İnsanlara hürriyət, millətlərə istiqlal!

Çinin başı dərddə - çöküşdən qurtarmaq üçün Aİ-yə üz tutdu

Elman Sadıqov: “Çinin aqressiv ekspansiya siyasətinin qarşısı alınır”

Çin iqtisadiyyatında özünü büruzə verən problemlər getdikcə dərinləşir. Dünyanın bir çox analitik mərkəzləri hesab edirlər ki, reallıqda problemlər daha kəskin və dərindir, sadəcə, Çinin qapalı rejimi mövcud vəziyyəti mümkün qədər gizlətməyə çalışır. Lakin nə qədər qapalılıq olsa belə, ticarət tərəfdaşlarındakı şəffaflıq Çinin problemlərinin bir qismini aşkara çıxarır. Belə ki, avqust ayında Çinin ixracı illik ifadədə 8,8 faiz azalmaqla 284,87 milyard dollar təşkil edib. Çin Baş Gömrük İdarəsinənin məlumatına əsasən ötən ay ölkənin idxalında 7,3 faizlik kiçilmə qeydə alınaraq göstərici 216,51 milyard dollara düşüb.

Qeyd edək ki, Çinin xarici ticarət həcmi artıq dördüncü aydır azalma nümayiş etdirir. İyulda ixrac 14,5 faiz, idxal 12,4 faiz azalmışdı.

Avqust ölkənin xarici ticarətinin müsbət saldosu 98,36 milyard dollar təşkil edib. İyulda bu göstərici 80,6 milyard dollar, ötən ilin avqustunda isə 78,65 milyard dollar olmuşdu.

Çinin ticarət dövriyyəsindəki azalma əsasən ABŞ və Avropa İttifaqı ilə əlaqələrin məhdudlaşmasından qaynaqlanır. Belə ki, bu ilin yanvar-avqustunda Çinin ən böyük ticarət tərəfdaşı olan ABŞ-la qarşılıqlı ticarəti 14,5 faiz azalaraq 438,1 milyard dollar təşkil edib. Bu zaman Çindən ABŞ-a ixrac 17,4 faiz azalmaqla 326,5 milyard dollar düşüb. Amerika məhsullarının Çinə idxalında isə 4,9 faiz azalma qeydə alınıb – 111,6 milyard dollar qədər.

Müqayisə üçün qeyd edək ki, 2021-ci ildə ABŞ-Çin ticarət dövriyyəsi 28,7 faiz artaraq 755,64 milyard dollar, 2022-ci ildə isə 0,6 faiz artaraq 759,4 milyard dollar təşkil etmişdi.

Çinin ikinci böyük ticarət tərəfdaşı olan Avropa İttifaqı ilə qarşılıqlı ticarəti bu ilin səkkiz ayında illik ifadədə 7,8 faiz azalaraq 529,1 milyard dollar olub. Bu zaman Çinin İttifaq ölkələrinə ixracı10,5 faiz azalmaqla 340,9 milyard dollar, oradan idxalı isə 2,5 faiz azalaraq 188,2 milyard dollar təşkil edib.

2022-ci ildə Avropa İttifaqı ilə Çinin ticarəti 2,4 faiz artıb 847,3 milyard dollar olmuşdu.

Çin iqtisadiyyatındakı problemlər onun milli valyutası olan yuanın dəyərində özünü göstərir. Ötən ay Çin yuanı dollar qarşısında 1,6 faiz dəyər itirib. Sentyabrın əvvəlində isə yuan dollar qarşısında 2007-ci ildən bəri ən aşağı həddə düşüb. Financial Times-ın yazdığına görə,  valyuta birjalarında 1 dollar 7,3284 yuana ticarət olunmağa başlayıb. 2020-ci ildəki ən sərt qapanmalar dövründə belə Çin valyutası bu qədər dəyərsizləşməmişdi. 2023-cü ilin əvvəlindən yuan dollar qarşısında 6 faizdən çox məzənnə itkisi ilə üzləşib.

Financial Times-ın yazdığına görə, yuanın dəyərsizləşməsi Çin iqtisadiyyatındakı problemlərin gizlədilməsi mümkün olmayan həddə çatması ilə bağlıdır. Yuana təzyiq göstərən digər amil Çinin daşınmaz əmlak bazarındakı problemlərin dərinləşməsidir. Ölkənin daşınmaz əmlak sektorundakı iki ən böyük oyunçusu iflas elan olunub.

Avqust ayında Çin iqtisadiyyatında arzuolunan inflyasiya qeydə alınsa da, göstərici inkişafa təkan verəcək həddə olmayıb: istehlak qiymətlərində illik ifadədə 0,1 faizlik artım olub. Halbuki analitiklər iyuldakı 0,3 faizlik azalma qarşılığında avqustda 0,2 faizlik artım gözləyirdilər.

Qeyd edək ki, Avropa İttifaqı Çinin Rusiyaya dəstək verməsinə cavab olaraq yüksək texnologiyaların istehsalında istifadə olunan mühüm avadanlıqların ixracını məhdudlaşdırıb. Çin isə bun cavab olaraq, bir sıra nadir metalların ixracına münasibətdə eyni addımı atıb. Tərəflər arasında münasibətlərin sürətlə soyuması Pekinin geriyə addım atmasına səbəb olub. Belə ki, Çinin Dövlət Şurasının Baş naziri Li Ketsyan “G 20”-nin dünənki sammitinin kuluarlarında Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenə əməkdaşlıq təklif edib: “Çin və Avropa qlobal müəyyənsizliyə qarşı birləşməli və əməkdaşlıq etməlidir”. “Röyters” bildirir ki, siyasətçinin çağırışı Avropa blokunun 2019-cu ildən bəri tərəfdaşı və “sistemik rəqibi” olaraq görülən Çinlə qarşılıqlı əlaqə risklərinə qarşı daha ehtiyatlı olduğu bir vaxtda səslənib.

“Risklərin qabaqlanması əməkdaşlığa əngəl deyil, qarşılıqlı asılılıq etibarsızlıqla eyniləşdirilməməlidir”, - Li Ketsyan Avropa Komissiyasının Prezidentinə bildirib.

Dövlət Şurasının Baş naziri habelə Avropa blokunu Çin şirkətləri üçün ayrı-seçkiliyə yol verməyən bir mühit yaratmağa çağırıb və əlavə edib ki, Çin təmiz enerji və yaşıl maliyyə kimi sahələrdə dialoqu və əməkdaşlığı gücləndirməyə hazırdır: “Çin və Aİ daha da birləşməli və əməkdaşlıq etməli, həmçinin Çin-Aİ münasibətlərinin sabitliyindən dünyadakı vəziyyətin qeyri-müəyyənliyinə qarşı sədd kimi istifadə etməlidir”.

Çin hakimiyyəti yuanın dəyərsizləşməsi prosesinin qarşısını almaq üçün valyuta bazarına irihəcmli intervensiya həyata keçirib. ABŞ maliyyə naziri Canet Yellen Pekinin bu addımının gözlənilən və başadüşülən olduğunu bildirib: “Onlar istəyirlər ki, həm dünya, həm də öz vətəndaşlarının Çin iqtisadiyyatına inamı qorunub saxlansın”. Xanım Yellenə görə, Çinin problemlərdən çıxmaq üçün manevr imkanları hələ var: “Onların iqtisadiyyatı stimullaşdırmaq üçün manevr imkanları var. Hələlik bu imkanlardan pul-kredit siyasətinə dair kiçik bir hissədən istifadə olunub”.

Lakin bir çox analitik mərkəzlər Çin hakimiyyətinin əlində prosesləri müsbət axara qaytarmaq üçün yetərincə alətlərin qalmadığı fikrindədirlər. Çin itisadiyyatındakı problemlər nə qədər dərindir? Bu problemlərin qlobal iqtisadiyyata, xammal bazarlarına və ixracatçılarına hansı təsirləri ola bilər?

Elman Sadıqov: “Azərbaycanda sığortalanmış əmanətlərin hamısı sahiblərinə  qaytarılıb”

İqtisadçı-ekspert Elman Sadıqovun fikrincə, Çin iqtisadiyyatı barədə son illərdə deyilənlər özünü doğruldur: “Hələ 2013-2014-cü illərdə Çin iqtisadiyyatını araşdırarkən diqqətimi statistik məlumatlar arasındakı uyğunsuzluqlar cəlb etmişdi. Məsələn, Çinin açıqladığı xarici ticarətlə bağlı rəqəmlər digər ölkələrin statistik rəqəmlərindən fərqlənirdi. Çin iqtisadiyyatının strukturu orada bir sıra problemlərin toplanmasına səbəb olub: dövlət müəssisələrinin dövlət banklarından nəhəng kreditlər alması, daha sonra onları qaytara bilmədiklərinə görə dövlət hesabına silinməsi bu sahədə problemin dərinləşməsinə gətirib çıxarmalıydı. Hazırda bu səbəbdən Çinin əmlak bazarında böyük çətinliklər yaranıb. Daşınmaz əmlak bazarının iki böyük oyunçusu - “Evergrande” və “Country Garden” çox böyük problem girdabındadırlar.

Digər tərəfdən, Çində özəl şirkətlərə, varlı şəxslərə qarşı münasibət anormal həddə çatıb. “Alibaba” sahibinə qarşı təqiblər göz önündədir. Bu da özəl investorların Çində işləmək istəyinin azalmasına gətirib çıxarıb”.

Ekspert bildirir ki, bir qayda olaraq Çin Mərkəzi Bankı faiz dərəcələrini aşağı salır ki, yuanı dəyərsizləşdirsin, bununla da ixracı stimullaşdırsın: “Lakin Çinin bu üsuldan dəfələrlə istifadə tarixi göstərir ki, ABŞ və Avropa İttifaqı, digər ölkələr buna kəskin etiraz edirlər. Onlar bu addımı Çin mallarını qiymət baxımından daha əlverişli mövqeyə çıxaran qeyri-rəqabət xarakterli addım kimi qiymətləndirirlər. Bu günlərdə Çin məcburən yenidən yuanı inzibati yollarla dəyərsizləşdirdi. Bildiyiniz kimi, son aylarda Çin ixracın kəskin azalması problemi ilə üzləşib. İxrac üzərində qurulan bir iqtisadiyyat üçün bu hal çox ciddi problemlər yaradır. Buna görə də məcburən yuanı dollar qarşısında zəiflətdilər. Düşünürəm ki, bu dəfə ticarət partnyorları buna görə Çinə qarşı sərt addımlar atacaqlar.

ABŞ-ın idxal balansında Çinin payı 14,6 faizə düşüb. Bu, 2006-cı ildən bəri ən aşağı göstəricidir. Ən yüksək göstərici 21,8 faiz olub. Yəni azalma çox böyükdür, söhbət on milyardlarla dollardan gedir. Bildiyiniz kimi, Çin ixracının artmasında, iqtisadiyyatının genişlənməsində ABŞ-ın rolu çox böyük olub. Elə il olub ki, ABŞ-ın Çinlə ticarət kəsiri 500 milyard dollar təşkil edib. Bu, faktiki olaraq Çinə valyuta ixracı idi. İndi bu ixrac minimuma düşüb.

Siyasi baxımdan da Çin üçün yaxşı vəziyyət yaranmayıb: ABŞ-la fikir ayrılıqları – Tayvana münasibətdəki böhran, “Bir kəmər, bir yol” layihəsinin inkişaf imkanını tükətməsi və sair. Bildiyiniz kimi, Çin bu layihədən sırf öz mallarının ixrac bazarını genişləndirmək məqsədi güdür. Ona görə də layihəyə cəlb olunan bir sıra ölkələri borc tələsinə salaraq, öz iqtisadi maraqlarına tabe edib. Aydın məsələdir ki, yalnız bir tərəfin qazandığı layihənin uğurlu gedişi dayanmalıdır. Çin artıq bu mərhələyə gəlib, maliyyə tələsinə saldığı ölkələrdən ciddi təpkilər almaqdadır. Bu gün Çinin Afrikadakı mövqeyi ilə pandemiyadan əvvəlki mövqeyi arasında çox böyük fərq var. Bunu Yaxın Şərqdəki, dünya ticarətindəki mövqeyi barədə də deyə bilərik. Faktiki olaraq, hazırda Çinin Hindistan tərəfindən qlobal ticarətdən yumşaq formada sıxışdırılması prosesi gedir. Pekin də bunun fərqindədir. Çin rəhbərinin G20-nin Hindistandakı toplantısına qatılmaması da bundan irəli gəlir”.

E.Sadıqovun fikrincə, Çinin aqressiv ekspansiya siyasətinin qarşısının alınması üçün atılan addımlar qlobal iqtisadiyyatda böyük dəyişikliklərə səbəb olur və olacaq: “Təəssüf ki, bir sıra ölkələr üçün bu dəyişikliklər çətinliklərlə müşayiət olunacaq”.

Dünya SAKİT,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR