Onlayn ictimai-siyasi qəzet
XX əsrin ən nəhəng siyasətçilərindən biri olan Uinston Çörçil siyasətdə olduğu kimi, məişətdə, ailədə, dostları və həmkarları arasında da kaprizli bir şəxs kimi yadda qalıb. Britaniyalı baş nazir hətta hədiyyə qəbulunda da öz kaprizlərini gizlətməyib, münasibətini açıq söyləməkdən çəkinməyib...
1954-cü ildə baş nazirin 80 illik yubileyi yaxınlaşanda Britaniya parlamentinin üzvləri Çörçilə hədiyyə seçimində sözün əsl mənasında çətinliyə düşüblər. Uzun-uzadı müzakirələrdən sonra nəhayət, qərara alınıb ki, baş nazirə yağlı boya ilə çəkilmiş portretini hədiyyə etsinlər. Bu haqda əvvəlcədən Çörçilin özünü də məlumatlandırıblar. Baş nazir hədiyyə təklifini qəbul edib.
Müzakirələr zamanı hədiyyənin harada saxlanılacağı da müzakirə olunub. Çörçil bildirib ki, o, rəsm əsərini öz şəxsi iqamətgahında saxlayacaq, vəfat etdikdən sonra isə əsər parlamentə təhvil veriləcək. Hətta portretin parlament binasının harasından asılacağı da əvvəlcədən müəyyənləşdirilib.
Portretin kim tərəfindən çəkiləcəyi müzakirə ediləndə parlament üzvləri bu işi tanınmış rəssam Xerbert Qanna həvalə etməyi planlaşdırıblar. Ancaq Qann hədsiz “bahaçıl” olduğundan onlar fikirlərindən daşınıblar. Parlament komitəsinin katibi təşəbbüs irəli sürüb ki, digər bir məşhur rəssam Qrexem Sazerlend Çörçilin portretini daha mükəmməl yaradacaq.
Beləliklə, Sazerlendə ətraflı məktub hazırlanıb. Məktubda əsərin bütün detalları, geyim, rəng, ölçü və s. göstərilib. Ən əsası isə rəssamın bütün bu məsələləri birbaşa Çörçillə razılaşdırılmasının vacibliyi qeyd olunub.
Portretin hazırlanması üçün parlament üzvləri 1000 gineya yığıblar. Gineya 1663-1813-cü illərdə Britaniyada dövriyyədə olan qızıl sikkə olub və mövcud dövrdə 1000 gineyanı pula çevirəndə kifayət qədər böyük məbləğ alınıb.
Çörçil özü həvəskar rəssam olsa da, bu işin incəliklərini bilsə də, əvvəlcədən Sazerlendə bildirib ki, saatlarla onun qarşısında “poza” vermək fikrində deyil. Baş nazirlə rəssam üç seans keçiriləcəyini öz aralarında razılaşdırıblar. Seanslar 1954-cü ilin 26, 29, 31 avqust tarixlərində baş nazirin iqamətgahında keçirilib. Ancaq bu tarixlərdən başqa rəssam daha bir neçə dəfə Çörçili kabinetində və şəhər ətrafındakı iqamətgahında da “narahat” edib.
Sonralar bu görüşlər haqqında rəssam öz təəssüratlarını belə bölüşüb:
“Baş nazir çox kaprizli bir adam idi. Bu səbəbdən də mən öz işimi rahat görə bilmirdim. İlk görüşdə onun səhhətindəki problemlər nəzərəçarpacaq dərəcədə özünü büruzə verirdi. Mənə xüsusi göstəriş verilmişdi ki, baş nazirlə görüşüm haqqında bir cümlə də olsun heç kimə danışmamalıyam. Görüşlərimiz hərbi sirr qədər məxfi saxlanılırdı. Seansların birində Çörçil mənə maraqlı bir təklif söylədi. Dedi ki, saatlarla sakit və işsiz oturmaq çox darıxdırıcıdır, bəlkə mən də eyni vaxtda sənin rəsmini yaradım? Əlbəttə, bu yarızarafat, yarıciddi təklifi mən qəbul edə bilməzdim. Seanslar zamanı nahar fasiləsindən sonra Çörçilin əhvalı yaxşılaşırdı, bir-iki qədəh viski baş nazirin kapriz və qıcıqlarını aradan qaldırırdı. Adətən belə vaxtlarda o, sevimli itini də gətirirdi ki, bu da mənim diqqətimi yayındırırdı, işimə mane olurdu. Ən böyük problem isə nahar yeməyindən sonra baş nazirin mürgüləməsi olurdu ki, Çörçil adətinə uyğun olaraq günortalar yatmağı vacib sayırdı...”
Çörçil hazır portretini təntənəli rəsmi təqdimatdan bir həftə əvvəl görüb. Əsər onun xoşuna gəlməyib və o, öz etirazını açıq şəkildə rəssama bildirib:
“Mən belə əsəri qəbul edə bilmərəm. Mən tarixdə bu görkəmdə qala bilmərəm. Bu portretdə mən ağlının yarısını itirmiş bir qocaya bənzəyirəm. Yaxud da gələcəyini görməyən bir sərxoş adama. Bu şəkil heç vaxt işıq üzü görməyəcək...”
Rəssamın baş nazirə cavabı qısa və konkret olub:
“Mən gördüklərimi çəkmişəm...”
Bu narazılığa baxmayaraq 30 noyabr 1954-cü ildə, Çörçilin yubiley günündə əsər Vestminstersk Sarayında təntənəli şəkildə baş nazirə təqdim edilib. Portreti ona Leyboristlər Partiyasının lideri Kliment Etlli təqdim edib. Mərasim birbaşa canlı yayımlanıb. Portret baş nazirin həyat yoldaşı Klementina Çörçilin də xoşuna gəlməyib. Baş nazir həyat yoldaşına bildirib ki, bu əsər heç vaxt, heç bir yerdə nümayiş olunmayacaq. Mərasimin sonunda Çörçil köməkçilərinə göstəriş verib ki, əsəri büküb maşının yük yerinə qoysunlar.
Çörçilin portreti uzun illər onun yaşadığı iqamətgahın zirzəmisində saxlanılıb. Bir dəfə də olsun bu əsər ən kiçik sərgidə belə, yaxud da hər hansı tədbirdə nümayiş etdirilməyib. Klementina bir neçə dəfə həyat yoldaşından həmin əsəri məhv etməyi xahiş edib. Çörçil hər dəfə ona söz verib ki, portreti yandıracaq. Nəhayət, 1965-ci ildə Çörçil portreti yandırmağın vaxtının çatdığını bildirib. Klementina portreti iqamətgahdakı istilik sobasına ataraq yandırıb. Portretin yalnız fotoları qalıb.
Əsər Çörçilin və xanımının xoşuna gəlməsə də, mütəxəssislərin və parlamentin bir çox üzvlərinin qənaətinə görə, portret siyasətçinin ən yaxşı əks olunan portretlərindən biri olub. Hətta onlar rəssam Sazerlenddən xahiş ediblər ki, daha yüksək qonorarla həmin portreti yenidən çəksin. Sazerlend təklifdən qəti şəkildə imtina edib.
Məşhur portretin yandırılması dəfələrlə dünyanın ən populyar mətbu orqanlarında gündəmə gəlib. Çörçil incəsənət nümunəsini məhv etməkdə ittiham olunub.
İlham Cəmiloğlu, Musavat.com
13 Noyabr 2024
12 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ