Onlayn ictimai-siyasi qəzet
Stalinin şəxsiyyətinə pərəstişin ifşasından sonra yazıçı Mixail Şoloxova (eləcə də başqa şəxslərə) aid edilən belə bir məşhur ifadə yayılıb: “Bəli, şəxsiyyətə pərəstiş var idi... Amma şəxsiyyət də var idi!”.
Bu, şəxsiyyətə pərəstiş faktına necəsə haqq qazandırmağın bariz nümunəsidir və bunu, söz yox ki, stalinçilər uydurub. Bəlkə də Şoloxov belə söz deməyib. Yazıçı belə söz deyibsə də, heç bir şübhə yoxdur ki, bunu maraqlı adamlar tirajlayıb bu qədər populyarlaşdırıblar.
Əslində bu, çox güclü, tutarlı, qulağa xoş gələn ifadədir. Mənası da odur ki, şəxsiyyət varsa, ona pərəstiş etmək qəbahət deyil, hətta lazımdır.
Hazırda ABŞ kimi unikal, həmişə konstitusiya əsasında idarə olunmuş, tarixində müəyyən ağ və qara ləkələr olsa da, heç vaxt demokratiya, qanuni seçkilər yolu hakimiyyət formalaşdırmaq yolundan sapmamış bir dövlətdə şəxsiyyətə pərəstiş təmayülləri sezilir.
Parlaq nümunə: ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Anna Paulina Luna Raşmor dağındakı qayada prezident Donald Trampın böyük barelyefinin yonulması barədə çağırış edib.
Adamın yenidən prezident vəzifəsi tutmasının 10 günü bu gün tamamdır və o, özünü özündən əvvəlki prezidentlərin ən azı 40-dan üstün tutmaq niyyətindədir.
Trampı sələflərindən fərqləndirən yeganə nüans onun 4 il aradan sonra ikinci dəfə Ağ Evə prezident kimi qayıtmasıdır. Ondan qabaq yalnız Qrover Klivlend (1837-1908) 4 illik fasilədən sonra ikinci dəfə prezident kürsüsündə oturub (1885-1889).
Bütün mediada “ABŞ-nin 47-ci prezidenti” adlandırılmasına baxmayın, Trampdan əvvəl bu postda 44 nəfər oturub, Tramp ABŞ prezidenti postunu tutan 45-ci siyasətçidir. Bu, ona görə belədir ki, həm 22-ci 24-cü prezidentlər eyni adamdır (Klivlend), həm də 45-ci və 47-ci prezident (Tramp).
Bu 45 prezidentin içində Trampın özünü ilk beşliyə salması bariz şəkildə öz şəxsiyyətini hamıdan artıq qiymətləndirmək, özü ətrafında kult yaratmaq cəhdidir.
Hazırda konqresmen Lunanın çağırışı ortaya boş yerdən çıxmayıb. Hələ ötən il avqustun 9-da Tramp öz surətinin Raşmor dağındakı qayalarda barelyefləri yonulmuş dörd prezidentin yanında görmək istədiyini Cənubi Dakota ştatının qubernatoru Kristi Noemə deyib.
Raşmor dağı bu ştatdadır və orada ABŞ-nin dörd keçmiş prezidentinin - Corc Vaşinqtonun, Tomas Ceffersonun, Avraam Linkolnun və Teodor Ruzveltin barelyefləri var.
Corc Vaşinqton ABŞ-nin ilk prezidentidir, “qurucu atalar”dandır. İkinci prezident Tomas Cefferson da “qurucular”dan biri, dövlətin formalaşmasında, qanunlar əsasında idarə edilməsində böyük rolu olan, dürüstlük, kristallıq simvolu sayılan şəxsiyyətdir. Avraam Linkoln 16-cı prezident olsa da, siyasi sələflərindən və xələflərindən seçilən fəaliyyəti, islahatları ilə məşhurdur. 26-cı prezident Teodor Ruzvelt isə ölkəsinin ən işgüzar, xarizmatik iderlərindən biri olub. O, birinci prezidentlik müddətini qətlə yetirilən Mak-Kinlinin vitse prezidenti olaraq qəbul edib. 1904-cü ildə prezident seçilən Ruzvelt dərhal bəyan edib ki, 1909-cü ildə daha prezidentliyə namizəd olmayacaq. Konstitusiyaya görə isə, onun buna, eləcə də 3-cü və 4-cü dəfə prezidentliyə namizəd olmağa hüququ varmış.
Bu hüquqdan yalnız Teodor Ruzveltin uzaq qohumu Franklin Ruzvelt istifadə edib. O, ard-arda 4 dəfə (1933-37, 1937-41, 1941-45, 1945, yanvar-1945, aprel) prezident seçilib, 4-cü müddətində cəmi 3 ay dövlət başçısı olub və vəfat edib. Həmin vaxt Corc Vaşinqton tərəfindən əsası qoyulmuş “iki prezidentlik müddəti” ənənəsi yalnız F.Ruzveltin dövründə pozulub, o da II dünya müharibəsi ilə əlaqələndirilib. Ancaq 1951-ci ildən etibarən ABŞ konstutisyası bir şəxsə iki dəfədən artıq prezident seçilmək hüququ vermir.
Yeri gəlmişkən, Franklin Ruzvelt ABŞ-nin 10 ən parlaq prezidentindən biri hesab edilir. Ondan başqa bu siyahıda Qrover Klivlend, Uilyam Mak-Kinli, Vudro Vilson, Con Kennedi, Ronald Reyqan da var.
Fəaliyyət və xidmətinə qalsa, Donald Tramp ABŞ dövlətinin və xalqının qarşısında böyük xidmətləri olan prezidentlərin “ilk 30-luğu”na düşmür, ancaq özünü 4 məşhur prezidentin yanında, Raşmor dağında görür.
O, hazırda sağ-salamat olan eks-prezidentlərdən Bill Klinton və Barak Obamanın da kölgəsindədir.
Bu gedişlə yaxın aylarda Trampda klassik diktatorlara xas başqa ambisiyalar da baş qaldıracaq. Trampda isə pərəstiş ediləsi şəxsiyyət yoxdur, adam ekstravaqant, çılğın, zorakılığa meylli biridir və onun prezidentiyi nə dünyaya, nə də ölkəsinə yaxşı heç nə vəd etmir.
Heç təəccüblü deyil ki, Tramp dünən Ağ Evdə çıxışı zamanı deyib: “Bu gün mən Müdafiə və Daxili Təhlükəsizlik departamentlərinə Quantanamoda 30 min çarpayılıq müəssisənin hazırlanmasına başlamaq üçün üçün sərəncam imzalayıram”.
Xatırladaq ki, ötən əsrin 30-cu illərinin ikinci yarısında Stalin Sibirdə çoxsaylı həbs düşərgələri salmışdı, Hitler isə yəhudiləri yerli əhalidən təcrid edərək xüsusi gettolar yaratmışdı.
Araz Altaylı, Musavat.com
30 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ