İnsanlara hürriyət, millətlərə istiqlal!

Bürclərə inananlar BU YAZINI OXUSUN - Bizi belə ALDADIRLAR

Son illər “ulduz falı” haqqında yazıların oxunma sayı hətta gündəm xəbərlərini belə üstələyir.  Hansısa bürclərə “varlanmaq”, digərinə “xəsis olmamaq” və ya “ehtiyatlı olmaq” barədə xəbərdarlıqlar geniş oxucu kütləsinin diqqətini çəkir.  

Maraqlıdır, bunun səbəbləri psixolojidir, yoxsa hansısa mifik inanca söykənir?

Tanınmış astroloq Səbuhi Rəhimli deyir ki, əhalinin rifah halının yaxşı olmaması insanları həyatları ilə bağlı proqnoz verənlərə meyilli olmağa məcbur edir: “Yaşam şərtləri aşağı olduğu üçün insanlar möcüzələr görmək, həyatları ilə bağlı xoş sözlər eşitmək istəyirlər. Çünki onların motivasiyaya ehtiyacı var. Küçələrdə yaşlı insanların son pullarını verib uduş kağızları aldığını görürük. 

Bu, insanların ümidsizliyindən, möcüzə gözləməsindən,  sıxıntıdan qurtarmaq istəməsindən irəli gəlir.

Səbuhi Rəhimli: “Yeni ilin aktiv, öndə gedən bürcləri Buğa və Tərəzilər  olacaq...”

Elmi göstəriciləri analiz edib YouTube kanalımda proqnozlar verirəm. İnsanlar şərhlərdə yazırlar ki, “bir xoş söz demədiniz də”. Ancaq mən kiminsə xatirinə xoş  söz deyə bilmərəm axı, nə var, onu çatdırıram. 

Bəzən elə bilirlər ki, özümdən deyirəm, vergiliyəm və s.  Zarafatla deyirəm ki, mənim Vergilər Nazirliyində tanışım yoxdur.   

Bütün sahələrdə olduğu kimi, astrologiyada da bəzi dəllallar şou yaradır.  İnsanların ehtiyaclarından istifadə edib falçılıq edirlər, bürclərlə bağlı yalançı proqnozlar verirlər. Ona görə də təqdim edəndə “ulduz falı” deyirlər. O boyda astrologiya elmini ulduz falına çeviriblər".  

Astroloqun sözlərinə görə, son vaxtlar akullikitik, yəni gizli elmlərə maraq çoxalıb: “Təəssüf ki, fırıldaqçılar bu vəziyyətdən istifadə edir. YouTube-də 90-dan çox kanalda bürclərdən danışırlar. Amma onların heç birində mütəxəssis işi yoxdur.  Bəzən yalandan Zirəddin Rzayevin, Vanqanın şəklini qoyurlar. Guya Vanqa hansısa proqnozu verib. Ümumiyyətlə, o, astrologiyadan xəbərsiz olub. Bu cür insanların əsas hədəfi pul qazanmaqdır".  

QRBe9ROsum5JZ8AbYzbmIzIKR4NlHt1OoFYYSpwj.jpg

Psixoloq Günel İsmayıllı deyir ki, bürclərlə bağlı proqnozlara söykənərək yaşamaq inancla bağlıdır: “Bu yaxınlarda bir astroloqu dinlədim,  maraqlı fikirləri var idi. Astrologiya xüsusi  öyrənilməli olan elmdir. Ölkəmizdə bunu öyrədən hansısa məktəb yoxdur.  

Ümumilikdə isə “ulduz falı”na əsaslanaraq yaşamaq inanc məsələsidir. İnsanlar  həyatda qalmaq üçün nələrəsə inanırlar. Məmnun və xoşbəxt olmaq üçün bürclərə sığınaraq yaşayırlar. Orada deyilənlərin tamamilə real olacağını düşünmək yanlışdır. İnsan  həyata dair məsuliyyət götürməli, məqsədyönlü olmalı, hədəflərinə doğru  əmək sərf edərək getməlidir. 

Yoxsa televizoru açım, proqnozu eşidim, günümü ona uyğun qurum deyə yaşamaq olmaz. Hər kəs həyatda özünün məsuliyyətini bilməlidir. Əks halda, yatacağam və duranda möcüzə baş verəcək deyə bir şey yoxdur. Bu, sadəcə, beyinlə psixoloji oyundur". 

Şahanə RƏHİMLİ
"Yeni Müsavat"

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR