İnsanlara hürriyət, millətlərə istiqlal!

Crocus City Hall terroru - nüvə silahından təhlükəli planın ilk addımı

Güclü, zəif, varlı, kasıb olmasından asılı olmayaraq heç bir dövlət terrordan sığortalanmayıb. 30 il öncə - 1994-cü il martın 19-da və iyulun 3-də Bakı metrosunda partlayışlar törədilib. Nəticədə, ümumilikdə 27 nəfər həlak olub, 91 nəfər yaralanıb. Təşkilatçıları Karen Baqdasaryan, Seyran Sarkisyan olan həmin terror aktlarını Oqtay Qurbanov və Azər Aslanov icra edib. Eyni zamanda erməni yazıçı, şovinist, azərbaycanlıların düşməni və Xocalı soyqırımının əsas ideoloqlarından biri olan Zori Balayan da Bakı metrosuna hücumun təşkilində şübhəli bilinənlər sırasındadır. Amma Rusiyada yaşayan Z.Balayan heç vaxt hadisə il bağlı ifadə verməyib.

met.jpg (35 KB)

1999-cu ilin sentyabrında ölkənin Moskva, Buynaksk və Volqodnosk şəhərlərində yaşayış binalarında “şəkər kisələrinə” yerləşdirilmiş partlayıcıların işə düşməsi nəticəsində 307 nəfər ölmüş, 1700-dən çox insan yaralanmışdı. Bu terror aktlarını Şimali Qafqazdan olduğu iddia edilən silahlı dəstənin törətdiyi bildirilirdi. Həmin hadisədən sonra ölkədə Qafqaz, Orta Asiyadan olan Rusiya vətəndaşlarına və mühacirlərə müxtəlif səviyyədə təzyiqlər göstərildi. Bu hadisə Çeçenistanda hərbi əməliyyatların genişlənməsinə rəvac verdi. 2002-ci il oktyabrın 23-də Moskvada Teatr Mərkəzinin binasında 900-dən çox insan girov götürülmüşdü. Onların 130-174-ünün öldüyünə,700-ə yaxın insanın xəsarət aldığına dair məlumat yayılmışdı. 1996-2017-ci illərdə Rusiyada metro stansiyasında törədilən 9 partlayış nəticəsində 130-dan çox insan ölüb, 500-dən çox insan xəsarət alıb.

2001-ci il sentyabrın 10-da " Əl-Qaidə" terror qruplaşması tərəfindən ABŞ-nin Nyu-York və Vaşinqton şəhərlərində törədilən hadisədə 2977 nəfər ölüb, çoxlu sayda insan yaralanın.

12 sent.jpg (174 KB)

Bu il martın 22-də Moskvada “Crocus City Hall” konsert zalında törədilən terror aktı nəticəsində 100-dən çox insan ölüb, 200-ə yaxın adam xəsarət alıb.

Afrikanın Somali, Sudan, Mali ölkələrində, Latın Amerikası, Asiya ölkələrində də terror aktları törədilir. Hadisələr göstərir ki, dünyanın aparıcı güclərinin terror cinayətinə qarşı vahid strategiya və taktikası mövcud deyil. Habelə, bu güclər heç də eyni terror qruplaşmasına bir mövqedən yanaşmırlar. Bu isə böyük güclərin ayrı-ayrı terror təşkilatlarından alət olaraq bir-birinə qarşı istifadəsinə şərait yaradır. Məsələn, Azərbaycan ərazisində terror törətmiş ayrı-ayrı şəxslər barədə beynəlxalq səviyyədə axtarış elan edilsə də, onlar indiyə qədər Bakıya təhvil verilməyiblər, əksinə dünyanın aparıcı gücləri, o cümlədən, Rusiya Z.Balayan kimilərin timsalında terrorçulara sığınacaq yeri olub. Eləcə də Türkiyə uzun illər müxtəlif ölkələrdən PKK terror qruplaşmasının ayrı-ayrı üzvlərinin ekstradisiyasını tələb edir. Rəsmi Ankara terrorçulara sığınacaq verməyəcəyi şərti ilə İsveçin NATO üzvlüyünə razı oldu. Fransa, ABŞ, Almaniya, İran və s. ölkələr terrorçuların sığındığı “etibarlı” ölkələrdir. Düzdür, Qərb dövlətləri adıçəkilən silahlı qruplaşmanı terrorçu saysalar da, onun üzvlərinə sığınacaq verir, fəaliyyətinə şərait yaradırlar. Belələri həmin ölkələrin ərazisində qeyri-hökumət təşkilatı adı altında fəaliyyət göstərir. Suriya, Yəmən, Livan, İraq kimi ölkələrdə müxtəlif dövlətlərin himayə etdiyi silahlı qruplaşmalar perspektivdə regiondan kənar dövlətlər üçün də problem ola bilər. Dünyanın aparıcı dövlətləri terroru pisləsə də onun kökünü kəsməkdə aciz görünürlər.

krok.jpg (143 KB)

“Crocus City Hall” konsert zalında törədilən terror aktının bir neçə məqsədi ola bilər:

- Rusiya iqtisadiyyatına zərbə vurmaq,

- Rusiyanı riskli ölkə kimi qələmə vermək,

- Rusiyalı iş adamlarının daşınmaz əmlakının təhlükəsizliyinin təmin olunmadığını göstərmək,

- Yerli iş adamlarının sərmayəsinin təhdid olunduğunu nümayiş etdirmək,

- Rusiyada xaos yaratmaq,

- Kreml rəhbərliyinin diqqətini daxili təhlükəsizlik məsələlərinə yönəltmək,

- Rusiyanın vətəndaşlarının təhlükəsizliyinin daim təhdid altında olduğunu isbatlamaq.

Rusiya mühacirlərə vətəndaşlıq verərək Ukraynada döyüşə yollayır. Müharibəyə göndərilənlər arasında mərkəzi Asiyadan olan ölkələrin - Tacikistan, Özbəkistan, Qırğızıstan vətəndaşları da var. Tacikistanda Rusiyanın Ukraynada apardığı müharibədə həlak olanların basdırıldığı ayrıca qəbiristanlıqlar yaranıb.

Ehtimal etmək olar ki, bu silahlı hücum həm də mühacirlərin Ukraynada müharibəyə göndərilməsinin qarşısını almaq məqsədi ilə törədilib. Başqa sözlə, təşkilatçılar və icraçılar mühacirlərə etibarı azaltmağa çalışırlar. “Crocus City Hall”a hücumda rus olmayan etnik qrupun, taciklərin adının hallanması Rusiyada etnik qarşıdurmanın yaranmasına zəmin hazırlaya bilər. Bu həm də Rusiyaya mühacir axınının qarşısının alınmasını hədəfləyir.

azerbayc.jpg (38 KB)

Bu ticarət və əyləncə mərkəzinə hücum terror və silahlı hücumlara daha çox sosial cəhətdən imkansız şəxslərin cəlb olunduğunu təsdiqləyir. Bu məfkurə ideologiyadan daha çox muzdlu qatillik xidməti nəticəsində pul qazanmaqdır.

Moskvadakı son terror aktı böyük güclərin başqa ölkələrin ərazisində bir-birinin maraqlarına qarşı apardığı mübarizənin nəticəsi də ola bilər. Hadisələrin bu şəkildə inkişafı beynəlxalq ictimaiyyət üçün daha pis proseslər vəd edir. Bu o deməkdir ki, güclər xüsusi xidmət orqanları təşkilatçılığı ilə bir-birinin ərazisində terror, silahlı hücum, qətllər törədə bilər.

Terror artıq bir-birinə təzyiq etmək üçün bir alətə çevrilir. Bu isə nüvə silahından təhlükəli və qorxuludur.

Sədrəddin İsmayılov,
Report.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR