Onlayn ictimai-siyasi qəzet
Bu yazını oxuyanların içində Sərdar Cəlaloğlunu tanımayan olmaz. Olsa da, o şəxs, demək, Azərbaycan mediasında ilk dəfə yazı oxuyur.
Sərdar bəy çox qırmızı adamdır, dilinin əyləc sistemində xroniki nasazlıq var, beyninə bir söz gəldisə, mütləq deyəcək. Heç baxmaz ki, dost inciyər, düşmən sevinər.
Bu günlərdə o, siyasi gündəmə damğa vuran iki çıxış edib. Onlardan birində Sərdar bəy parlamentin sentyabrın 1-də seçiləcək yeni heyətinin 6 üzvünü bəribaşdan təxmin edib, digərində isə parlamentdə kimlərin təmsil olunmalı olduğunu göstərib.
Birinci mülahizə seçiləcəklərinə eyham edilənlərin xoşuna gəlməyib. Təbiidir. Atalar deyib ki, arxdan tullanıb keçməmiş “hopp” demə. Yəni “hopp”un öz məqamı var. Ola bilər ki, “hopp” deyərsən, amma arxın düz ortasına, lıqqanın içinə düşərsən, “şopp” səsi çıxar.
Ona görə də “mandat verilməsi” gözlənilən şəxslər hövsələ etməyin tərəfdarıdırlar. Amma bunun Cəlaloğluya dəxli yoxdur, söz dilinə gəlibsə, deməlidir. Bəzi yoldaşlar elə bilirlər ki, onda nəsə özəl informasiya var. Amma əlimi Sərdar bəyin yazdığı kitablara basıb and içərəm ki, doktorda heç bir özəl və gözəl informasiya yoxdur, dediklərinin hamısı onun analitik beyninin, təxəyyülünün məhsuludur.
Partiya sədrinin ikinci mülahizəsi isə daha aktual, hətta xeyli punktualdır. İndi onun sözlərini cümlə-cümlə iqtibas edirəm. Sitat: “Yeni parlament yeni insanlardan təşkil olunmaldıır, millətə, dövlətə bağlı olan şəxslər mandat almalıdır”. Düz deyir, elə olmalıdır.
Sitat: “Rusiyanın, digər Azərbaycanı istəməyən dövlətlərin, qüvvələrin təsiri altında olan şəxslərin Milli Məclisə buraxılması ənənəsinə son qoyulmalıdır”. Elə olsa, yaxşı olar.
Sitat: “Korrupsionerlərin, iş adamlarının, yaradıcı şəxslərin, müğənnilərin parlamentə düşməsinin qarşısı alınmalıdır”. Korrupsionerlərlə yaradıcı adamları bir cümlədə “vurmaq” gözlənilməzdir.
Sitat: “Məsələn, redaktorlar, jurnalistlər namizəd olurlar. Necə ola bilər ki, “dördüncü hakimiyyət”in nümayəndəsi gedib qanunverici orqanda oturur?! Bu gün idmançılar, müğənnilər, jurnalistlər, qeyri-siyasilərin bir çoxu deputatlığa iddialıdır. Mən başa düşmürəm, parlament oyuncaqdır? Parlament siyasi müstəvidə formalaşmalıdır, siyasi çəkişmə meydanı olmalıdır”.
Bax, bu sonuncu mülahizə arı yuvasına çubuq uzatmaqdır. İndi elə çıxmasın ki, müəllif deputatlığa namizəd olan həmkarlarının vəkilliyini edir. Yox, əsla.
Sadəcə, deputatlığa namizədləri peşələri üzrə xəlbirləsələr, axıra heç kəs qalmayacaq, hamı xəlbirin iri gözlərindən süzülüb gedəcək.
Məsələn, idmançılar, müğənnilər, jurnalistlər deputatlığa namizəd olmurlarsa, o zaman həkim-pataloqanotomlar da namizəd olmamalıdırlar. Yeri gəlmişkən, Sərdar həkim də pataloqanatomdur.
O biri həkimlər də eləcə, qoy gedib xəstələrini müalicə eləsinlər, onların parlamentdə nə işi var? Parlament siyasi çəkişmə meydanıdır. Düzdür, çəkişmə işində hamımızın üzü ağdır, amma qoy bu işi peşəkar siyasətçilər eləsinlər. Başqaları çəkişəndə parlament kolxoz qarajına dönür. Siyasətçilər çəkişəndə isə mədəni çəkişirlər, məsələn, belə deyirlər: “Bəy, mənim sənə böyük hörmətim var, amma sənin kimi yaramaz adam 39-42-ci paralellərdə yoxdur”.
Müəllimlər də öz işləri ilə məşğul olsalar, sinifə və auditoriyaya getsələr, yaxşıdır. Onlar parlamentdə oturanda başlayırlar başqalarına dərs keçməyə, söz alanda da düz 45 dəqiqə danışmaq istəyirlər. Halbuki reqlament var. O vaxt, parlamentin sədri Murtuz Ələsgərovun hərdən müəllimlik damarı tuturdu, intizamsız deputatları hədələyirdi ki, bu saat sizi çıxaracam bayıra. Jurnalistlər onun bir gün hansısa deputata “Çıx zaldan, gələn iclasa valideyninlə gəl” deyəcəyini də gözləyirdilər, amma professor belə demirdi, eləcə, iclasa gəlməyənlərə “qayib” qoyurdu.
Belə baxanda, mühəndis, ticarətçi, aqronom, baytar, zootexniklərin də parlamentdə yeri yoxdur. Amma hiss olunur ki, parlamentin kresloları iqtisadçılar və hüquqşünasların boyuna biçilib. Onlarsız olmaz. Qanun layihələrinin qəbulunda ən çox fəallıq edən onlardır. Yaxşı təkliflər verirlər. Düzdür, onların təkliflərinin 99 faizi nəzərə alınmır, axırda yuxarıdan göndərilən qanun layihəsi necə gəlib, elə qəbul olunur, amma ən azı, bu adamlar söhbətin nədən getdiyini bilirlər.
Bir də bunu deməsəm, olmaz, 20-ci əsrin ən böyük siyasi xadimi Uinston Çörçill gəncliyində jurnalist olub. Siyasətə jurnalistikadan gələn prezidentlər, baş nazirlər çoxdur.
Bax, budur, İranın yeni prezidenti Məsud bəy də həkimdir, kardioloqdur. Bəlkə də o, patoloqanatom olsa, xalqdan bu qədər səs almazdı.
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ