Onlayn ictimai-siyasi qəzet
Dənizdə suyun səviyyəsi 4-5 metr də aşağı düşsə, bu, Şimali Xəzərin tamamilə quruması deməkdir
Xəzər dənizinin ekoloji vəziyyəti son illər ən çox müzakirə olunan məsələlərdən biridir. Rusiya prezidenti Vladimir Putinin bu yaxınlarda Azərbaycana səfəri zamanı gündəlikdə duran məsələlərdən biri də məhz Xəzər dənizi olub.
Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı ilə görüşdə sözügedən məsələnin müzakirə edildiyini bildirib. “Hər iki tərəfi narahat edən məsələlər, məhz Xəzərdə ekoloji vəziyyət, onun fəlakətli dayazlaşması üzrə fikir mübadiləsi apardıq. Danışıqlar apardığımız otağın pəncərəsindən Vladimir Vladimiroviçə hələ iki il əvvəl suyun altında olan, bu gün isə artıq bir metr yuxarıya çıxan qayaları göstərdim. Biz bunu Abşeron yarımadasının bütün sahili boyu, həm də Azərbaycanın bütün sahilyanı ərazilərində müşahidə edirik. Mümkün ekoloji fəlakətin qarşısını almaq üçün biz birgə səylərlə vəziyyəti təhlil etmək və həm ikitərəfli, həm də beştərəfli formatda həll yollarını müəyyənləşdirmək barədə razılığa gəldik. Yəni, bu ekoloji fəlakətin meydana çıxmasını artıq açıq-aşkar görürük”, - dövlətimizin başçısı qeyd edib.
Qeyd edək ki, Xəzərin səviyyəsi 1990-cı illərin ortalarından etibarən azalmağa başlayıb. Məlumata görə, Xəzər dənizinin su səviyyəsində 2021-ci ildə 35 santimetr, 2022-ci ildə isə 20-25 santimetr enmə müşahidə edilib.
Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib ki, Xəzər dənizinin səviyyəsinin azalmasına iqlim dəyişikliyi ilə bağlı buxarlanmanın artması, eləcə də Volqa çayının suvarma üçün istifadəsi təsir edib. O, “Reuters” agentliyinə müsahibəsində Xəzər dənizinin səviyyəsindəki dəyişikliklərin ətraf mühitə və iqtisadi sektorlara, xüsusilə də dəniz neft və qaz əməliyyatlarına təsir etdiyini bildirib.
Rəsmi şəxslər deyir ki, yaxın illərdə dəniz səviyyəsinin aşağı düşməsi ilə bəzi endemik növlərin itirilməsi və Xəzər dənizinin biomüxtəlifliyinin azalması mümkündür.
Səid Səfərov
Coğrafiya İnstitutunun Xəzər dənizinin Hidrometeorologiya şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov Modern.az-a deyib ki, çəkilmələr ekoloji və iqtisadi problemlərə də yol açır: “Eyni zamanda dəniz nəqliyyatında olan problemlər də çoxalır. Demək olar ki, hər gün gəmilərin sahilə yan ala bilməsi üçün qazma işləri aparılır. Çəkilmə dənizsahili torpaqların şoranlaşmasına, infrastrukturun mahiyyətini itirməsinə, dəniz canlılarının yaşaması üçün mənfi şəraitə yol açır. Yay aylarında dəniz sahillərinin qızması oksigenin azalmasına, balıqların əsas yem bazası olan planktonların məhvinə gətirib çıxarır”.
“Əsrin sonuna qədər Xəzərdə su səviyyəsinin 9-18 metr aşağı düşməsi proqnozlaşdırılır. Səviyyə təxminən 20 metrə yaxın aşağı düşə bilər. Hərçənd uzunmüddətli proqnoz olduğu üçün özünü doğrultması çox da real görünmür, amma hər halda, bir siqnaldır. Xəzərdə suyun səviyyəsi 4-5 metr aşağı düşsə, bu, Şimali Xəzərin tamamilə quruması deməkdir. Çünki Şimali Xəzərin dərinliyi orta hesabla 5 metrdir” - professor bildirib.
Rövşən Abbasov
Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan “Sağlam həyata doğru” İctimai Birliyinin üzvü, su məsələləri üzrə ekspert Rövşən Abbasov bildirib ki, Xəzər dənizinin suyunun çəkilməsi həm biomüxtəlifliyə, həm də sahil infrastrukturuna çox ciddi mənfi təsir göstərir: “Biomüxtəlifliyə mənfi təsiri ondan ibarətdir ki, Xəzər sahillərində balıqların kürü tökmə yerləri getdikcə dayazlaşır, burada temperatur spekulyasiyası daha sürətlə gedir, oksigenin miqdarı azalır və nəticədə balıqların həyat şəraiti, mühiti çox pisləşib. Təbii ki, təkcə balıqların deyil, dənizdə yaşayan digər canlıların da. Sahil infrastrukturuna gəldikdə, gəmilərin sahilə yan almasında çox ciddi problemlər var, turizm obyektlərinə də xeyli ziyan dəyib. Hətta bəzi yerlərdə su ən yaxın turizm obyektindən 500 metr, 1 km çəkilib, bu da kifayət qədər uzaqdır. Yəni turistlər sahilə çatmaq üçün xeyli məsafə qət etməli olurlar. Bundan başqa, əvvəllər çimərlik hesab olunan ərazilər artıq quru ərazilərə çevrilib”.
Ekspert qeyd edib ki, dənizin suyunun azalması fonunda çay ekosistemlərinə çox ciddi ziyan dəyib: “Artıq bir çox çayların suyu gəlib dənizə çata bilmir. Bu həm dənizin səviyyəsinin azalmasına, həm də çayların suyunun azalması fonunda baş verir. Bunun səbəblərinə gəlincə, ilk öncə iqlim dəyişikliklərini qeyd etmək istərdim. Tarixə baxanda görürük ki, Xəzər dənizinin su səviyyəsinin dəyişməsi bütün dövrlərdə baş verib və bu, dəyişmələr periodik xarakter daşıyıb. Məsələn, 1977-78-ci illərdə Xəzərin səviyyəsi indiki qədər çox aşağı olub , hətta indikindən də aşağı olub, təxminən 29m-ə çatıb. Lakin sonra tədricən dənizin su səviyyəsi artmağa başlayıb. 1995-ci ilə qədər dənizin su səviyyəsinin qalxması baş verib. O vaxtdan qısa istisnalarla Xəzərin səviyyəsində yenə də azalmalar var və əlbəttə ki, bu azalmalar davam edə də bilər. İndi aparılan elmi araşdırmalar belə proqnoz verir ki, bu azalmalar bundan sonra da davam edəcək. Sadəcə, belə bir ümid də var ki, ola bilsin ki, yaxın illərdə yaşadığımız regionda yağıntılar çox olsun, çayların suyu artsın, bəlkə ondan sonra Xəzərin su səviyyəsi yenidən artsın. Həmçinin Volqa çayının suyundan suvarma kimi istifadə edilməsi Xəzərin su səviyyəsinin azalmasına ciddi təsir edib. Məlum olduğu kimi, Volqa çox böyük çaydır və Xəzər dənizinə daha çox bu çaydan su gəlir. Volqa çayından suvarma kimi istifadə edilməsi nəticəsində onun ərazisində getdikcə quruma baş verir və bu da suya olan tələbatı artırır. Lakin hesab edirəm ki, bu məsələdə əsas amil iqlim dəyişikliyidir. İqlim dəyişikliyi nəticəsində temperatur artması baş verir ki, bu da dənizin su itkisini artırır”.
Belə görünür, Polad Bülbüloğlunun illər öncə oxuduğu “Gəl, ey səhər ” mahnısında “dəniz qaçar” sözləri təəssüf ki, gerçək olur...
Xalidə GƏRAY,
“Yeni Müsavat”
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ