İnsanlara hürriyət, millətlərə istiqlal!

CHP-nin yeni liderini Bakıya kim dəvət edəcək - gözlənilməz gəlişmə

Özgür Özəl ölkəmizə gəlmək qərarını qətiləşdirsə, onun dövlət səviyyəsində qəbulu doğru anlaşılmaya bilər, bəs o halda...

Türkiyənin ana müxalifət partiyası - Cümhuriyyət Xalq Partiyasının (CHP) yeni başqanı   Özgür Özəl ilk xarici səfərini Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) ardınca Azərbaycana edəcəyini bildirib.  

“Report” xəbər verir ki, bu barədə partiya sədri “Sabah” qəzetinin köşə yazarı Donat Özələ deyib. CHP lideri  ilə bağlı silsilə məqalələr dərc etdiyini bildirən müəllif yazır ki, bu məqalələrdən sonra partiya sədri ona zəng edib. D.Özəl qeyd edib ki, partiya sədri əvvəlcə onunla Azərbaycanla bağlı yazdığı məqalələrdən danışıb.

“Dost və qardaş Azərbaycanın xətrinə dəymişik. Yanlış yolda olmuşuq. Bu, bizim səhvimizdir”, - deyə qəzet əməkdaşı CHP liderindən sitat gətirib. 

CHP sədrinin “Can Azərbaycanın könlünü alacağını” deyən qəzet əməkdaşı Özelin bu açıqlamasını ən düzgün seçim adlandırıb. 

Qeyd edək ki, CHP-nin əvvəlki rəhbəri Kamal Kılıçdaroğlu Azərbaycanla bağlı qərəzli açıqlamaları ilə yadda qalıb. Onun müşaviri Ünal Çevikköz isə hətta Türkiyəni İkinci Qarabağ müharibəsi zamanı Azərbaycana muzdlu döyüşçülər göndərməkdə ittiham edib.

Noyabrın 5-də növbədənkənar qurultayda  Özgür Özəl yeni başqan seçilib. 

Məlumdur ki, Türkiyə müxalifəti Azərbaycan iqtidarı ilə məsafəli davranmağa üstünlük verib. Azərbaycan iqtidarının da Türkiyə müxalifətinə xüsusi münasibəti olmayıb. CHP-nin sabiq başqanı 44 günlük Vətən müharibəsindən sonra Prezident İlham Əliyevə təbrik məktubu göndərib.  Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan CHP-nin yeni sədrini də bölücü terror təşkilatına yaxınlıq mesajı göndərməkdə suçlayıb. CHP lideri Azərbaycana gəlmək qərarını qətiləşdirsə, onun dövlət səviyyəsində qəbulu doğru anlaşılmaya bilər. Bəs o halda CHP sədrini Azərbaycana kim dəvət etməlidir? Azərbaycanın müxalifət partiyaları CHP-nin yeni sədrini dəvət edərmi?

Tural Abbaslı son qərarını verdi: “İstəmirik!” - GlobalInfo.az

Tural Abbaslı 

AĞ Partiyanın sədri Tural Abbaslı “Yeni Müsavat”a bildirdi ki, bu, bir qədər qəliz məsələdir. Ona görə ki, hazırda Türkiyə-Azərbaycan münasibətləri siyasi qruplararası, partiyalararası münasibətlərdən daha üstündür: “Təbii ki, CHP-nin Türkiyə siyasətində və xalqı arasında kifayət qədər nüfuzu var. Təəssüf ki, CHP-nin indiyə qədərki fəaliyyətində Azərbaycan xətti arxa planlarda olub. Bir çox hallarda CHP-nin üzdə olan rəsmiləri qərəzli mövqedən çıxış ediblər. Hətta erməniləri haqlı, Azərbaycanı haqsız çıxarmağa çalışanları da olub. CHP-dən seçilən bəzi millət vəkillərinin bu gün belə, Azərbaycanın maraqlarına zidd bəyanatları olur. Bir çox hallarda CHP Türkiyə-Azərbaycan münasibətlərini daxili rəqabət predmeti kimi opponentlərinə qarşı istifadə edir. Türkiyədə Azərbaycana münasibət birmənalı olmalıdır. Necə ki, Azərbaycanda Türkiyəyə birmənalı müsbət fikir var. CHP-nin yeni lideri Özgür Özəlin  Azərbaycanla münasibətlər məsələsində səsləndirdiyi fikirləri müsbət qarşılayırıq.  O ki qaldı dəvət məsələsinə, hələlik belə bir ənənə olmayıb. Türkiyədə prezident və baş nazir seçilən şəxslərin Şimali Kiprdən sonra ilk rəsmi səfərlərini Azərbaycana etməsi kimi ənənə formalaşıb.  Amma CHP və ümumiyyətlə, Türkiyə müxalifəti ilə bağlı belə bir ənənənin olduğunu söyləyə bilmirik. İndi Türkiyənin ana müxalifəti olan CHP-nin yeni başqanı müsbət dönüş yaratmağa və ənənə formalaşdırmağa çalışırsa, çox müsbət haldır. Cənab Özəl Azərbaycana səfərə gəlmək istəyirsə, buyursun, gəlsin. Azərbaycan Türkiyəyə qardaş ölkədir. Necə ki, biz Türkiyəni vətənimiz hesab edərək oraya gedib-gəlirik, onlar da Azərbaycana gələ bilərlər. Azərbaycan iqtidarının indiki məqamda CHP liderini dəvət edib-etməməsi, qəbul edib-etməməsini söyləyə bilmərik.  Mənə belə gəlir ki, bu məsələ Azərbaycan iqtidarı ilə AKP arasında konsensusla həll olunası məsələdir. CHP liderinə "gəlmə" demək düzgün olmaz. “Gəlsin və ən yüksək səviyyədə qəbul edilsin” yanaşması da düzgün olmaz. Çünki Azərbaycan iqtidarı ilə Türkiyə iqtidarının hazırkı münasibətlərini də unutmaq olmaz. İstənilən siyasi münasibətlər iki dövlət arasında münasibətlərə xələl gətirməyəcək formada qurulmalıdır".

T.Abbaslı dedi ki, rəhbərlik etdiyi partiya CHP ilə ideoloji baxımdan ayrı-ayrı partiyalar olduğu üçün onlarla müttəfiqlik münasibətləri olmayıb: “Yəqin ki, olmayacaq. Amma Azərbaycanda CHP ilə eyni, yaxın xəttə olan hər hansı partiya Özəli dəvət edə bilər. Burada heç bir problem görmürəm”. 

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə

 Arzuxan Əlizadə

AMİP sədri Arzuxan Əlizadə isə bildirdi ki, CHP zamanında böyük Atatürkün yaratdığı, uzun müddət rəhbərlik etdiyi, Türkiyənin həyatında önəmli rol oynamış  siyasi təşkilatdır.  Kamal Kılıçdaroğlunun rəhbərliyi dövründə CHP-nin Azərbaycana yönəlik  müsbət fəaliyyəti olmayıb: “Bu fikri yeni sədr Özgür Özəlin də dilə gətirib mövqe sərgiləməsi ümidləri artırır. Özgür Özəlin Azərbaycana kimin dəvəti ilə gələcəyi hələ məlum deyil. Yəqin ki, hakim partiya ilə münasibətlər qurub gəlməsi gözləniləndir. Yaxud da hansısa ictimai-siyasi şəxsin dəvəti ilə Azərbaycana təşrif buyura bilər. İstənilən halda, bu addım atılacaqsa, tərəfimizdən təqdir olunacaq. AMİP-lə CHP fərqli platformalardadır - AMİP sağ mərkəzçi partiyadır, CHP fərqli ideologiyaya sahibdir. Buna baxmayaraq, qardaş dövlətin ana müxalifət partiyası olan CHP-nin Azərbaycanla və  siyasi partiyalarla münasibətlərinin yaxşılaması istiqamətində addımlar atılacaqsa, adekvat münasibətimiz olacaq”.   

Akif Nağı partiya sədri oldu » Dogruxeber.az

Akif Nağı

Azad Vətən Partiyasının sədri Akif Nağı isə bildirdi ki, CHP Mustafa Kamal Atatürkün adı ilə bağlı partiyadır, ona görə də həmin partiyanın Azərbaycan siyasəti əsl qardaşlıq münasibətlərinə uyğun olmalıdır: “Türkiyədə CHP tarixi olan bir partiyadır və Atatürk ənənələrinə qayıtmalıdır. Təəssüf ki, bu ənənələrdən, Atatürk prinsiplərindən xeyli uzaqlaşıb. İndi yeni başqanın bu xoşagəlməz vəziyyəti müsbətə dəyişmək istəyindən çıxış etməsi yaxşı haldır. Real addımlar atılacaqsa, çox gözəl. Azərbaycanla münasibətlərdə xüsusilə ciddi müsbətə dönüşə ehtiyac var. Kamal Kılıçdaroğlunun və onun ətrafında olan bəzi şəxslərin son dönəmlərdə açıq-aşkar anti-Azərbaycan mövqeyini nümayiş etdirməsindən  narazılıq var idi. Ona görə də hesab edirəm ki, Azərbaycana münasibət dəyişməlidir. Əgər Azərbaycana səfər etməyi düşünürlərsə, o deməkdir ki, münasibətləri düzəltmək qərarındadırlar. Bu da müsbət haldır. Azərbaycan hakimiyyəti Türkiyənin hakim partiyası ilə əməkdaşlıq edir, bu öz yerində, amma Türkiyənin  müxalifət partiyaları ilə də münasibətlərdən qaçmaq olmaz. Eyni zamanda Türkiyənin iqtidarı, hakim partiyası Azərbaycandakı müxalifət partiyaları ilə də normal münasibətlər qurmağa çalışmalıdır. Yəni bizim qardaşlığımız bütün sahələri əhatə etməlidir”.

A.Nağı hesab edir ki, CHP-nin yeni lideri Azərbaycana gəlirsə, yaxşı olar ilk növbədə YAP-ın dəvəti ilə gəlsin və hakimiyyətlə normal münasibətlər qurulsun: “Türkiyə hakimiyyəti də yəqin ki, anlayışla qarşılayacaq ki, bu addım iki qardaş ölkənin münasibətlərinin daha da sıxlaşması naminə atılan addımdır. Eyni zamanda CHP liderini Azərbaycana müxalifətdən də hər hansı partiya dəvət edə bilər. Buna da qısqanclıq olmamalıdır. Azad Vətən Partiyası tərəfindən dəvət edilməsi istisna olunmur. Sadəcə olaraq, biz hələ onların hərəkətlərində doğrudan da CHP-nin bizim istədiyimiz kimi əvvəlki ənənələrinə dönüşü görmürük. Bu dönüş baş verərsə, biz dəvətlə bağlı düşünə bilərik”. 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”



ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR