Onlayn ictimai-siyasi qəzet
“Azərbaycan və Gürcüstan 5 il əvvəlkindən daha çox Çinə yaxınlaşmaqdadır. Təbii ki, vaxtından əvvəl nəticə çıxarıb, regionun total “çinləşdirmə”dən danışmaq lazım deyil. Amma aşkar faktları da nəzərdən qaçırmaq mümkün deyil”.
Bunu ermənipərəst rusiyalı politoloq Sergey Markedonov Prezident İlham Əliyevin başa çatan Pekin səfəri haqda danışarkən deyib (Axar.az).
Onun sözlərinə görə, Çinin həm Azərbaycan, həm də Gürcüstan üçün maraqlı olan bir sıra ideyası var. Bu xüsusda o, “Sinxua” agentliyindən sitat gətirib:
“Çin Azərbaycanın milli suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü müdafiə edir, eləcə də onun milli şəraitinə uyğun inkişaf yolu ilə getməyə davam etməsini dəstəkləyir. Pekin üç 3 qüvvə: terrorizm, ekstremizm və separatizmlə qəti şəkildə mübarizə aparmaq üçün Bakı ilə dərin əməkdaşlığa hazırdır. Düşünürəm ki, istər Qazaxıstan, istərsə də digər Mərkəzi Asiya ölkələri belə bir layihəyə həvəslə qoşulacaqlar”.
Markedonov haqlıdırmı? Çini Azərbaycan daxil, postsovet ölkələri üçün cazibədar edən bu konsepsiyadırmı? (milli suverenliyə, müstəqillik və ərazi bütövlüyünə dəstək, milli inkişaf seçiminə hörmət, üstəgəl terrorizm, ekstremizm və separatizmlə birgə və qəti mübarizə).
Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli Musavat.com-a danışıb:
“Çinin postsovet ölkələri, o cümlədən Azərbaycan, Gürcüstan, Qazaxıstanla əməkdaşlıq etməsinin başqa səbəbləri də var, təbii ki. İqtisadi, logistik səbəblər də var, müxtəlif səbəblər var. Amma Çin ənənəvi olaraq dünyada separatizmin əleyhinə çıxan, müstəqillik və suverenliyi dəstəkləyən bir ölkədir. Ukrayna böhranında da, baxmayaraq ki, Rusiya ilə çox yaxşı münasibətləri var, həmişə Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib. Krımla bağlı problem var və Çin hələ də bununla bağlı dəqiqləşdirmə etməyib, amma ən azından Ukraynanın ərazi bütövlüyünü dəfələrlə dəstəklədiyini söylədiyini deyə bilərik.
Azərbaycan, Gürcüstan, Qazaxıstan və digər postsovet ölkələrinin Çinlə münasibətlərində daha sıx əməkdaşlıq etməsinin səbəbləri həddindən artıq çoxdur. Bəli, bunlardan biri də Çinin daim suverenlik və ərazi bütövlüyü məsələsində qətiyyətli mövqe nümayiş etdirməsi və terrorizmə, separatizmə qarşı beynəlxalq konvensiyalara riayət olunmasına çağırışı ilə yadda qalmasıdır".
Xalidə Gəray
Musavat.com
27 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ