Onlayn ictimai-siyasi qəzet
İndiki gənclər daha yaxşı bilər, Feysbukun video bölümü dəsgahdır. Orada hər şey paylaşılır – Hasan Canın “Konuşanlar”ından tutmuş, Cem Yılmazın konsertlərindən fraqmentlərə, “Güldür-güldür”ün sketçlərindən başlamış, bizim “Komedixana”nın mini-tamaşalarına qədər.
Bu bölümdə retro mahnılara da rast gələrsən, ayrı-ayrı problemlərə həsr olunmuş ciddi reportajlara, filmlərdən fraqmentlərə də, TV-lərimizin düşük “şou-biznes-manıs-toy” mövzusunda sonu görünməyən musiqili tok-şoularına da. Bir sözlə, zəngin videotekadır. Seçim də öz əlindədir, kursoru aşağı diyirlədirsən, istədiyin yerdə saxlayırsan, baxırsan. Belə daha yaxşıdır, dənizin siyunun hamısını içmirsən, bir qurtum bəs edir.
Dünən həmin bölümdə qarşıma ünlü şoumen-aktyor, prodüser Cem Yılmazın yeni filmi “Arif V216”-dan bir fraqment çıxdı. Baxdım. Əvvəli yaxşıydı. “Ajda Pekkan” Cemi, yəni “Arif Işığ”ı səhnəyə, mahnı oxumağa çağırdı. O da əvvəlcə naz elədi, sonra şık geyimdə səhnəyə çıxdı, musiqi çalındı, Cem mikrofonu ağzına yaxınlaşdırdı və qəfildən səhnə də, musiqi də dəyişdi. O boyda Cem Yılmaz səhnədə, türkün sözü, “pavyon kadınları”nın, yəni bar “quş”larının geydiyi mini yubkada, qanadları olan penuar köynəkdə göründü və Tarkanın “Yakalarsam, maç-muç” şərqisini oxumağa başladı.
Bəli, o boyda Cem Yılmaz xalqı məhz mini yubka geyərək əyləndirir. Burada, əlbəttə ki, əyləndirməklə yanaşı, pul qazanmaq niyyəti də var və bir sənətçi üçün cilddən-cildə girmək, qılaf dəyişdirmək ayıb deyil.
Adam artistdir, özü də komediya aktyorudur, onun bu xüsusda hər hansı bir kompleksi yoxdur. “Sultan Süleyman” rolunun ifaçısı Halid Ərgənc elə edərmi? Sanıram ki, etməz. Sanbalına yaraş(dır)maz. Bundan əvvəl yaratdığı sultan obrazının əzəmətini də heç-puç edər. Amma onunla eyni filmdə rol alan, “Rüstəm paşa” kimi ciddi, dramatik bir obrazı canlandıran Ozan Güvən Cemin filmində robot roluna çəkilib. Çünki o, çoxprofilli artistdir.
Bu baxımdan biz hərdən Rəfaellə Coşqunun, o birilərin qılıq dəyişdirməsini, cilddən-cildə girməsini normal qarşılamalıyıq. Adamların sənəti budur, öz işlərini görürlər – sevib-seçdikləri və ən yaxşı bacardıqları iş budur. “Böyük dayaq”da “Rüstəm kişi” rolunu oynayan Ələsgər Ələkbərov belə rollar oynayardımı? Oynamazdı. Fuad Poldaov oynamazdı. İndinin özündə Nurəddin Mehdixanlı elə rollar oynamaz. Amma Yaşar Nuri və Rəfael Dadaşov “Ordan-burdan” tele-tamaşasında qadın qılığına girənlərin rolunu oynayanda da heç kəs onları qınamamışdı.
İndi təsəvvür edə bilərikmi Xan Şuşinski telekanallarımızdakı saysız-hesabsız şou verilişlərinin birinə qatılır və studiyada ona düşük-düşük suallar verirlər, o da cavab verir. Mümkün deyil. Adam yavaşca qavalını da götürüb studiyadan çıxardı. Kişinin dağ boyda əzəməti vardı. Necə ki onun sənət xələfi Arif Babayev heç vaxt öz sanbalını sındırmadı.
Bir dəfə, gərək ki, “Speys”də Arif Babayevi canlı şou proqrama dəvət etmişdilər, oturub sənətdan, gənc xanəndələrdən danışırdı. Birdən canlı yayıma xaricdən tamaşaçı qoşdular. Xəttin o başında bir qadın dedi: “Arif Babayev məllim, biz burada səni çox istəyirik”. Ağsaqqal xanəndə ehtiyatla soruşdu ki, xanım, siz hansı ölkədən zəng edirsiniz. Qadın cavab verdi: “Dubaydayıq, Arif Babayev məllim. Burada işləyirik”. Sənətkar bir aparıcıya baxdı, bir kameraya, yüngülvari gülümsədi və dedi: “İşiniz avand olsun, bala, Allah qüvvət versin”. Başqa heç nə. Onun yerində gənc müğənnilərdən biri olsaydı, ucundan tutub ucuzluğa gedər, şit-şit zarafatlara, iyrənc eyhamlara əl atar, şou yaradardı.
Son vaxtlar insanlarımızın TV efirlərindəki çirkinlikləri, iyrənclikləri kütləvi şəkildə tənqid etməsinin əsl səbəbi bu gedişatın eybəcər yerlərə gedib çıxacağından ehtiyat etmələri üzündəndir. İl-ildən vəziyyət pisləşir – sənətçilərin bir xeylisi sırtıqlaşır, bəziləri öz sapıqlıqlarını nəinki gizlədir, əksinə, reklam edir, yeniyetmələrin, gənclərin tərbiyəsini poza biləcək əyani nümunələr (lüks maşın, dəbdəbəli villa, bahalı geyimlər, xarici səyahətlər və s.) göstərirlər. Onların yoluna meyllənənlərin həndəsi silsilə ilə artması gələcəyi düşünən adamlarda narahatlıq doğurur.
Açığı budur: bu səviyyəsiz şou verilişlərini, özünü satlıq mal kimi qapana çıxaranları tənqid edənlər istəmirlər ki, gələcəkdə bu ölkə qızlarına, bacılarına sutenyorluq edən ata və qardaşların milyonlarla olduğu Taylanda dönsün.
P.S. Cem Yılmazın yuxarıda sözügedən filminə gələn təqdir dolu yüzlərlə şərhdən biri də belədir: “Bu nasıl bir zeka, nasıl bir senaryo, Cem Yılmaz dünyada bir numara. Eline sağlık, Cem Yılmaz”.
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ