İnsanlara hürriyət, millətlərə istiqlal!

COP29 çərçivəsində beynəlxalq mülki aviasiya ilə bağlı tədbir keçirilib

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Şurasının prezidenti Salvatore Şikitanonun başçılıq etdiyi nümayəndə heyəti Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak edir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, ICAO Baş katibinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasında elçisi Ceyn Hyupinin moderatorluq etdiyi “BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə dəstək olaraq beynəlxalq aviasiya üçün təmiz enerji keçidinin həyata keçirilməsi” sessiyasında beynəlxalq mülki aviasiyanın iqlim dəyişikliyinə təsirinin aradan qaldırılmasında ICAO-nun əldə etdiyi son nailiyyətlər təqdim edilib.

Tədbirdə, həmçinin 2050-ci ilə qədər “Xalis Sıfır” karbon emissiyası səviyyəsinə nail olunması Uzunmüddətli Qlobal Ambisiya Məqsədi (LTAG) çərçivəsində dayanıqlı aviasiya yanacağı (SAF), aşağı karbonlu aviasiya yanacağı (LCAF) və aviasiya enerjisinin digər təmiz formalarına keçid üzrə görülən işlər, planlaşdırılan tədbirlər haqqında məlumat verilib.

Sessiyada aviasiya sahəsinin davamlı inkişaf məqsədlərinə nail olmaq üçün maraqlı tərəflərə təmiz enerjinin tətbiqində və aviasiyanın gələcəyi üçün potensialın yaradılmasında qüvvələri birləşdirməyə bir daha çağırış edilib.

Tədbirdə çıxış edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov dövlətimizin iqtisadi siyasətinin ekoloji prioritetləri barədə məlumat verib, aviasiya sahəsində ICAO ilə uzunmüddətli effektiv əməkdaşlığın təqdirə layiq olduğunu xüsusilə vurğulayıb.

Sonda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi (DMAA) ilə ICAO arasında dayanıqlı aviasiya yanacağı sahəsinə dəstək, potensialın artırılması və təlimlərin təmini üzrə “ACT-SAF” tərəfdaşlıq sənədi imzalanıb.

Sənədi DMAA-nın direktor müavini Nazim Ziyadov və ICAO-nun Baş katibi adından Avropa və Şimali Atlantika Ofisinin direktoru Nikolas Rallo imzalayıb.

“ACT-SAF” tərəfdaşlığı ölkəmizin istilik effekti yaradan qazların emissiyalarının azaldılması üzrə hədəflərə nail olunmasında mühüm dəstək olacaq və ekoloji inkişaf potensialının artırılması, qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqində müsbət rol oynayacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR