Onlayn ictimai-siyasi qəzet
Çin prezidenti Si Cinpin Vyetnamı hegemonizm, təktərəflilik və proteksionizmə qarşı birgə mübarizə aparmağa çağırıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Çin rəhbəri öz fikirlərini Vyetnamın baş naziri Fam Min Çinlə görüşündə səsləndirib.
Si Cinpin bildirib ki, Vyetnam Kommunist Partiyası və Vyetnam hökumətinin rəhbərliyi altında ölkədə siyasi və sosial sabitlik, islahatlarda təsirli nailiyyətlər əldə olunub, ölkənin beynəlxalq statusu artır və bu da Çini çox sevindirir.
Si Cinpinin fikrincə, Çin və Vyetnam strateji koordinasiyanı gücləndirməli və ortaq gələcəyi olan Çin-Vyetnam icması qurmaq üçün siyasi təməli möhkəmləndirməlidir. O, hər iki tərəfi yüksək səviyyəli mübadilələri, strateji koordinasiyanı gücləndirməyə və hegemonizm, birtərəflilik və proteksionizmə birgə qarşı çıxmağa çağırıb.
Çin rəhbəri həmçinin Vyetnamı beynəlxalq hüquq və ədaləti birgə qorumaq, Asiyada və ondan kənarda sülh, sabitlik, inkişaf və rifahı qorumaq üçün qlobal inkişaf, təhlükəsizlik və sivilizasiya təşəbbüsünü həyata keçirməyə çağırıb.
Çin lideri həmçinin vurğulayıb ki, Çin və Vyetnam quru və dəniz əlaqəsi kimi coğrafi üstünlüklərindən tam istifadə etməli, inkişaf strategiyalarının koordinasiyasını gücləndirməli və sənaye əməkdaşlığının potensialını ortaya qoymalıdır. O, həmçinin bildirib ki, iki ölkə ticarət və investisiya kimi ənənəvi sahələrdə əməkdaşlığı genişləndirməli, 5G, süni intellekt, təmiz enerji və rəqəmsal iqtisadiyyat kimi inkişaf etməkdə olan sahələrdə əməkdaşlığı inkişaf etdirməlidir.
Si Cinpinin fikrincə, Çin və Vyetnam çoxtərəfli ticarət sistemini möhkəm şəkildə dəstəkləməli və daha açıq, əhatəli, balanslı və hamı üçün faydalı olan iqtisadi qloballaşma üçün birgə səy göstərməlidir.
Qeyd edək ki, ABŞ-ın yüksək tariflər tətbiq etdiyi Vyetnam onların aradan qaldırılması üçün Vaşinqtona ciddi güzəştlər təklif edib. Hanoy Çin mallarının
Vyetnam adı ilə ABŞ-a ixracının qarşısının alınmasına, həmçinin Çinlə ticarətdə ikili təyinatlı məhsulların hərəkətinə ciddi nəzarət mexanizminin qurulmasına söz verib. Bu, Pekində böyük narahatlıq yaradıb. Çünki Hanoyun ardınca Tailand, Sinqapur, Malaziya kimi Çinin Asiyadakı mühüm ticarət tərəfdaşları da Vaşinqtona güzəştlərlə bağlı fəaliyyətlərə başlayıblar. Yaxın günlərdə Si Cinpin Vyetnam, Malaziya və Tailanda səfər edəcək. Onun əsas məqsədinin 3 ölkəni ABŞ-a qarşı Çinlə birgə mübarizəyə cəlb etmək olduğu bildirilir.
Musavat.com
16 Aprel 2025
15 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ