İnsanlara hürriyət, millətlərə istiqlal!

Centlmen anlaşması: Rusiya Qarabağdan çıxdı, sıra Ermənistanda? - Qərbin planı nə...

Dövlət Departamentindən rus sülhməramlılarının Azərbaycandan gedişinə əcaib reaksiya; deputat: “ABŞ və Fransa  bizim regionda gərginliyə son qoyulmasını qətiyyən istəmir”

Rusiyanın müvəqqəti sülhməramlı kontingenti 2020-ci ilin 10 noyabr kapitulyasiya sənədində nəzərdə tutulduğundan il yarım tez Qarabağı tərk etməli oldu. Əslində erməni əhali könüllü köç edəndən sonra rus hərbçilərin ərazimizdə qalması öz anlamını faktiki itirmişdi.

Artıq həm rəsmi Bakı, həm də Kreml Rusiya kontingentin Qarabağdan çıxarılmasını təsdiqləyib. Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, sülhməramlıların şəxsi heyət və hərbi texnikalarının Qarabağdan çıxarılmasına başlanıb. Öz növbəsində Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev sülhməramlıların ərazimizdən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyinin qərar qəbul etdiyini deyib. Demək, Türkiyə və Rusiya hərbçilərindən ibarət Ağdam Monitorinq Mərkəzi də tezliklə qapadılacaq, artıq bu barədə xəbərlər yayılır. Diqqətçəkəni həm də odur ki, proses hay-küysüz, iki qonşu dövlət arasında normal münasibətlərin xarakterinə uyğun şəkildə və hər iki ölkənin ali rəhbərliyinin qərarı ilə reallaşır. Bəs bölgədəki yeni reallıq fonunda Qərb, özəlliklə onun aparıcı dövləti ABŞ bu olaydan sonra Ermənistandan da Rusiya hərbi kontingentini çıxarmaq üçün İrəvana təzyiqləri artırmaq yönündə hərəkətə keçə bilərmi?

Yeri gəlmişkən, ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel Rusiyanın sülhməramlı kontingentinin Qarabağdan tezliklə çıxarılmasını şərh edərək qeyd edib ki, bu, Rusiyanın etibarsız müttəfiq olduğunun göstəricisidir. Əcaib yanaşmadır. Ağ Ev bu mövqe ilə əslində “ağ eləyib”. Belə çıxır ki, etibar anlayışı ancaq ermənilərə münasibətdə aktualdır bu ölkə üçün...

Azərbaycan və Rusiya hərbi kontingentin çıxarılmasına qərar verdikdən sonra Ermənistandakı Rusiya hərbi bazasına da diqqət yönəlməkdədir. Bəs, Putin və Paşinyan arasında da belə bir dinc (centlmen) anlaşma mümkündürmü? Azərbaycanla sülh müqaviləsinin imzalanması buna zəmin yarada bilərmi? Başqa yandan, ruslar çıxdı deyə, Qərbin Qarabağa BMT missiyası adı ilə girməyə həvəslənməsi mümkündürmü? Brüssel və Vaşinqtonun planı nə ola bilər?

Millət vəkili - Sahib Alıyev

 Sahib Alıyev

Bütün bu suallarla əlaqədar müraciət etdiyimiz deputat Sahib Alıyev “Yeni Müsavat”a bildirdi ki, Rusiyanın Qarabağdakı hərbi kontingentini vaxtından öncə oradan çıxarması  sözügedən dövlətin Azərbaycanın regionda da olmasa, öz torpaqlarında  yaratdığı reallıqla  razılaşdığının növbəti və sonuncu  təsdiqidir: “Amma Azərbaycan təkcə öz torpaqlarında yox, bütövlükdə regionda yeni reallıq formalaşdırmağa çalışır ki, burada da söhbət ilk növbədə dayanıqlı sülh quruculuğundan gedir.  Bunu həzm etməyənlər isə yetərincədir, ilk növbədə də qərbdəki bəzi yırtıcılar nəinki bizim regionda qarşıdurmanın  tam aradan qalxmasını istəmirlər, hətta Azərbaycanın öz torpaqlarını işğaldan qurtarıb üzərində suverenliyini təmin etməsi ilə də barışmırlar. Mübhəm Brüssel görüşü, onun ardınca Fransanın Azərbaycandakı səfirini geri çağırması  və  ABŞ-nin Ermənistandakı baş diplomatı  Kristina Kvinin  açıqlamaları da bunu təsdiqləyir. Görün, İranın Ermənistandakı səfirindən çox da fərqlənməyən bu xanım nə deyir: ”Qeyd etməliyəm ki, Qarabağ hayları qayıtmalı və təhlükəsiz mühitdə yaşamalıdırlar. Birləşmiş Ştatlar onların bu hüququnu dəstəkləyir, amma adamlar qayıtmaq üçün orada təhlükəsiz şərait görmürlər. O səbəbdən də biz diqqəti  onlara burada, Ermənistanda  yardım etməyə yönəltmişik. Ancaq bu, heç də qayıtmaq məsələsinin bağlandığı demək deyil". Yəqin ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Braynın ötən il noyabrın 15-də Konqresdəki dinləmə zamanı etdiyi çıxışı xatırlayanlar var. Həmən çıxışda ABŞ rəsmisi özünü və ölkəsini gülünc vəziyyətində qoyaraq geriyə addım atmalarına aparıb çıxaran nataraz açıqlamalarıyla yanaşı, hansısa bir araşdırma komissiyası yaratdıqlarını, o komissiyanın Qarabağı tərk edən haylarla söhbət apardığını və gəlinən nəticəni, başqa sözlə desək, orada etnik təmizlənmə aparılıb-aparılmadığını hələ açıqlamaq istəmədiklərini bildirmişdi. Bir də onu bildirmişdi ki, Avropa Birliyi ilə birgə Ermənistana dəstək üçün  üçlü məsləhətləşmələr keçirmək planları var, yəni bir növ Brüsseldəki 5 aprel görüşünün anonsunu vermişdi. Beləliklə, çox ehtimal ki, Brüssel görüşündə Qarabağı tərk etmiş hayların ora necə, hansı şərtlər çərçivəsində qaytarılacaqları və onun üçün nə etmək lazım gəldiyi  də məsləhətləşilib. Görüşün yekunuyla  ilə bağlı rəsmi  açıqlamada bununla bağlı heç nə deyilməməsi və O’Braynın haqqında danışdığı komissiyasının Qarabağı tərk etmiş haylarla apardığı söhbətdən gəlinən “nəticə”nin hələlik açıqlanmamasının əsas səbəbi zənnimcə,  Rusiyanın oradakı hərbi kontingenti idi". 

S.Alıyevin sözlərinə görə, mümkündür ki, Rusiya hərbi kontingenti Qarabağdan çıxandan sonra sözügedən komissya nəticəni açıqlayacaq və orada  Azərbaycan  guya etnik təmizləmə aparmaqda suçlandırılacaq: “Ardınca da qərbdəkilər hayları təzyiq yoluyla öz qanadları altında  yenidən Qarabağa  qaytararaq oranı kosovolaşdırmağa cəhd edəcəklər. Burada Paşinyanın sözdə də olsa, Azərbaycanın torpaq bütünlüyünü niyə tanıması ilə bağlı  son etirafına diqqət yetirmənizi istəyirəm.  Ermənistan baş naziri eyhamla bildirir ki, o, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını məhz qərbdəkilərin diqtəsi ilə dilə gətirib. Burada isə məqsəd qətiyyən ”miatsum" xülyasından əl çəkmək olmayıb. Həmən qərbdəkilərin planları belə imiş ki, öncə Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyaraq işğal suçunu üzərindən sildirsin, ardınca da onlar orada yaşayan hayların hüquqlarının tapdandığı, təhlükəsizliklərinin təhdid edildiyi adı altında  “xilas olmaq üçün ayrılmaq” ssenarisini işə salsınlar.  Yəqin dövlətimiz Paşinyanın Azərbaycanın torpaq bütünlüyünü tanımasının arxasında  Qərbin məkrli oyununun gizləndiyini ilk gündən bildiyindən qabaqlayıcı addımlar atdı. Prezidentimizin köməkçisi Hikmət Hacıyev Qarabağdakı antiterror tədbirlərindən sonra “game over”, yəni “oyun bitdi” sözlərini hər halda elə-belə işlətməmişdi. Yeri gəlmişkən, ötən ilin noyabrında Konqresdəki dinləmə zamanı ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Qarabağdakı Rusiya hərbi kontingentinin üzərinə düşən vəzifəni yerinə yetirmədiyini bildirərək qərbinki ilə əvəzlənməli olduğuna da açıq eyham vurmuşdu. Ona görə onların eyhamlarını  reallaşdırmaq üçün yenidən hərəkətə keçəcəklərini istisna etmirəm". Deputat qeyd etdi ki, Fransanın Azərbaycanla körpüləri tam yandırmağa hazır olduğunu sərgiləməsi,  ABŞ səfiri Kristiana Kvinin ölkəsinin Ermənistanla “təhlükəsizlik və müdafiə ilə bağlı çox fəal, məzmunlu müzakirələr” apardığını, ora zirehli təcili yardım maşınları göndərəcəyi və Vaşinqtonun regionda gərginliyə xidmət edən digər planları haqdakı son açıqlamalarının arxasında məhz bu niyyət dayana bilər: “Digər planlar deyərkən mən ilk növbədə və Azərbaycanla şərti sərhəddə onun da ”mülki" təmsiçilərinin peyda olacaqlarını “istisna edilmədiyini” nəzərdə tuturam. Maraqlıdır deyilmi, əgər sözü gedən cütlük  Ermənistanı savaşa sürükləmirsə, ABŞ-ın “Ermənistanın Müdafiə Nazirliyinə kömək məqsədilə məsləhətçi” təyinatı, ora zirehli təcili yardım maşınları göndərməyə hazırlaşması, onunla  “təhlükəsizlik və müdafiə ilə bağlı çox fəal, məzmunlu müzakirələr” aparması və Brüssel görüşündə artıq üzərindən sirr pərdəsi götürülən digər gizli razılaşmalar nə üçündür? Orası da aydındır ki,  Ermənistanı hərtərəfli silahlandırsalar da, yeni savaş başlayarsa, nə ABŞ, nə də Fransa hərbçiləri haylarla çiyin-çiyinə vuruşmayacaqlar. Olsa-olsa, bir neçə hay əsilli terrorçudan başqa həmən ölkələrdən kimsə gəlib onlara qoşulmayacaq. Ancaq Qərbdə əmindilər ki, belədə sevimli hayları taleyin ümidinə də buraxılmayacaqlar". 

S.Alıyev bildirdi ki, burada ABŞ Dövlət Departamentində Rusiya-Amerika prezidentlərinin ikitərəfli komissiyasının keçmiş müşaviri Ceyms Kardenin “American Conservative”də dərc edilən məqaləsindəki  “Ermənistanın təhlükəsizliyinin ən yaxşı təminatçısı Rusiya və İrandır” cümləsini xatırlatmaq lazım gəlir: “Yəni mümkündür ki, qərb  bunun alınmayacağını bilə-bilə Rusiyanı Ermənistandan vurub çıxarmaq adı altında əslində hayları Qarabağa qaytarıb öz ”sülhməramlı"larıyla Azərbaycanda hərbi mövcudluğunu təmin etməyi,  hədəfləyir. Beləliklə, bu plan alınsa, müvəqqəti səlahiyyət bölgüsü baş verir,  Ermənistandakı haylar Rusiyanın, Qarabağdakılar isə qərbin əlində geosiyasi alətə  çevrilirlər. Sonrakı mərhələdə isə artıq Rusiyanı regiondan vurub çıxarmaq indiki qədər mürəkkəb təsir bağışlamayacaq. Fəqət, açığı mən Rusiyanın əgər varsa, belə bir planla razılaşacağını düşünmürəm və bir daha vurğulayıram ki, bütün bunlar ehtimallardır". 

Amma deputat vurğuladı ki, ehtimal olmayan iki reallıq da var: “Onlardan birincisi budur ki, ABŞ və Fransa  bizim regionda gərginliyə son qoyulmasını qətiyyən istəmir və burada  NATO üzvü Türkiyədənsə, düşmən kimi təqdim etdikləri  Rusiya ilə İranın dominant güc olaraq qalmalarında daha maraqlıdır. İlk növbədə ona görə ki, onların heç birində öz dominantlıqlarını hegemonluğa çevirmək potensialı görmürlər.  Türkiyəyə, türk dünyasına yanaşmada isə əks fikirdədirlər, elə Zəngəzur dəhlizinin işə düşməsinin əleyhinə çıxmalarının səbəblərindən də biri budur. İkinci realıq isə ondan iabrətdir ki, Azərbaycan da, Türkiyə də, qərbdəki bəzi güclərin  ölkələrimizi Rusiya və İranla toqquşdurmaq niyyətlərindən də, digər məkrlərindən də xəbərdardırlar və cənab İlham Əliyevin təbirincə desək, biz bütün ssenarilərə hazırıq. Bütün ssenarilərə hazır olduğumuzu isə qabaqlayıcı addımlar atmaqla bir neçə dəfə artıq göstərmişik də”.

Elxan Şahinoğlu - Bioqrafiya.com

Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğlu isə sülhməramlıların sakitcə çıxarılmasını həzm edə bilməyənlərin yeni bəhanə uydurmasına diqqət çəkib: “Rusiya daxil olduğu məkanı tərk etmir” tezisi Azərbaycan nümunəsində ortadan qaldırıldıqdan sonra yeni tezis gündəmə gətirilib: “Rusiya hərbçilərinin Qarabağı vaxtından əvvəl tərk etməsi Bakının Kreml qarşısında hansısa şifahi öhdəliyi sayəsində mümkün olub”. Şifahi öhdəlik kimi Rusiyanın istəyi ilə Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzv olacağı göstərilib. Rəsmi Bakının bu təşkilata üzv olmasının şərti bəllidir: Ermənistan Azərbaycanla sülh sazişi imzalamalıdır. Bu saziş imzalanandan sonra Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzvlüyü müzakirə oluna bilər. Ermənistan xaric, bu təşkilatdakı üzv dövlətlər Azərbaycanın tərəfdaşlarıdır və hər biri ilə sıx iqtisadi əlaqələrı mövcuddur". E.Şahinoğlu hesab edir ki, Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyü isə mümkün deyil: “Azərbaycan hərbi bloklara qoşulmur və bu səbəbdən Qoşulmayanlar Hərəkatının üzvü olub. Bu məntiqi Kreml də qəbul edib”.

E.PAŞASOY,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR