İnsanlara hürriyət, millətlərə istiqlal!

"Cin girmə" deyə-dəyə psixi xəstəliklərə göz yumulur – Psixoloqdan AÇIQLAMA

Mistik anlayışların insanlar tərəfindən gerçək kimi qəbul edilməsi cəmiyyətin intellektual və mədəni inkişafının aşağı səviyyədə olduğunu göstərir. Xüsusilə erkən nikaha daxil olan qadınlar və uşaqlıqda ağır psixoloji travmalar yaşamış şəxslərdə adekvat olmayan hallara tez-tez rast gəlinir.

Bunu BAKU.WS-ə açıqlamasında psixoloq Rövşən Nəcəfov deyib.

Onun sözlərinə görə, dua, cadu, "cin girmə" kimi inanclar bu gün də bir çox insanın həyatının ayrılmaz hissəsinə çevrilib. Belə hallarda ətraf mühit tərəfindən şəxsdə "cin var" deyə düşünülür, halbuki bu əlamətlər əsasən konversion pozuntu, isterik vəziyyətlər və digər psixi diaqnozlarla bağlı olur.

"Belə şəxslərə ilkin psixoloji yardım əvəzinə dini rituallarla yardım göstərilməsi yanlış tendensiyadır. İnsanlar rahatlıq və tez sağalma ümidi ilə bu cür elmi əsası olmayan yolları seçirlər. Bəzi hallarda pedoqoji baxımsızlıq, primitiv düşüncə, əqli gerilik və ya koqnitiv ləngimə belə davranışlara zəmin yaradır", – deyə psixoloq bildirib.

Rövşən Nəcəfov qeyd edib ki, bu şəxsləri mollaya aparmaqla sağalacaqlarına inanmaq da səhv yanaşmadır: "Molla kiminsə həyatını xilas edə biləcək şəxs deyil. Onun öz fəaliyyəti var. İnsanlar da maddi maraq qarşılığında kimlərinsə istismarına çevrilməməlidirlər. Tanrı kiminsə sifarişi ilə işləmir".

Psixoloq vurğulayıb ki, cəmiyyətdə psixoloq və psixiatr yanına getmək "ayıb" sayılır. Bəzən isə psixi narahatlığı olan insanlar lağa qoyulur və ya qınanır. Bu isə həmin şəxslərdə sosial təcrid, depressiya, tənhalıq və intihar düşüncələri yaradır.

"Bu gün sosial şəbəkələrdə psixoloq adı altında fəaliyyət göstərən, əslində isə müasir falçılıqla məşğul olan şəxslər var. Onlar yalnız maddiyyat üçün çalışır, başqalarının bədbəxtliyi üzərindən öz xoşbəxtliklərini qururlar. İnsanlara saxta ümid vermək onların sağlamlığına zərbə vurur", – deyə o bildirib.

Rövşən Nəcəfovun sözlərinə görə, psixi pozuntusu olan şəxs uyğun mütəxəssisə yönləndirilməli, psixofarmakoloji müdaxilə ilə sağlamlıq təmin olunmalıdır: "Cəmiyyət psixi pozuntusu olan insanları qınamamalı, onları anlamağa və dəstək olmağa çalışmalıdır. Əgər bir şəxsin psixoloji problemi varsa, bu, onun və yaxınlarının ayıbı deyil. Əksinə, empatik münasibət və anlayışla biz həmin insanlara müsbət dəyişikliklər üçün fürsət yarada bilərik".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyul 2025

04 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR