Onlayn ictimai-siyasi qəzet
Lənkəran-Lerik yolunda baş verən və bir nəfərin ölümü ilə nəticələnən qəzanın səbəbi məlum olub. Sürücü bildirib ki, qəzaya səbəb çöl donuzunun maşının qarşısına qaçması olub.
Musavat.com xəbər verir ki, Xalid Eyvazzadə özünə məxsus “Toyota” markalı avtomobillə Bakıdan Lerikə gedirmiş.
Sürücünün yanında tanışları Telman Bağırov və başqa bir nəfər olub.
Telman Bağırov usta olub və onlar Xalid Eyvazzadənin kənddə olan evlərinin damını təmir etməyə gedirmişlər.
Sürücü deyib ki, yollar qarlı olduğu üçün avtomobili diqqətli idarə edib. Lakin anidən çöl donuzu yola qaçıb və onun diqqətini yayındırıb.
Təqsirləndirilən Xalid Eyvazzadə əməlindən peşman olduğunu bildirib:
“Bakıdan yola çıxanda Rahil ön oturacaqda oturmuşdu. Telman gələndə maşından düşüb ona yol verdi ki, böyük kimi öndə otursun. Amma Telman dedi ki, siz cavansınız, öndə oturun. Özü arxa oturacağa keçdi.
Yolda qəza baş verəndən sonra olanları xatırlamıram. Xəstəxanada ayılanda Telmanı görmədim. Soruşanda dedilər ki, vəziyyəti ağırdır. Sonra öldüyünü öyrəndim. Qəza zamanı mənim ayaqlarım sınmışdı”.
Mərhumun hüquqi varisi təqsirləndirilən şəxsdən şikayətçi olmadığını deyib.
Məhkəmə Xalid Eyvazzadə barəsində 2 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb.
İ.Muradov
Musavat.com
03 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ