Onlayn ictimai-siyasi qəzet
Bu ilin iki ayında Çin iqtisadiyyatına qoyulan birbaşa xarici investisiyalar (BXİ) illik müqayisədə 20,4 faiz azalaraq 171,21 milyard yuana (23,87 milyard dollar) düşüb.
Musavat.com xəbər verir ki, məlumatı ölkənin Ticarət Nazirliyi açıqlayıb.
Yanvar-fevralda istehsal sənayesinə yatırımlar 47,82 milyard yuan, xidmət sektoruna yatırımlar isə 120,49 milyard yuan təşkil edib.
Sinhua agentliyi xəbər verir ki, ümumi qoyuluşlar azalsa da, Böyük Britaniyanın Çində birbaşa investisiyaları 87,9 faiz, Almaniyanın 54,7 faiz, Cənubi Koreyanın isə 45,2 faiz artıb.
Eyni zamanda iki ay ərzində ölkədə xarici kapitalın iştirakı ilə 7574 yeni müəssisə qeydiyyata alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5,8 faiz çoxdur.
Qeyd edək ki, Çin iqtisadiyyatına birbaşa xarici investisiyalar 2024-cü ilin yekununda da ciddi azalma göstərib. İlin sonuna XBİ-nin həcmi 27,1 faiz azalaraq 826,25 milyard yuan təşkil edib. Bu, bütün hesablamalar tarixində (2008-ci ildən bəri) ən böyük azalmadır.
Birbaşa xarici investisiyaların azalması Çin iqtisadiyyatına inamın azalnası, ölkədə investisiya mühitinin pisləşməsi və risklərin artması ilə izah olunur. Bu, yaxın və ortamüddətli dövrdə Çin iqtisadiyyatında artım sürətinin zəifləyəcəyinin göstəricisi hesab olunur. Bu isə xammal bazarları, xüsusilə neft bazarı üçün əsas mənfi siqnallardan biridir. Çində statistik məlumatlar cümə günü hərraclar bitəndən sonra açıqlandığına görə onun bazarlara təsirinin martın 17-də hiss olunmasına səbəb olacaq.
Musavat.com
15 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ