Onlayn ictimai-siyasi qəzet
Müharibə cinayətlərinə, kütləvi cəzalandırmalara, özbaşınalıqlara, saraydaxili intriqalara dair Rusiyadan gələn xəbərləri oxuyanda bir çoxları mat qalır: bir Avropa ölkəsində bu qədər qəddarlıq, qanunsuzluq, dərəbəylik haradandır?
Haradan olacaq? Öz tarixlərindən. 1905-ci ildən bəri, aradan keçən 117 ildə bu ölkə həmişə belə olub: hakimiyyət, mənsəb, sərvət uğrunda amansız mübarizə, bu qovğada uduzanların məhv edilməsi, sırvi müxaliflərin kütləvi repressiyaya məruz qoyulması, sürgünlərə, katorqalara göndərilməsi, etiraza qalxanların gülləbaran edilməsi, sorğu-sualsız güllələnmələr, təcridaxanada işgəncələrlə qətledilmələr və sair və ilaxır antibəşəri aktlar. Hamısı olub.
Belə hallar kütləvi şəkildə çar II Nikolayın dönəmində də olub, Leninin dövründə də, Stalinin hakimiyyəti illərində də, hələ Xruşovun zamanında da. Putinin idarəçilik üsulu da onlardan gəlir.
Bu ölkəni idarə edənlərin içində müsbət xarakterizə ediləcək siyasətçilər bir əlin barmaqlarının sayı qədər azdır. Mütləq əksəriyyəti başkəsən, haramxor, karyerist, haqsız-ədalətsiz, tamahkar, qəddar olublar. Demək olar ki, hamısı siyasi rəqiblərinin, günahsız insanların qətlində iştirak edib, hamısı bacardıqca komfort içində yaşamağa çalışıb, heç biri özünü dünya ləzzətlərindən məhrum etməyib.
Bu həqiqətlərdən bəhs edən minlərlə tarixi oçerk, bədii əsərlər, məqalələr, filmlər var. Son 117 ilin tarixi ilə maraqlananlar üçün artıq bu xüsusda heç bir sirr qalmayıb. Hər şey gün kimi ortadadır – qanlı monarxiyadan xilas olan müasir Rusiyanın tarixi qanla yazılıb.
Stalin, Trotski, Xruşov, Beriya, Tuxaçevski, Jukov, Brejnev, Andropov və başqaları haqqında sənədli filmlərə baxarkən bir daha aydın olur ki, bu ölkənin hələ də qan bataqlığından çıxa bilməməsinin səbəbkarları insanları idarə edənlərin özlərini həmişə orta əsrlər hökmdarları və sərkərdələri kimi aparmaları üzündəndir. Əlinə yüksək vəzifə keçən hər kəs hesab edib ki, artıq cəzasızlıq mühitindədir və istədiyi hər şeyi edə bilər.
Sovet-kommunist dövləti bərqərar olandan ta dövlət süqut edənə qədər saysız-hesabsız dövlət çevrilişləri cəhdləri, sui-qəsd sözləşmələri baş verib. Lenini psixatriya xəstəxanasına salıb hakimiyyəti götürən “leninçilər” daha sonra Stalini də elə etmək istəyiblər. Trotski, Kirov, Zinovyev kimi adamlar gerçəkdən də qruplaşmalar yaradıb saray çevrilişi etməyə, Stalini devirməyə çalışıblar. Alınmayıb.
Belə anlaşılır ki, ötən əsrdə Rusiyanın ən ağıllı, ən iradəli, ən soyuqqanlı, hətta ən ədalətli siyasi xadimi məhz Stalin olub. Onun öz yaxın çevrəsini repressiya etməsi heç də kaprizindən, paranoikliyindən doğmayıb, sırf silahdaşlarının dövlətə, partiyaya, onun özünə xəyanətinə dair təkzibedilməz faktlara malik olmasından qaynaqlanıb.
Tərifli Tuxaçevski və ona dəstək verən marşal və generallar da gerçəkdən hərbi çevriliş hazırlayıblar, Stalini və komandasını həbs etmək və hamısını bir günün içində qətlə yetirmək planları olub, fəqət gəncliyində quldur olmuş Stalinin fenomenal iradəsi və idarəçiliyi sayəsində onların planı fiaskoya uğrayıb. Nəticəsi də ağır olub.
Rusiya həmin Rusiyadır. Stalindən sonra hakimiyyəti min bir hiyləgərliklə ələ keçirən Nikita Xruşovun taleyi necə oldu? Molotov, Kaqanoviç və Voroşilov onu devirmək istədilər, alınmadı. 5-6 ildən sonra isə Brejnevin qrupu hiylə ilə saray çevrilişi edərək Xruşovu devirdi. Bu hadisə 15-20 il əvvəl olsaydı, Xruşovu edam edərdilər, ancaq yeni rəhbərlər “tısbağanı öldürməmək, sadəcə, arxası üstə çevirmək” taktikası seçdilər.
Daha sonralar da Kremldə bu kimi hadisələr – ölkəni idarə edənlərin qruplaşmalar yaratması, amansız intriqalar içinə girmələri SSRİ dağılana qədər davam edib. Rusiyanın başına keçən Yeltsinin Primakov və Lujkovla amansız mübarizəsi də o qrafadandır. Nəhayət, Putin uzun çəkən mürəkkəb proseslərdən sonra Stalin dövrünə xas təkbaşına hökmranlıq imkanı qazanıb. Onun da axırı bu cürdür, müharibə məğlubiyyəti ilə üz-üzə, saray çevrilişi ilə burun-burunadır. Sabah “Putin devrildi, həbs edildi” xəbəri yayılsa, ölkəsində və dünyada heç kəs təəccüb etməyəcək, çünki hamı məhz bu xəbəri gözləyir.
Ən pisi odur ki, azman Rusiya bu kimi istiqrarsız, qeyri-sabit daxili, sağı-solu bəlli olmayan xarici siyasətilə ətraf ölkələr, eləcə də dünya üçün təhlükəlidir.
11 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ