Onlayn ictimai-siyasi qəzet
“Rusiya nefti ilə dolu “Big Star” tankeri Çin sahillərində ilişib qalıb. Həmin tanker Çin limanlarına yaxınlaşmaq üçün icazə ala bilmir. Çünki tankerdəki nefti qəbul etmək istəyən yoxdur. Tankerdə 2.1 milyon barel neft var”.
Bu barədə Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
Politoloqun fikrincə, Çinin neft emalı zavodları Vaşinqtonun yeni sanksiyalarından ehtiyat edirlər:
“Çinin hər hansı neft emalı zavodu tankerdəki nefti alarsa, bundan Vaşinqtonun xəbəri olacaq və dərhal həmin zavoda qarşı sanksiya tətbiq olunacaq.
Rusiya öz neftini Çinin kiçik emal zavodlarına ötürməyə çalışsa da, alıcıların sayı getdikcə azalır. ABŞ Rusiyadan neft alan zavodlarla yanaşı, Rusiya neftini daşıyan tankerləri və bu daşınmanı sığorta edən şirkətlərə qarşı da sanksiyalar tətbiq etməyə başlayıb. Rusiya neftini daşıyan və ya daşımaqda şübhəli bilinən 180 tanker sanksiya altındadır”.
Elxan Şahinoğlu qeyd edib ki, buna baxmayaraq, Rusiya müxtəlif yollarla neftini Çindəki neft emalı zavodlarına satmağa çalışır:
“Rusiya həmin zavodlar üçün neftin satış qiymətlərini endirsə də, istədiyi nəticəni əldə etməyib. Bu ilin əvvəlində təxminən 4 milyon barel neft daşıyan 5 tanker Çin sahiblərinə yaxınlaşa bilməyib. Halbuki, həmin neftin alınmasına dair ilkin razılaşmalar olub.
Ancaq son anda ABŞ-ın tətbiq etdiyi sanksiyalar Çindəki zavodları Rusiya neftini almaqdan çəkindirib. Bir müddətdən sonra Rusiya neftini daşımaq istəyən tankerlər də olmayacaq. Çünki ABŞ sanksiyalarından ehtiyat edən sığorta şirkətləri Rusiya neftini daşıyan tankerləri sığorta etməkdən imtina edirlər.
Beləliklə, Pekin Moskva ilə strateji əlaqələr qursa da, münasibətləri gərgin olduğu ABŞ-ın Rusiyaya qarşı sanksiyaları ilə hesablaşmaq məcburiyyətindədir. Bu arada Rusiya prezidenti Vladimir Putinin sentyabr ayında Çinə rəsmi səfərinə hazırlıq çalışmaları başlayıb”.
Xalidə Gəray
Musavat.com
04 Iyun 2025
03 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ