qalıqlarını çıxarmaq tələbini yerinə yetirmirdi. Bir sözlə, terrorçu ermənilərin 2020-ci ildəki məğlubiyyətdən nəticə çıxarmadıqları hər keçən gün daha aydın görünürdü. Azərbaycana meydan oxumaqdaydılar. Ona görə də terrorçularla məsələni birdəfəlik həll etmək məsələsi Azərbaycan dövlətinin qarşısında daha ciddi formada dayanmışdı. Və Ali Baş Komandan İlham Əliyev Qarabağın Rusiya “sülhməramlılarının” nəzarətində olan hissəsində antiterror tədbirləri keçirməklə bağlı tarixi qərar verdi. Azərbaycan bu böyük problemi məhz 19 sentyabr 2023-cü ildə lokal hərbi əməliyyatla həll etdi. Azərbaycan ordusu növbəti dəfə dünyanın heyrətə gətirən qəhrəmanlıq və ustalıq nümayiş etdirdi. Antiterror əməliyyatında bir nəfər də olsun mülki erməni, bir mülki obyekt zərər görmədi. Əməliyyat ancaq və ancaq silahlı qruplara, terrorçulara qarşı həyata keçirildi. Silahlı erməni qrupları, terrorçu dəstələr, erməni silahlı birləşmələri zərərsizləşdirildi və nəhayət separatçı quldur rejim təslim oldu. 24 saatdan da az bir müddətdə xunta rejimi ağ bayraq qaldırdı. Qarabağda erməni separatizminin kökü kəsildi.
Hikmət Babaoğlu
6-cı çağırış Milli Məclisin deputatı Hikmət Babaoğlu “Yeni Müsavat”a bildirdi ki, son yüz illik tariximizdə ötən il 19 sentyabrda Azərbaycanın həyata keçirdiyi lokal antiterrror əməliyyatı xüsusi bir tarixi hadisədir. Həm demoqrafik strategiyası baxımından, həm də hərbi-siyasi strategiyası baxımından çox mühüm hadisə kimi qiymətləndirilir: “Çünki Azərbaycan ərazisinə köçürülən ermənilərə yüz il bundan öncə xüsusi status verilmişdi, yəni 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayəti adı ilə qondarma bir təsisat yaradılmışdı. Bu, əslində Azərbaycan dövlətçiliyinin təməllərinin altına yerləşdirilmiş gec partlayan mina idi. Biz "mina"ın zərərlərini Azərbaycan dövlətinə və xalqına qarşı həmişə gördük. Sovet dövründə də gördük. Baxmayaraq ki, vahid idarəçilik sisteminə malik idi, daim burada Azərbaycanın mərkəzi hakimiyyətinə qarşı mövqelərin şahidi olurduq. Orada Azərbaycan büdcəsinin talanmasının şahidi olurduq, Azərbaycanın müxtəlif dövrlərdə məhz Qarabağda yaşayan ermənilər tərəfindən, bu qondarma inzibati qurum tərəfindən şantaj olunduğunu görürdük. Azərbaycan dövləti daim özünü təzyiq altında hiss edirdi. 1987-1991-ci illərdə baş verən hadisələrdə də nəticə etibarilə məhz bu qondarma qurum müharibəyə səbəb oldu və Azərbaycan dövlətinin təməllərini sarsıtdı. Biz bu problemi həll eləmək üçün 35 ilə yaxın vaxt sərf etdik. Biz 2020-ci ilin 44 günlük Vətən müharibəsində çox böyük zəfər əldə etdik. Amma hələ də problemin kökü qalmaqdaydı. Və gələcəkdə müəyyən mərhələdən sonra yenidən Azərbaycana qarşı ərazi iddialarının hərbi müstəviyə keçməsi üçün təhlükə mövcud idi. Çünki Azərbaycanın həmin ərazisində hələ də terrorçuluq və bölücülük ideologiyası ilə zəhərlənmiş ermənilər var idi. Buna birdəfəlik son qoymaq lazım idi. Ona görə də mən düşünürəm ki, bir il öncə 19 sentyabrda Azərbaycan Ordusunun həyata keçirdiyi 23 saatlıq lokal anti-terror əməliyyatı yüz illik problemin həllidir. Bir az da tarixdə geri qayıtsaq, əslində 200 illik problemin həlli də adlandıra bilərik. Çünki ermənilər təqribən 200 il idi süni şəkildə Azərbaycan ərazisinə-Qarabağa yerləşdirilmişdilər. Problemin dərin kökü o zamandan başlanırdı".
H.Baboğlu hesab edir ki, 2023-cü ilin 19 sentyabrında keçirilən antiterror əməliyyatı misilsiz mühüm hadisədir: “Hətta o qədər əhəmiyyətlidir Azərbaycan Prezidenti qeyd elədi ki, biz Ermənistanla sülh danışıqlarının substantiv mərhələsinə yalnız bir ildir qədəm qoymuşuq. Yəni lokal antiterror əməliyyatlarının gətirdiyi strateji dividentlərdən sonra biz real substantiv sülh danışıqları mərhələsinə daxil olmuşuq. Mən düşünürəm ki, siyasi qiymətləndirmə baxımından bu çox vacib fikirdir. Doğrudan da belədir, nə qədər ki, bizim ərazimizdə erməni separatçıları, daşnak tör-töküntüləri, terrorçular, xalqımıza qarşı cinayət törətmiş insanlar yaşayırdısa bir o qədər də sülh əldə etmək mümkün olmayacaqdı, suverenliyimizin bütün ölkəmizin ərazisində bərpası mümkün olmazdı. Ona görə də bu tarixin Azərbaycan dövlətçiliyi tarixində çox mühüm tarixi hadisə olduğu şübhəsizdir”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ