İnsanlara hürriyət, millətlərə istiqlal!

Büdcə təşkilatlarında işləmək müddəti 70 yaşa qaldırıla bilər

Vergi Məcəlləsi ilə bağlı müzakirələr oldu;  deputat: “Vətəndaş gedib Gürcüstandan ucuz avtomobil alıb gətirir və aldığı məbləğ qədər, yaxud daha çox rüsum ödəyir”

Mayın 30-da Milli Məclisin növbəti iclası keçirildi. Spiker Sahibə Qafarova giriş nitqində mayın 28-də Türkiyədə keçirilmiş prezident seçkilərində Rəcəb Tayyib Ərdoğan inamlı qələbəsindən danışdı. “Əsl demokratiya şəraitində əldə edilmiş bu qələbə bütün Azərbaycan xalqını ürəkdən sevindirib”, - deyə sədr bildirib.  Deputatlar Ərdoğanın qələbəsi ilə bağlı deyilənlərə  alqışlarla reaksiya verdilər.

Tural Gəncəliyev çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin elan olunduğu gündə Prezident İlham Əliyevin Laçın sakinlərinə mənzillərinin açarlarını təqdim etməsini, mühüm mesajlar səsləndirməsini xüsusi qeyd etdi. Bildirdi ki, bəzi Avropa təşkilatları Azərbaycanın Laçın yolunda sərhəd-nəzarət məntəqəsi qurmasına qarşı çıxırlar, amma bu iddiaların heç bir əsası yoxdur. “Bütün dünya ictimaiyyəti qəbul edir ki, təhlükəsizlik sərhədlərdən başlayır. Avropa İttifaqını qorumaqdan 2005-ci ildən ötrü xüsusi agentlik yaradılıb və ildən-ilə öz büdcəsini artırır” - deputat əlavə etdi. Ardınca bildirdi ki, Azərbaycanı ittiham edən təşkilatlar ilk öncə öz ölkələrinin siyasətinə diqqət etsinlər.

Musa Qasımlı bildirdi ki, dünyanın 20 ölkəsindən biri olan qardaş Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunda türk milləti təkcə dövlət başçısını seçmədi, eyni zamanda dünyaya demokratiya dərsi keçdi, türk dövlətləri ilə əməkdaşlığın və dövlətləri olmayan türk topluluqları ilə əlaqələrin, yürüdülən müstəqil xarici siyasətin davam etdirilməsinə səs verərək, Türkiyəni geriyə aparmaq istəyən xarici qüvvələri yerində oturtdu. 

Milli Meclis: Milli Məclisin növbədənkənar sessiyası davam edir

Kamal Cəfərov da dedi ki, 28 may seçkiləri nəticəsində PKK-FETÖ terror təşkilatları məğlub olub.

Komitə sədri Musa Quliyev bildirdi ki, bir neçə il bundan qabaq Əmək Məcəlləsinə edilən dəyişikliyə görə dövlət büdcəsindən maliyyələşən təşkilatlarda işləyənlərin son yaş həddi 65 yaş müəyyən edilib: “Yalnız cüzi istisnalarla ildə bir dəfə uzadılmaqla işçi 70 yaşa çatanadək işləyə bilər. Son zamanlar isə xüsusilə təhsil, səhiyyə və TƏBİB-ə aid təşkilatlarda yaş məhdudiyyətinin tətbiqi kəskin, sərt  və kütləvi xarakter almışdır. Sanki bu insanlar uzun illər həmin peşənin mütəxəssisi olmayıblar, heç bir bilik və  bacarığa malik deyillər kimi davranaraq onları elə ad günündəcə işdən azad edirlər.  Təşkilatda  olan alternativ vakant iş yerləri də onlara təklif olunmur. Bu isə təhsil və tibb işçiləri arasında ciddi narazılıq və sosial gərginlik yaradır”.

Komitə sədri təklif etdi ki, Əmək Məcəlləsində dəyişiklik edilsin və dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışmanın son həddi 65 yaşdan 70 yaşa qaldırılsın: “Əgər bu təklifi məclis dəstəkləyərsə, hökumət də etiraz etmədiyi halda  qanun layihəsini hazırlayıb payız sessiyasında müzakirənizə  təqdim edə bilərik”.

Deputat Fazil Mustafa çıxışında öncə 28 martda şəxsinə qarşı törədilən terror aktından sonra məsələyə dərhal real reaksiya verən ölkə Prezidenti İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirdi. F.Mustafa dövlət təhlükəsizlik qurumlarının fədakar əməkdaşlarının fəaliyyətini də xüsusi qeyd etdi.

Daha sonra deputat Laçına qayıdışdan danışdı, bildirdi ki, bu, çox böyük tarixi hadisədir. “Bu fakt bir daha təsdiqlədi ki, ölkə Prezidenti hansı hədəflər qoyursa, müvafiq qurumlar bu hədəfləri addım-addım gerçəkləşdirir” - F.Mustafa söylədi. Ardınca təklif etdi ki, ayrı-ayrı dövlət qurumları orada yaşayan ermənilərin Azərbaycana inteqrasiyası üçün müəyyən mexanizmləri təqdim edək. Bələdiyyələr, pensiya təminatı və sairə ilə bağlı təklifləri ünvanlamağı zəruri sayan millət vəkilinin sözlərinə görə, ermənilər təklif olunan bu mexanizmləri qəbul etməyə bilərlər. Amma bütün danışıqlarda Azərbaycan bunu öz avantajı kimi təqdim etməlidir.

Milli Məclisin sədr müavini Fəzail İbrahimli Azərbaycanda və qardaş Türkiyədə baş verən üç mühüm hadisəyə diqqət çəkdi: “28 may tarixində Türkiyədə keçirilən seçkilər Türk dünyası, Türk Dövlətləri Təklilatı, eləcə də Azərbaycan üçün yüksək əhəmiyyətə malikdir”. F.İbrahimli öncə Heydər Əliyevin 100 illiyi ilə bağlı Milli Məclisin mayın 16-da keçirilən xüsusi iclasından bəhs edib. Deputat Ulu Öndərin 100 illiyi ilə bağlı parlamentdə yüksək səviyyədə anılmasını xüsusi vurğu ilə qeyd edərək, onun ruhunun şad olduğunu deyib: “2023-cü ilin Heydər Əliyev ili elan edilməsi ilə əlaqədar olaraq 37 ölkənin nümayəndə heyətinin iştirakçısı olduğu parlamentdə belə bir beynəlxalq tədbirin keçirilməsi tarix üçün mühüm əhəmiyyətə malikdir”. Vitse-spiker ardınca Perzidentin 28 mayda Laçına səfəri zamanı dünyaya verdiyi mesajlara toxunub. Bildirib ki, Prezident dünyaya “Ey dünya, sən Azərbaycana qarşı yönələn siyasətini apar, biz də öz addımlarımız atırıq”- mesajı verib. F.İbrahimli 28 may tarixində Türkiyə Cümhuriyyətində keçirilən seçkiləri Türk dünyası, Türk Dövlətləri Təşkilatı, eləcə də Azərbaycan üçün mühüm əhəmiyyətini qeyd edib, seçkinin nəticələrini xüsusilə önə çəkib. Spikerin müavini Türkiyədə seçkiqabağı kampaniyada Azərbaycana qarşı edilən çıxışların əsnasında bu seçkini Azərbaycan üçün də uğurlu hesab edib.

İclasda “Kosmik fəaliyyət haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili qanun layihəsi barədə ətraflı məlumat verib. T.Mirkişili bildirib ki, Azərbaycanın üç peyk layihəsinə təxminən 700 milyon manat investisiya yatırılıb: “85 faizi beynəlxalq banklardan cəlb edilən kreditlər hesabına formalaşıb. Gəlirlərinin 90 faizi xarici bazarlardan formalaşır. 2013-cü ildən bu günə "Azərkosmos" 515 milyon manat gəlir əldə edib. Bunun 90 faizi xarici bazarlardan olub. Yəni biz dollar və avro ilə gəlir əldə edirik və ölkəmizə valyuta axınına dəstək veririk. Peyklərin fəaliyyət müddətləri ərəfəsində ölkəmizə 1.5 milyard manata qədər gəlir gətirəcəyi gözlənilir".

Milli Meclis: Milli Məclisin növbədənkənar sessiyası başlanıb

Komitə sədri bildirdi ki, Azərbaycan peyklərinin 42 ölkədə 182 müştərisi var: “Bu gün peyklərimiz tam şəkildə yerli mütəxəssislər tərəfindən idarə olunur. Hazırda kosmosda 8000-ə yaxın sputnik var, onlar naviqasiya, hava proqnozları, təbiət hadisələri kimi mühüm sahələrdə cəmiyyətə xidmət edirlər. Qeyd etdiyim kimi, Kosmik fəaliyyət dövlət hüquqi şəxsi olan "Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)" tərəfindən həyata keçirilir. "Azərkosmos"un kosmik fəaliyyətinin nizamlanması üçün korporativ idarəetmə mexanizmləri kifayət etdiyi halda kosmik sahədə qeyri-dövlət subyektlərinin fəaliyyətinə hüquqi zəmin yaradılması üçün sahəvi münasibətləri tənzimləyən qanunun qəbul olunmasına obyektiv zərurət yaranıb".

Razi Nurullayev çıxışında bildirib ki, Vergi Məcəlləsinə ölkədə istehsal olunan avtomobillərin, minatəmizləmə əməliyyatlarında istifadə olunan avadanlıqların və bənzər texnologiyaların əlavə dəyər vergisindən azad olunmasını ehtiva edən dəyişiklikləri dəstəkləyir: “Ümid edirəm ki, bu dəyişiklik ölkədə avtomobil istehsalına töhfə vermiş olacaq. Açığını deyək ki, avtomobillərə tətbiq edilən gömrük yükü çox ağırdır. Vətəndaş gedib Gürcüstandan ucuz avtomobil alıb gətirir və aldığı məbləğ qədər, yaxud daha çox rüsum ödəyir. Deyək ki, avtomobili alıb 10 min dollara, ölkədə ya on min, ya da daha çox rüsum ödəməli olur. Bu tarifi doğru hesab etmirəm. Razıyam ki, ölkəmizdə daha çox keyfiyyətli avtomobil istehsal olunsun. Amma bir çox məsələlər kağız üzərində qalır. Gəlin görək istehsal, tikinti, idxal və ixrac hamı üçünmü bərabər şərait yaradılır? Xeyr, yaradılmır. Müxtəlif instansiyalarda vətəndaşların başına min oyun gətirirlər. Qanunlarımız superdir, biz çox gözəl qanunlar qəbul edirik, amma bizdən asılı olmayan səbəblərdən qanunlar buradan çıxandan sonra aidiyyəti qurumlar tərəfindən öz kefinə uyğun yerinə yetirilir. Bu, yolverilməzdir və əməlli-başlı hiddət doğurur”.

Qüdrət Həsənquliyev də layihə ilə bağlı etirazlarını bildirib: “Ayrılıqda götürülmüş bu sahə üçün bu cür güzəştin nəzərdə tutulmasını doğru hesab eləmirəm”. Q.Həsənquliyev bildirdi ki, müdafiə sənayesində hansısa məhsulların istehsalına görə belə güzəştlər nəzərdə tutularsa, bu, başadüşülən olar: “Əlbəttə, mən istərdim ki, biz Azərbaycanda avtomobilləri yığmayaq, həqiqətən də avtomobil istehsal edək. Ona görə də mən vaxtilə də təklif etmişdim ki, Naxçıvan Muxtar Respublikasını minik avtomobilləri, Gəncəni isə yük və kənd təsərrüfatında istehsal olunan avtomobil və traktor və mexanizmlər istehsal edən bir mərkəzə çevirmək olar. Amma bunun üçün dünyanın inkişaf etmiş ölkələri ilə müqavilələr bağlamaq lazım idi. Amma biz Neftçalada İranla birlikdə bir müəssisə açdıq. O vaxt da mən söylədim ki, axı İranda bu sahə inkişaf etməyib. Onun istehsal etdiyi avtomobillərin keyfiyyəti olduqca aşağıdır. Bəzi dövlət müəssisələrini məcbur edirlər ki, oradan avtomobil alsınlar. Onlar da alıb gətirirlər və qısa bir müddətdən sonra həmin avtomobillər sıradan çıxır. Beləliklə də dövlət vəsaiti səmərəsiz istifadə edilmiş olur”.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR