İnsanlara hürriyət, millətlərə istiqlal!

Çingiz Qənizadə: Azərbaycan və Mərkəzi Asiya ölkələri strateji əhəmiyyətə malik vahid coğrafi regiondur

“Prezident İlham Əliyevin nüfuzlu tədbirlərdə iştirakı və dünyada baş verən hadisələrə obyektiv münasibəti, həmçinin ölkəmizin inkişafı, sülh tərəfdarı olması haqqında ətraflı məlumat verməsi bir daha Azərbaycanın yerləşdiyi bölgənin liderinə, dünyada isə söz sahibinə çevrilməsini təmin edib. Bu uğurlu siyasətin nəticəsidir ki, bu gün Azərbaycan dünya birliyinin fəal üzvü kimi beynəlxalq mövqeyini ildən-ilə gücləndirir. Dövlət başçımızın rəhbərliyi ilə həyata keçirilən daxili və xarici siyasət milli maraqlarımızı qlobal miqyasda layiqincə təmin edir. Prezident İlham Əliyevin bir sıra mühüm əhəmiyyətli tədbirlərdə, o cümlədən Mərkəzi Asiya Dövlət Başçılarının görüşündə fəxri qonaq qismində iştirakı dövlətimizin başçısının şəxsi nüfuzunun, ölkəmizin beynəlxalq aləmdə sülhün və təhlükəsizliyin təmin edilməsinə, əməkdaşlığın genişlənməsinə töhfələrinə verilən yüksək qiymətin bariz nümunəsidir. Bu günlərdə dövlət başçımızın Qazaxıstanın paytaxtı Astanada keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının görüşünə dəvət edilməsi ölkəmizin reytinqinin yüksəldiyni təsdiqləyən daha bir nümunədir”.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə bildirib.

Tanınmış hüquqşünas deyib ki, son illər Azərbaycan Mərkəzi Asiya ölkələri ilə əlaqələrin inkişafının yeni mərhələsinə qədəm qoyub. Vətən müharibəsindəki Qələbəmizdən sonra Azərbaycanın dünya birliyindəki nüfuzu daha da artmış, ölkəmizlə əməkdaşlıq qurmaq istəyən dövlətlərin sayı getdikcə çoxalmışdır. Onların arasında Mərkəzi Asiya dövlətləri vacib yer tutur. Son illər Azərbaycan Prezidentinin Mərkəzi Asiya ölkələrinə ardıcıl səfərləri, keçirdiyi görüşlər, o cümlədən qarşılıqlı səfərlər zamanı imzalanan sənədlər təkcə respublikamız və Mərkəzi Asiya ölkələri üçün deyil, həm də bütövlükdə, Türk dünyası üçün xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın belə görüşlərə dəvət olunması ölkələrimiz arasında mövcud dostluq, qardaşlıq münasibətlərindən və inkişaf etməkdə olan əməkdaşlıqdan xəbər verir.

Hüquq müdafiəçisi Prezident İlham Əliyevin son iki il ərzində Mərkəzi Asiya ölkələrinə 16 rəsmi səfər etdiyini diqqətə çatdırıb. Həmin müddətdə Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın dövlət başçılarının Azərbaycana ümumilikdə 15 rəsmi səfəri olduğunu xatırladan Ç.Qənizadə xalqlarımızı çoxəsrlik tarix, mədəniyyət, din və digər ortaq dəyərlər birləşdirdiyini vurğulayıb. O, dövlətimizin başçısının çıxışından bəzi məqamları xatırladaraq deyib ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni, coğrafi regiondur. Qürurverici haldır ki, Ermənistanın işğalından azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun bərpasına dəstək qardaşlıq münasibətlərimizin təzahürlərindən biridir.

Ç.Qənizadə ötən il Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan Mirzə Uluqbəy adına orta məktəbin, bu il isə Qazaxıstanın hədiyyəsi olan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışını xatırladıb. Deyib ki, həmçinin bu il Ağdam rayonunda Qırğızıstanın hədiyyəsi olan orta məktəb binasının təməlqoyma mərasimi keçirilib. Hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa işləri aparılır və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı davam edir.

Ç.Qənizadə Azərbaycan Prezidentinin dünyada artan təhdid və çağırışlardan da söhbət açdığını və bunun ölkələrimiz arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da gücləndirilməsini tələb etdiyini diqqətə çatdırdığını vurğulayıb. O, bu baxımdan ötən ay Qazaxıstanda keçirilmiş və Azərbaycanın da iştirak etdiyi “Birləşdik-2024” beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təliminin əhəmiyyətini qeyd edib. Onun sözlərinə görə, Azərbaycanın hərbi təhsil müəssisələrində Mərkəzi Asiya ölkələrindən olan müdavimlərin təhsil almaları hərbi əməkdaşlıq sahəsində münasibətlərin inkişafının vacib göstəricisidir. Bundan əlavə, Azərbaycan bərpaolunan enerji, nəqliyyat-tranzit sahəsində Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıqda maraqlıdır.

Hüquqşünas deyib ki, artıq Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qırğızıstan və Azərbaycan-Özbəkistan birgə investisiya fondları yaradılıb. Həyata keçirilən “Rəqəmsal İpək Yolu” layihəsi rəqəmsal infrastrukturun inkişafına və rəqəmsal təhlükəsizliyə töhfə verəcəkdir. Beynəlxalq təşkilatlar çərçivəsində də Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq uğurla davam edir.

“Azərbaycanın beynəlxalq ictimaiyyətin yekdil dəstəyini qazanaraq, bu ilin noyabr ayında COP29 iqlim konfransına ev sahibliyi edəcəyi artıq dünya birliyinə məlumdur. Ölkəmiz COP29-a sədrliyi çərçivəsində regionumuzda iqlim dəyişmələri ilə bağlı problemlərin həlli üçün Mərkəzi Asiya ölkələri ilə birgə təşəbbüsləri dəstəkləməyə hazırdır”,– deyə Ç.Qənizadə vurğulayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR