İnsanlara hürriyət, millətlərə istiqlal!

Cəzanın təkamülü: Din və Cəza hüquq müstəvisində

Hüquq elmləri doktoru, akademik İlham Rəhimovun “Din və Cəza” (Bakı – 2021) kitabı üzərində düşüncələr.

Dini düşüncə sistemləri ən qədim dövrlərdən bugünədək insan sivilizasiyasının formalaşmasında təməl rolunu oynayıb. Başqa sözlə desək, ibtidai insanın ilk fəlsəfi fikri dini motivlərə əsaslanıb.

Bunun da əsas səbəbi əcdadlarımızın təbiət hadisələri qarşısında acizliyi və bilgisizliyi idi. Elə bu səbəbdən də “homo sapiens” (ağıllı insan) təbiətdə baş verən bütün müsbət və mənfi hadisələri fövqəltəbii varlıqların törətdiyi qənaətinə gəldi. Bununla da fəlsəfi düşüncənin ən qədim forması olan mifik təsəvvürlər, onun kökü üzərində isə ilkin dini şüur formalaşdı.

Fəlsəfi fikir tarixinə ümumi nəzər saldıqda, dinin və elmin daha çox əks qütblərdə dayandığının şahidi oluruq. Zaman-zaman “atəşkəs” edilməsinə baxmayaraq, deyərdim ki, bu əbədi ziddiyyət hələ də davam edir.

Bu bir həqiqətdir ki, həm xristian Avropasında, həm də müsəlman Şərqində dinin hakimiyyətdə olduğu dövrlərdə elmin inkişafı ləngiyib, alimlər təqib edilib, amansız cəzalara məruz qalıblar. Avropada inkivizisiya tonqalı XVIII əsrə qədər alovlanıb.

CEZA.jpg (207 KB)

XVIII əsrdə Avropada maarifçilik hərəkatı baş qaldırdıqdan sonra katolik kilsəsini zəiflətdi və ictimai-siyasi həyatdan araladı. Yəni, dini kilsənin içində həbs etdilər. Bununla da xristianlıq bir daha əvvəlki kimi açıq şəkildə siyasət, cəmiyyət, dövlət işlərinə qarışa bilmədi. Ancaq təəssüflər olsun ki, İslam Şərqində (ayrı-ayrılıqda müəyyən cəhdlər olsa da) nə dini reformasiya, nə də maarifçilik hərəkatı tam olaraq baş tutmadı.

Beləliklə, Şərq ölkələrində din, hələ də cəmiyyət üzərində ən ciddi təsirə malik sosial institut kimi öz qüvvəsini qoruyub saxlamaqdadır.

İlahiyyatla maraqlanan hər kəsə məlumdur ki, din təkcə mənəvi məsələlərlə məşğul deyil. Din qədim dövlətlərdə ibtidai konstitusiyanı, eləcə də hüquq- məhkəmə sistemini əvəzləyib. Din həmçinin - əsrlər boyu cəmiyyətdə etik dəyərlərin, sosial nizamın özəyi kimi, nəhayət, siyasi hakimiyyətin qarantı rolunda çıxış edib.

Bu səbəbdən dinşünaslıq ciddi tədqiqat sahəsidir.

Maraqlıdır, müasir hüquqda dini yanaşmalar və ya dində hüquqi aspektlər necədir? 

Geniş izah istəyən bu suala hərtərəfli cavab vermək üçün Azərbaycanın və Rusiyanın əməkdar hüquqşünası, hüquq elmləri doktoru, akademik İlham Rəhimovun “Din və Cəza”, eləcə də “Dünya dinlərində cinayət və cəza: tarixi, dini hüquqi və fəlsəfi aspektlər” kitablarını oxumaq vacibdir. Bu əsərlər din - hüquq münasibətləri, dinlərdə cinayət və cəza məsələlərini dərindən öyrənmək istəyənlər üçün çox qiymətli mənbələrdir.

Aydın məsələdir ki, hüquqşünas, filosof, sosioloq yaxud başqa humanitar elmlər üzrə mütəxəssis olmaq istəyən şəxs din tarixini və dini konsepsiyaları da yaxşı bilməli, teologiyanın, onun məşğul olduğu sahə ilə qarşılıqlı münasibətlərindən yetərli qədər məlumatlı olmalıdır.

Bu baxımdan akademik İlham Rəhimovun yuxarıda adlarını çəkdiyimiz kitabları məlum şərtləri yüksək səviyyədə ödəyən elmi ədəbiyyat nümunələridir.  

İlham Rəhimov bu kitablarında əsasən üç böyük monoteist dində (iudaizm, xristianlıq, islam) cinayət və cəza institutunun qədim, mifoloji köklərini incələyir. Alimin insanlıq tarixinin ən qədim hüquqi təsəvvürlərini işıqlandıran bu son tədqiqat əsərləri səmavi dinlərin cinayət-cəza məsələlərinə necə yanaşdığını, hansı prinsiplərə əsaslandığını detallı şəkildə, tarixi fakt və mənbələrə istinadla göstərir.

Qeyd etməliyik ki, müəllif əvvəlki əsərlərində olduğu kimi “Din və Cəza”nı da konkret bir elm sahəsi ilə məhdudlaşdırmadığından burada da elmin ən mürəkkəb metodologiyasından - interdisiplinar metoddan yüksək səviyyədə yararlanmışdır. Bu o deməkdir ki, “Din və Cəza”da humanitar elm sahələrinin əksər bilik və metodlarından mükəmməl şəkildə istifadə edilib.

İnterdisiplinar metodun unikallığı müxtəlif elmi və təcrübi bilikləri hibridləşdirərək kompleks problemlərin həllində uğurla istifadə etməyə, eləcə də yeni biliklər almağa imkan verir.

Beləliklə, İ. M. Rəhimovun din və hüquq məsələlərinə həsr etdiyi (hələ ki) sonuncu əsərləri məhz, bu fenomenlərin təzahürüdür.

CEZA SON.jpg (1015 KB)

Alim adıçəkilən kitablarında dünya dinlərində cinayət və cəza anlayışlarının tarixi təkamülünü və inkişafını hərtərəfli şəkildə araşdırıb.

***

Dinlərdə hüquqi məsələləri öyrənməyə başlayarkən, qarşımıza çıxan ilk problem Adəmlə Həvvanın “cinayət işi”dir. İbrahimi dinlərdə Adəmlə Həvvanın qadağan olunmuş meyvəni yeməsi həm ilk günah, həm də ilk cinayət kimi dəyərləndirilir. Bəzi din tədqiqatçılarına görə Adəmin ilahi qaydanı pozması cinayət, bəzilərinə görə isə sadəcə, məsuliyyətsizlik idi.

“Yehova allah insana belə bir əmr verdi: Bağdakı bütün ağacların meyvəsindən ürəyin istədiyi qədər yeyə bilərsən. Ancaq xeyirlə şəri bilmə ağacının meyvəsindən yemə, çünki ondan yeyən gün hökmən öləcəksən”. (“Yaradılış kitabı” 2:16-17)

İ.M.Rəhimova görə burada Allah fiziki deyil, mənəvi ölümü nəzərdə tutur. Əgər Allah Adəmlə Həvvanı həqiqi ölümlə cəzalandırsaydı, onda İbrani İncildə addımbaşı  rast gəlinən “edam edərəm”, “öldürərəm” kimi hədələyici sözlərdən istifadə edərdi.

“Allah Adəmi göstərdiyi itaətsizliyə görə “əcəlinlə öləcəksən” şəklində cəzalandıracağını açıqladı, bu da fikrimizcə, günahkar bir dünyada həyatını bitirmək deməkdir. Beləliklə, Adəmlə əlaqəli İlahi cəzanın mahiyyətini ölümsüzlükdən fani həyata keçid kimi başa düşmək lazımdır”.  İ.M.Rəhimov “Dünya dinlərində “Cinayət və cəza” – səh.17.)

“Uca yaradanın “İncil”dən fərqli olaraq, “Quran”da insan ölümünü cənnətdəki itaətsizliyi ilə əlaqələndirməməsi və ümumiyyətlə, “əcəlinlə öləcəksən” anlayışını heç bir yerdə istifadə etməməsi xüsusilə maraq doğurur. Üstəlik, “Qurani-Kərim” əbədi həyatda ölümü dəfələrlə inkar edir:

“Onlar orada ilk (dünyadakı) ölümdən başqa heç bir ölüm dadmayacaqlar”. (Surə: 44, ayə - 56)

“Orada nə öləcək, nə də yaşayacaqdır”. (Surə: 87, ayə -13)
(İ. M. Rəhimov “Din və Cəza”, səh: 27 ).

İncilə görə, Adəmin ilahi əmri pozduğu üçün aldığı cəza cinayətin cəzası deyil. Yəni, İncil mətnlərində Adəmin əməli cinayət yox, indiki hüquqi dillə desək, inzibati xəta kimi tərif edilir. Hər üç semit dininə görə isə ilk cinayət Qabilin qardaşı Habili öldürməsi əhvalatı sayılır.

İlham Rəhimovun fikrincə, Adəmi bir xətaya görə  cəzalandıran Allahın, qardaşını öldürərək ilk insan qanı tökən Qabili cəzasız buraxması müəmma doğurur, lakin bu müəmmanın da izahı var. Belə ki Allah törətdiyi cinayətə görə Qabili öldürmür, onu sadəcə olaraq, lənətləyib qovur. İbrani İncildə tanrı Yehova hətta Qabilin öldürülməsini qadağan edir:

“Yehova Allah dedi: Kim Qabili öldürsə, ondan yeddi qat intiqam alınacaq. Yehova Qabil üçün bir əlamət verdi ki, onunla rastlaşan heç kim onu öldürməsin”. (Yaradılış – 4:15).

İ.M.Rəhimov Qabilin cəzasız qalması ilə bağlı A. P. Lopuxinin aşağıdakı izahı ilə razılaşaraq yazır:

“Allah Qabili ölümlə cəzalandıra bilərdi, lakin o, başqaları üçün bir xəbərdarlıq nümunəsi olmalı idi”.

İ . M. Rəhimov “Din və Cəza”, səh: 28).   

Əksər xristian ilahiyyatçıları isə hesab edirlər ki, əsində Qabilin cəzası ölümlə müqayisədə daha ağırdır:

“Çünki Allah ilk dəfə bir insanı qardaş qətlinə görə lənətləyir və bununla da Qabilin cinayətinin ilkin günahdan – Adəm və Həvva günahından daha pis olduğunu iddia edir”.

İ. M. Rəhimov “Din və Cəza”, səh: 29 ).  

İ.M.Rəhimov bu iki dini rəvayətə skeptik filosof mövqeyindən daha çox, bir hüquqşünas kimi yanaşaraq məsələni hüquqi müstəvidə, rasional məntiqlə həll etməyə çalışır. Hər iki hadisə arasında paralellər aparan alim qeyd edir ki, Adəmin əməlində cinayət yox idi, amma cəza var.

Qabilin əməlində isə cinayət olsa da cəza yoxdur. Məhz, bu kimi təzadlar bəzən, ilahi hökmləri anlamaqda çətinlik yaradır.

Ümumilikdə, İ.M.Rəhimov “Adəm və Həvva” əhvalatına sıradan bir mif kimi yanaşmır. O, bu antik süjeti fəlsəfi, etik və psixoloji tərəfləri ilə daha dərindən incələyir. Və məlum olur ki, bu qədim mifdə müasir insanların belə, nəticə çıxaracağı dərslər var.

Məsələn, mən indiyədək “Adəm-Həvva” əhvalatına sadəcə, dini ədəbiyyat nümunəsi kimi baxırdım. Dəyərli  müəllimim İlham Rəhimovun təhlilləri ilə tanış olduqdan sonra bu əhvalata daha fərqli mövqedən yanaşdım.

Mən “Adəmlə Həvva” dramından belə bir nəticə çıxardım: Qanuna qarşı çıxmaq, qadağaları pozmaq istəyi insanın təbiətində, fitrətindədir. Yaxud, dini intonasiya ilə desək, “qadağaları pozmaq” xüsusiyyəti bizə Adəm babamızdan irsi olaraq ötürülüb.

Həqiqətən də bu qədim əhvalatın müəllifləri özləri də bilmədən, insanın altşüurundakı əsas kodlardan birini açıblar.

Bu mənada dini kitablarda bəhs edilən əhvalatlara həm də rəmzi mənada, simvolik müstəvidə baxmaq mümkündür. Ona görə də  “Din və Cəza”nın müəllifi haqlı olaraq, dini mətnlərdəki obraz və hadisələri hüquqi subyektlər kimi qiymətləndirməkdən daha çox, onlara simvolik, fəlsəfi nöqteyi-nəzərdən yanaşmağa üstünlük verib.

***

İlham Rəhimov “Din və Cəza” kitabında monoteist dinlərin cinayət və cəza doktrinasını konkret təriflər əsasında belə sistemləşdirir:

İudaizm – İbrani İncil: “Gözə- göz, dişə-diş”- əvəzçıxma qanunu.

Xristianliq – İsa Məsih təlimi: “Əhdi-Cədid” – “Pis adama qarşı durma!” - “Lütf və Sevgi qanunu”.

İslam - Allahın qızıl qaydası: “Ədalətli mükafat”.  

Gəlin, bu anlayışların mənasını bir qədər incələyək. Ziqmund Freyd “Musa və təktanrılıq” kitabında Musanın, yəhudilərin iddia etdiyi kimi, təktanrılıq ideyasının müəllifi olduğunu qəbul etmir. Freydin ehtimalına görə Musanın özü hətta yəhudi deyil, misirli idi və o, təkallahlı din yaratmaq ideyasını Misir fironu Exnatonun çoxallahlılıqdan təktanrılığa keçid islahatından əxz eləmişdi.

Bu barədə mübahisələr çoxdur, odur ki, əsas mövzudan yayınmayaq.

Yəhudilərin müqəddəs kitabları “gözə göz, dişə diş” prinsipini (Talion prinsipi) təlqin edir.

“Tövrat”da buyurulur:

“Mən, sənin Rəbbin - qısqanc Allaham. Mənə nifrət edən ataların cəzasını üç-dörd nəslə qədər övladlarına çəkdirərəm.” (Qanunun təkrarı – 5:9)

“Rəbb dedi: Yaratdığım insanları yer üzündən siləcəyəm, bunu insanlarla birgə heyvanların, sürünənlərin və quşların da başına gətirəcəyəm, çünki onları yaratdığıma peşman olmuşam”. (Yaradılış 6:7).

“Ey İsrail xalqı! Sənə zülm edənlərə öz ətlərini yedirdəcəyəm, öz qanları ilə sərxoş olub şirin şərab içənlərin gününə düşəcəklər. Beləcə bütün bəşər biləcək ki, səni qurtaran Rəbb mənəm”. (Yeşaya 49:26)

“Gecəyarısı Rəbb Misir torpağında olan bütün ilk oğulları öldürdü. Taxtda oturan Fironun ilk oğlundan tutmuş zindanda olan əsirin ilk oğluna qədər hər ilk oğul, heyvanların hər ilk balası öldü”.

İ. M. Rəhimov “Din və Cəza”, səh: 87, 88).

Verilən nümunələrdən də göründüyü kimi Tövratın beş kitabında  – (“Çıxış”, “Saylar”, “Levililər”, “Yaradılış”, “Qanunun təkrarı”) Tanrı Yehova ali yaradıcı kimi yox, qəddar bir kral kimi davranır. Yehova İsrail oğullarına məqsədə çatmaq uğrunda öldürməkdən, qan tökməkdən, qisas almaqdan çəkinməməyi əmr edir.

Xristianlıq isə “Əhdi-Ətiq”dən fərqli olaraq, “bir üzünə vuranda o biri üzünü çevir”, “bağışlaya biləcəyin qədər bağışla” kimi humanist prinsipləri əsas götürdü. Beləliklə, İsa Məsihin lütf və sevgi qanunu xristianlığın başlıca mənbəyi oldu. Sual oluna bilər, bəs, katolik kilsəsinin qanlı “cadugər ovu”, qadınları və alimləri tonqalda yandırması, suda boğdurması kimi əsrlər boyu din adına törədilmiş cinayətlər İsa Məsihin təlimi ilə uyğun gəlirmi?

Əlbəttə, yox! Çünki orta əsrlərin katolik kilsəsi İsa Məsihin “bağışla”, “sev”, “yaşat” təliminə yox, Musanın “qisas al”, “öldür”, “vuruş” qanunlarına əsaslanırdı.  

İsanın təlimi “siz Tanrını sevməsəniz də o, sizi sevir” tərifi üzərində formalaşıb. Böyük yazıçı Lev Tolstoyun təbirincə desək, İsa özündən əvvəlki sərt qanunları yumşaldan, insanlığı sevgi və barışa səsləyən ən böyük din islahatçısı idi.

Zənnimcə, İ. M. Rəhimov İsa Məsih fenomenini daha dəqiq düsturla izah edib:

“Allaha görə bəşəriyyət Adəmdə fiziki, İsa Məsihdə isə mənəvi başlanğıcını alıb”.
(İ. M. Rəhimov “Din və Cəza”, səh: 23).

Dinlərdə cinayət faktorunu və cəza prinsiplərini ən incə detallarına qədər araşdıran akad. İ. M. Rəhimov dini mətnlərdəki uyğunsuzluqları, ziddiyyətli məqamları da açıq şəkildə göstərir:

“Xristianlıqda iradə azadlığı mövzusunda bu günə qədər ümumi bir fikir birliyi mövcud deyil. Çünki əslində, İsa Məsihin təlimində pisliyin, cinayətlərin, zorakılığın qarşısının alınmasında cəzanın rolu məsələsində xristianlığın mövqeyinə təsir edən kifayət qədər ciddi ziddiyyətlər var.

İsa Məsih insanlara buyurur:

“Siz elə düşünürsünüz ki, zorakılıq qanunları pisliyi düzəldir. Onlar onu yalnız artırır. Min ildir ki, pisliyi pisliklə məhv etməyə çalışdınız, amma məhv edə bilmədiniz, əksinə artırdınız. Dediklərimi və etdiyimi edin, bunun doğru olub-olmadığını öyrənəcəksiniz”.

İ. M. Rəhimov “Din və Cəza”, səh: 117).

Beləliklə, İsa Məsihin Talion prinsipini qəbul etmədiyi, “Əhdi-Ətiq”in sərt qaydalarına qarşı sülh və sevgi ideyası ilə çıxdığı aydın görünür.

Ziddiyyətli məqam isə orasındadır ki, xristianlığın müdafiəçisi vəzifəsini üzərinə götürmüş katolik kilsəsi İsa Məsihin ikonu altında Musanın qaydalarını rəhbər tuturdu.

Yenə bu müqayisədən yola çıxaraq, akad. İ. M. Rəhimovun dəqiq ifadə etdiyi reallığa gəlib çıxırıq:

İsa Məsih insan mənəviyyatının,  Musa və Məhəmməd isə ictimai, sosial həyatın düzənini verən peyğəmbərlər idi.

Sonuncu təktanrılı din olan islamda isə yəhudilikdən fərqli olaraq, nə “diş əvəzinə diş”, nə də xristianlıqdan fərqli olaraq, “sağ yanağına vuranda sol yanağını çevir” qanunları yoxdur. İslam insan psixologiyasına daha təsiredici formada xitab edir. Bu, “ədalətli cəza və mükafat” doktrinasıdır. İslamda cinayət hüququ şəriət qanunlarına əsaslanır. Xatırladaq ki, şəriətə görə cinayət əməlləri “hüdud” və “tazir” olmaqla iki qrupa bölünür. “Hüdud” cinayətləri (oğurluq, zina, quldurluq) üçün cəzalar “Quran” və sünnədə konkret cəzalarla müəyyən edilib, dəyişdirilə bilməz. Tazir cinayətləri (döymə, təhqir etmə və s.) üçün cəzalar isə hakimin qərarına əsasən müəyyən edilir.

Sadələşdirsək, islamın cinayət və cəza probleminə ümumi baxışını belə ifadə edə bilərik: Yaxşı işlər görən, Allahın buyurduğu yolla gedən möminlər o biri dünyada əbədi cənnəti qazanacaqlar. Allahın bəyənmədiyi işlərlə məşğul olanlar, pis əməllər törədənlər isə əbədi odda – cəhənnəmdə yanacaqlar. 

Xristianlıqda cinayət hüququ (inkivizisiyanı nəzərə almasaq) daha çox dünyəvi qanunlara əsaslanır. Kilsə isə öz növbəsində tövbə və bağışlanmaya üstünük verir.

Burada vacib bir məqamı qeyd etməliyik ki, Papalıq institutunda və kilsə hakimiyyətində olduğu kimi “Qurani-Kərim” də ictimai həyatda xristianlıqdan daha çox,  yəhudiliyin davamı kimi çıxış edir. Əslində, “Quran”dakı Allah Tövratdakı qədər sərt olmasa da xristianlıqdakı qədər yumşaq da deyil.

Məsələn, “Qurani-Kərim”dəki bəzi ayələrə nəzər salaq:

“Allaha və peyğəmbərinə qarşı vuruşanların, yer üzündə fitnə-fəsad salmağa çalışanların cəzası ancaq öldürülmək, çarmıxa çəkilmək, əl-ayaqlarının çarpazvari kəsilməsi (sol əl və sağ ayaq, yaxud sağ ayaq, sol əl) yaxud yaşadıqları yerdən sürgün olunmalarıdır. Bu cəzalar onlar üçün dünyada böyük bir rüsvayçılıqdır. Axirətdə isə onları böyük bir əzab gözləyir” (“Maidə” surəsi, ayə -33).

Bu və bənzəri “Quran” hökmlərindən də aydın olur ki, islam dini düşmənlərinə qarşı həm də sərt cəzaların tərəfdarıdır. Eyni fikri Tövratdakı amansız əmrlər barədə də söyləmək olar. Lakin bu məsələlərə həmin dövrün reallıqları konteksindən baxanda sözügedən hökmlər  təbii görünür. Çünki iudaizm yəhudi dövlətinin, islam dini də ərəb dövlətinin həm siyasi ideologiyası, həm də konstitusiyası rolunu oynayırdı.

Tövratda nəql edilən “Adəm-Həvva”, “İblisin qiyamı”, “Habil-Qabil”, “Nuh tufanı”, “Sodom və Qomorranın məhvi”, “Qızıl inək” və s. kimi əhvalatlar eynisi ilə Quranda da təkrarlanır. Məlumat üçün bildirək ki, “Həzrəti Musa” kəlməsi “Quran”da 136 dəfə, Məryəm oğlu İsanın adı isə 180 dəfə çəkilir.

Bütün bunlara və sadalamadığımız digər nüanslara əsaslanaraq hər üç semit dininə biri-birinin ideoloji davamı və daha təkmil versiyası kimi baxmaq mümkündür.

***

Ziddiyyətlərdən söz düşmüşkən, qeyd etmək lazımdır ki, İslam coğrafiyasında hər zaman mübahisə doğuran ciddi məsələlərdən biri də “cihad” mövzusu olub.  

İ.M.Rəhimova görə “Qurani-Kərim”də konkret mənada  “cihad” anlayışı yoxdur. “Cihad” daha çox insanın öz nəfsi ilə, öz daxilində apardığı mübarizə hesab olunur. Təəssüflər olsun ki, müəyyən siyasi dairələrin maliyyələşdidiyi radikal islamçı qruplaşmalar “cihad” kəlməsini terrorizmin mənbəyinə çeviriblər.

İ.M. Rəhimov yazır:

““Cihad” sözü nə deməkdir? Müsəlman ilahiyyatçılarının iddia etdiyi kimi, daxili mübarizə, yoxsa kafirlərə qarşı şiddətli mübarizə? Bu sual 11 sentyabr 2001-ci ildən sonra xüsusilə kəskinləşdi. Kim haqlıdır? Bu sualın cavabını Quranda tapa bilmərik, baxmayaraq ki, tez-tez 9-cu surənin 5-ci ayəsinə istinad edilir: “Haram aylar (onlara möhlət verilmiş zilhiccə, məhərrəm, səfər rəbiüləvvəl ayları) çıxınca müşrikləri harada görsəniz öldürün, yaxalayıb əsir alın, həbs edib bütün yollarını, keçidlərini tutun. Əgər tövbə etsələr, namaz qılıb zəkat versələr onarı sərbəst buraxın ( işiniz olmasın). Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!”
İ.M. Rəhimov “Din və Cəza”, Səh: 163)

İlham Rəhimov “Quran”da kafirləri cəzalandırmaqla bağlı ayələri şərh edərkən xüsusilə vurğulayır ki: “Quran”dakı ayələrin əksəriyyəti müsəlmanların kafirləri  indi və necə cəzalandırması ilə bağlı deyil, Allahın onları ölümdən sonra (axirətdə) necə cəzalandırması haqqındadır”.

İ. M. Rəhimov “Din və cəza”, səh: 163).

Müəllif sözügedən ayəni əsas tutaraq, islamı qaralamağa çalışanlara xaç yürüşlərini xatırladır:

“Qərbdə “Quran”dakı bəzi ayələrə istinad edərək islamın bir zorakılıq dini olduğunu iddia edirlər. Lakin xristian kilsəsinin “Əhdi-Ətiq”ə istinad etdiyi səlib yürüşlərini isə “unudurlar.”

İ. M. Rəhimov “Din və Cəza”, səh: 163 ).

Son olaraq, akademik İlham Rəhimovun “Din və Cəza” kitabı barədə fikirlərimizi aşağıdakı nəticə ilə yekunlaşdırırıq:

“Din və Cəza” kitabında müxtəlif dinlərə məxsus “cinayət və cəza” anlayışları əhatəli tədqiq olunub, cəza sistemləri müqayisəli təhlil metodu ilə dərindən analiz edilib.

Xüsusilə monoteist dinlərdə sual və müzakirə doğuran bir çox qaranlıq məqamlara elmi-tarixi reallıq fonunda, həmçinin, müəllifin şəxsi mühakimələri əsasında aydınlıq gətirilib.  

Müəllif əvvəlki əsərlərində olduğu kimi bu kitabında da elmi üslubun ağır, akademik dilindən yox, bütün növ auditoriyalar üçün anlaşıqlı olan elmi-publisistik üslubdan istifadə edib.

Kitabda dünya dinlərinə tam obyektiv, tərəfsiz elmi baxış sərgilənib.

Bu elmi-tədqiqat işində dinlərin mənəvi, tarixi əlaqəsi qorunub, hər bir dinin qanunlarına öz dövrünün reallıqları konteksində yanaşılıb.

Beləliklə, akademik İlham Rəhimovun “Din və Cəza”, eləcə də bu seriyanın davamı olan “Dünya dinlərində cinayət və cəza:  tarixi, dini, hüquqi və fəlsəfi aspektlər” kitabları din və hüquq sahələri arasında körpü rolunu oynayaraq, oxucunun, (xüsusən də gənc tədqiqatçıların) bu sahəyə dair mürəkkəb məsələləri daha dərindən anlamasına imkan yaradır.  

Şəlalə Göytürk Niaqara
AYB üzvü, fəlsəfəçi

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Mart 2025

BÜTÜN XƏBƏRLƏR