Onlayn ictimai-siyasi qəzet
Xəbər verildiyi kimi, Bakı şəhəri BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyi edəcək.
Bunu "Climatechangenews" saytına iki mənbə təsdiqləyib. Məlumata görə, bu barədə seçimi Şərqi Avropa ölkələrinin bir qrupu edib.
COP29 BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəflərin Konfransı – COP Konvensiyanın ali qərar qəbul edən orqanıdır. Katibliyi Bonnda yerləşir.
Hər il dünyanın hər yerindən hökumət nümayəndələri COP-da toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində birgə səylər göstərmək üçün çağırışlar edir. COP-un ilk toplantısı 1995-ci ildə Berlin şəhərində keçirilib.
Sonuncu COP28 cari il Dubayda keçirilib. 100 minə yaxın nümayəndəni bir araya gətirən COP28 BMT-nin tarixində ən genişmiqyaslı tədbir olub. Konfrans çərçivəsində təşkil edilmiş Zirvə toplantısına 120-dən artıq dövlət və hökumət başçısı qatılıb. Sözügedən tədbirdə ilk dəfə olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak edib.
COP-a ev sahibliyi bir qayda olaraq BMT-nin 5 regional qrupu arasında rotasiya edir. Hər regional qrup, üzvlərindən bu konfransı təşkil edəcək bir ölkəni irəli sürmək üçün konsensusla qərar qəbul etməlidir.
2024-cü il COP29-a ev sahibliyi etmək növbə Şərqi Avropa regional qrupuna düşür. Sözügedən qrupa daxil olan ölkəmiz konfransın Azərbaycanda keçirilməsini təklif edib. Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da öz namizədliklərini irəli sürüb. 2023-cü il dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Ofisi arasında aparılmış birbaşa danışıqların nəticəsi olaraq verilmiş birgə bəyanatda Ermənistan Azərbycanın xeyrinə öz namizədliyini geri çəkib. Bolqarıstan da bundan sonra öz namizədliyini geri çəkib və nəticədə bu gün dekabrın 9-da Şərqi Avropa regional qrupu Azərbaycanı 2024-cü ildə COP-a ev sahibliyi edəcək ölkə kimi müəyyən edib. Rəsmi qərar dekabrın 12-də plenar iclas zamanı veriləcək.
Azərbaycan Respublikası Prezidenti tərəfindən aparılan məqsədyönlü siyasət nəticəsində Azərbaycan yüksək sosial-iqtisadi inkişaf və möhkəm ictimai-siyasi sabitliyə nail olub. Vətən müharibəsində qazandığımız şanlı zəfər ölkəmizi dünyada daha güclü dövlət kimi tanıdıb. Dövlət başçısının uğurlu xarici siyasəti nəticəsində ölkəmizin beynəlxalq səviyyədə nüfuzu günbəgün artmaqdadır.
Azərbaycan son 4 il ərzində BMT-dən sonra ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına müvəffəqiyyətlə sədrlik edib və növbəti sədrliklərə uğurlu miras buraxıb.
Ölkəmiz qlobal xarakterli mötəbər tədbirləri yüksək səviyyədə təşkil etmək bacarığını dəfələrlə nümayiş etdirib. Yüksək inkişaf göstəricilərinə nail olan Azərbaycanın belə nəhəng tədbirləri təşkil etmək üçün müasir infrastruktura malik olması və təhlükəsizlik baxımından sabit ölkə olması bütün dünya ictimaiyyətinə məlumdur.
Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi üçün seçilməsi Azərbaycan Respublikası Prezidentinin növbəti təntənəli qələbəsidir. Bu, Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur. Eyni zamanda, son zamanlar Azərbaycana qarşı çirkin kampaniya aparan bəzi dairələrə tutarlı cavabdır. Dövlət başçısı bir daha bu spekulyasiyaları alt-üst etdi və Azərbaycanın müsbət imicinin üzərinə kölgə sala bilməyəcəklərini sübut etdi. Azərbaycan Respublikasının Prezidenti bu təşəbbüsü ilə Azərbaycanın qüdrətini bir daha dünyaya göstərdi və beynəlxalq aləmdə böyük etimad qazandığını nümayiş etdirdi. Ölkəmiz qlobal problemlərdən biri olan iqlim dəyişmələrinə qarşı səyləri səfərbər etmək və bu mübarizəyə töhfə verməklə dünyanın diqqət mərkəzində olacaq.
2023-cü il Azərbaycanın öz suverenliyini tam bərpa etməsi ilə tariximizə qızıl hərflərlə yazıldı. Bu möhtəşəm ili növbəti qələbə ilə yekunlaşdırırıq.
Qeyd edək ki, Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulub. Ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarını 35% azaldılmasını hədəfləyir. 2030-cu ildən sonra isə daha iddialı hədəf müəyyən edilib ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarının 40% azaldılmasından ibarətdir.
Azərbaycan Respublikasının Prezidenti ölkəmizin işğaldan azad edilmiş torpaqlarını "Yaşıl enerji" zonası elan edib. Bu ərazilərin 2050-ci ilədək "Netto sıfır emissiya" zonasına çevrilməsi nəzərdə tutulur.
Musavat.com
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ