İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin Tayvanı sanksiyalarla çökdürmək qərarına gəlib

Çin hökuməti ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfərindən sonra ada dövlətinə qarşı məhdudiyyətlər tətbiq etməyə başlayıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, avqustun 3-dən etibarən Pekin Tayvana qum tədarükünü dayandırıb.

Çin Xalq Respublikasının Ticarət Nazirliyi bu tədbirin mövcud hüquq normalarına uyğun həyata keçirildiyini açıqlayıb.

Bundan əlavə, avqustun 3-dən Çin Tayvandan sitrus meyvələri və balıq məhsullarının idxalını dayandırdığını elan edib.

Ticarət məhdudiyyətləri ilə yanaşı, Pekin Tayvan separatçılarını dəstəklədikləri və “Çinə qarşı iftira kampaniyası apardıqları” üçün Tayvandakı iki fonda qarşı sanksiyalar tətbiq edib. Bunlar “Tayvan Demokratiya Fondu” və “Beynəlxalq İnkişaf Əməkdaşlıq Fondu”dur.

“Bu təşkilatlar Tayvandakı separatçı ünsürlərlə əlaqəlidirlər, ölkəmizi ləkələyiblər və Vahid Çin prinsipini pozmaq üçün beynəlxalq ictimaiyyətə təsir göstərməyə çalışıblar”, - deyə ÇXR Dövlət Şurası yanında Tayvan işləri üzrə nümayəndə Ma Syaoquan bildirib.

ÇXR hakimiyyəti fondun vəsaitləri ilə Çinin hər hansı təşkilat, şirkət və şəxsləri ilə əməkdaşlığı qadağan edib.

Qeyd edək ki, Tayvanın enerji, tibb, peyk və şəbəkə texnologiyaları sahəsində bir sıra iri şirkətləri var və onlar adıçəkilən fondlara ciddi maliyyə vəsaitləri axıdırlar.

Bu vəsaitləri maliyyələşdirən şirkətlərin rəhbərliyi və məsul şəxslərinin artıq materik Çinə səfərinə və bu ölkənin müəssisələri ilə əməkdaşlıq etməsinə icazə verilməyəcək.

Ma Syaoquanın sözlərinə görə, Tayvanın hakim Demokratik Tərəqqi Partiyasının (DPP) xarici siyasi qüvvələrin köməyi ilə adanı materik Çindən təcrid etmək cəhdləri uğursuzluğa məhkumdur. Onun fikrincə, bunlar Tayvan prezidenti Tsay İnvenin hakimiyyətinin süqutunu sürətləndirəcək və regionu dərin böhran vəziyyətinə salacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR