İnsanlara hürriyət, millətlərə istiqlal!

Cəmiyyət əxlaqının keşiyində

“Dünya var, ancaq o? real deyil”

(Buddizm)

Hələ 19-cu əsrin ortalarında proletariatımızın ulu babalarından Karl Marks demişdir: “Cəmiyyət iki halda korlanır. Bir cinayətkar cəzalananda. Bir də günahsız insan türməyə basılmayanda”.

Düzdür, bunun başqa, tərs variantı da bir aralar ölkəmizdə moda minmişdi, Allaha şükür, tezliklə rədd elədik. Hətta o tərs fikir populyar olan dönəmdə zəhmətkeşlərimiz çox hirsləndilər və Marksın Azadlıq və Ziya Bünyadov küçələrinin kəsişməsindəki heykəlini yıxdılar, yerində xalqımıza daha lazımlı yanacaq istasyonu qayırdılar.

Həqiqətən, cinayətkarı cəzalandırmaq millətin əxlaqını pozur. Ona görə də 5-10 il qabaq hökumətimiz Milli Təhlükəsizlik Nazirliyini ləğv eləyib, generalları içəri basanda camaat çaş-baş qaldı. Bəs indi biz hansı məqsəd, məram, arzu, istək, vüsal, hicran yolunda yaşamalıydıq? Ölkədə beş-on pullu, vurub-yıxan, atıb-tutan kişi var, sən də onları tut, bas... Bunu Allah götürərmi? Şükür, tezliklə generalların hamısı amnistiyaya düşüb azadlığa qovuşdu. Onların başçısı Eldar müəllimi isə nə yaxşı ki, heç bir sutkalıq da tutmadıq. Xəcalətli iş olardı. Tariximizə qara ləkə kimi yazılardı.

Qaldı günahsız insanı cəzalandırmaq, maşallah, bu sahədə problem yaşamırıq. Hazırda türmələrdə çoxlu günahsız insan dövlət hesabına saxlanılır, onlara gündə 3 dəfə çörək, su verilir, bəzən havaya gəzməyə çıxarılırlar. Hərçənd buna mız qoyan xarici təşkilatlar çoxdur. Məsələn, Bəxtiyar Hacıyevi cəmi 3 ay deyil türməyə salmışlar, artıq ABŞ, Avropa narahat olur. Açıq-aşkar istəyirlər biz bir də günahsız insanları tutmayaq, ölkəmiz korlansın. Düşmənçilikdir.

Bir də MTN generallarının çoxlu mal-mülkü müsadirə edilmişdi, son çağlar hamısını geri qaytarırıq. Ali Məhkəmənin sədri Ramiz Rzayev generalların evlərinin qaytarılmasına dodaq büzənlərə təzəlikcə belə cavab vermişdir: “Bu kimi hallarda istintaq orqanı tərəfindən müəyyən olunmalıdır ki, üzərinə həbs qoyulan əmlaklar oğurluq pulla alınıb, yoxsa şəxsin hər hansı qohumuna məxsusdur. Nə cinayət olursa-olsun, biz qərar qəbul edərkən qanunu rəhbər tuturuq. Kimliyindən asılı olmayaraq, qanun qarşısında hamı bərabərdir. Biz deyə bilmərik ki, bu Çovdarovdur, bu başqasıdır, ona qanunu tətbiq etməyək. Mənim üçün nə fərqi var, Çovdarov, Qurbanov, ya da Məmmədov... Biz gərək qanunu düzgün şərh edək, birinə qarşı bir cür, digərinə başqa cür edə bilmərik”.

Həqiqətən, qanun qarşısında hamı bərabər olmalıdır. Hətta yaxşı olar bəziləri daha çox bərabər olsunlar. Ancaq Çovdarov, Qurbanov və ya Məmmədov soyadlarının onların vaxtilə tutub soyduğu adamlar üçün böyük fərqi var idi. Yəqin Ramiz müəllimə qismət olmayıb. Məsələn, Metro Tağıdan Çovdarov 3 milyon dollar almışdı. İndi sən Tağı müəllimdən soruş, gör Çovdarov soyadını başqa soyadlardan necə fərqləndirir. Ya da Aqil Xəlildən.

Başqa tərəfdən, ali hakimimizin şərhi bir məsəli yadımıza salır: “Bu pişikdirsə ət hanı, ətdirsə pişik hanı?” Hesab edək generallar o milyonluq evləri oğurluq yoluyla əldə etməyib, doğrudan qahımlarına məxsusdur. Bəs onlar iş adamlarını tutub yolanda pulları hara sərf ediblər? Yəqin həmən pullarla Afrikada artezian qazırmışlar. Ya da Volqaboyu aclarına yardım ediblər. Eldar Mahmudov Beynəlxalq Qırmızı Xaç-ın xoşməramlı səfiri imiş, Efiopiyanın, Hindistanın, İndoneziyanın yetim-yesirləri ona “Eldar ata” deyə müraciət edirlər. Bir növ, Tereza ananın milli versiyasıdır.

Ta bizə nə qalır? Arzu edirəm sizin də hamınız Çovdarov və Məmmədov soyadları arasında fərqi bilməyəsiniz. Əsas budur. Bir də əsas odur cəmiyyətin əxlaqı korlanmasın, günahsızları tutsunlar, cinayətkarlar azadlıqda qalsın. İlahi, amin.

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR