İnsanlara hürriyət, millətlərə istiqlal!

Büdcə talanı dayanmır: deputatdan SOS! - SENSASİON DETALLAR AÇIQLANDI

Dövlət yarım milyard çox qazanır, məmurlar eyni məbləği oğurlayır; “2-3 min manat maaş alan məmurların 5-10 milyonluq əmlakları, biznesləri var”

Aprelin 23-də mediada yayımlanan iki rəsmi açıqlamanın  təhlili məmur oğurluqlarını bir daha gündəmə gətirir. 

Pozitiv xəbər budur ki, büdcənin qeyri-neft-qaz sektoru üzrə gəlirləri proqnozdan yarım milyard manat çox olub. Belə ki, 2024-cü ilin yanvar-mart ayları üzrə qeyri-neft-qaz sektoru üzrə büdcə daxilolmaları 4671,7 milyon manat olub. Maliyyə Nazirliyinin məlumatına görə, qeyri-neft sektoru üzrə gəlirlər ümumi büdcə daxilolmalarının 50,6 faizini təşkil edib. Bu da proqnozla müqayisədə 472,8 milyon manat və ya 11,3 faiz, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə isə 241,7 milyon manat və ya 5,5 faiz çoxdur. 

Deputat Vahid Əhmədov isə aprelin 23-də parlamentin iclasında çıxış edərək deyib ki, Hesablama Palatası 2023-cü ildə 31 uyğunluq auditi həyata keçirib və bunların 27-sində ciddi nöqsanlar aşkarlayıb.

Millət vəkili aşkarlanan maliyyə pozuntusuna da diqqət çəkib: “Bu zaman 562 milyon manat maliyyə pozuntusunun olduğunu müəyyənləşdirib. Ümumilikdə isə ötən hesabat dövründə 1,2 milyard manat həcmində nöqsan aşkar edilib”.

Deputat bildirib ki, aşkar edilən nöqsanlar əsasən rüsumlar üzrə böyük borcların olması, hesabatlılığın olmaması, proqnoz göstəricilərin düzgün hesablanmaması, alqı-satqı müqavilələrinin həyata keçirilməməsi və sairlə əlaqəlidir: “Bütün bunlardan sonra belə bir nəticəyə gəlmək olar ki, problemlər daha çox satınalmalarda və mühasibat uçotunda olub. Ona görə də Hesablama Palatası bu sahələrə diqqəti artırmalıdır, yoxlama sahəsinin əhatəsini genişləndirməlidir”.

Vahid Əhmədov eyni zamanda bildirib ki, problemlərin bir çoxu da mühasibat-uçot sahəsində peşəkar mütəxəssislərin olmaması ilə bağlıdır. Deputat yoxlama müddətinin qısaldılmasını da zəruri sayıb.

Bu, faktiki olaraq yarım milyarddan artıq vəsaitin məmurlar tərəfindən dolayı yollarla büdcədən oğurlanması deməkdir. Bu pozuntular maxinasiya məqsədlidir...

Mənzərə belədir: Dövlət rəhbərliyi qeyri-neft sektorunun inkişafı üçün çalışır, vuruşur, nəhayət, yarım milyard artıq vəsait əldə olunur. Ancaq digər tərəfdə də məmurlar yarım milyard oğurlayır...

Qeyd edək ki, büdcə oğurluqları - korrupsiya ilə bağlı Azərbaycanda xeyli həbslər həyata keçirilib, məmur komandası yenilənib, ancaq fakt budur ki, yeni gələnlər də “gözü çıxmış qardaş” taleyindən dərs çıxarmır. Büdcə oğurluqlarını necə minimuma endirmək olar? Məmur, kadr siyasətində nələri, hansı meyarları dəyişmək lazımdır ki, oğrular azalsın? 

Həbsdəki keçmiş icra başçıları azadlıq yolunda

Natiq Ələsgərov

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Azərbaycanda əmlak və gəlir bəyannaməsi öhdəliyi olmadığı üçün büdcə oğurluqlarını araşdırıb nəticəyə gəlmək çox çətindir: “Hörmətli deputat Vahid Əhmədovun qaldırdığı məsələ Baş Prokurorluq tərəfindən araşdırılmalıdır. Hesablama Palatası 2023-cü ildə 31 uyğunluq auditi həyata keçiribsə və bunların 27-sində ciddi nöqsanlar aşkarlanıbsa, həmin nöqsanlarla bağlı prokurorluq orqanına niyə məlumat verilməyib? Ciddi nöqsanlara yol verən vəzifəli şəxslər kimlərdir? Niyə Hesablama Palatası ümumi rəqəmlər səsləndirib, xalqın, millətin, dövlətin pulunu tar-mar edənlərin adını açıqlamır? Azərbaycanda 2-3 min manat maaş alan məmurların 5-10 milyonluq əmlakları, biznesləri var. Məmur vəzifədə oturub büdcə pulunu oğurlayır, pulu qanunun tələb etdiyi qaydada mühasibat uçotu aparmadan öz bildiyi kimi, özünün şəxsi pulu kimi şəxsi maraqlarına uyğun xərcləyir. Arxayındır ki, məsələ araşdırılsa, məsələn elə Hesablama Palatası gəlib araşdırsa, adını hallandırmayacaq, sabah lap istintaqa da cəlb etsələr belə pulun mənbəyi araşdırılmayacaq. Bu yolla da həmin şəxs gedib pullarını ölkədən çıxara biləcək. Digər tərəfdən də, bu adamlar əlaqələrindən istifadə edib qanundan yayına bilirlər”. 

Natiq Ələsgərov deyib ki, bu məsələləri araşdırmaq prokurorluğun üzərinə düşür: “O adamlar mütləq araşdırılmalıdır. Dövlət satınalmalarında ciddi qanun pozuntuları var. Hətta Hesablama Palatası illik hesabat zamanı bununla bağlı kifayət qədər məlumat verir. Burada ciddi korrupsiya faktlarının olduğunu görürük. Lakin məmurun kimliyi, hansı təşkilatı təmsil etməsi, "ciddi nöqsan"a yol verib büdcədən yayındırdığı vəsait, faktiki çırpışdırdıqları məbləğin qədəri göstərilmir. Əgər bu məlumatlar gizlədiləcəksə, hesabat xatirinə hesabat veriləcəksə, büdcə oğurluqları da davam edəcək. Azərbaycanda büdcə pullarının xərclənməsi ilə bağlı hesabatlılıq yox səviyyəsindədir. Qanuna görə isə məmur 1 manat belə büdcə pulunu xərcləyibsə, həmin 1 manatın hesabatını verməlidir. Çox təəssüf ki, biz illərdir bu məsələri qaldırırıq, hər il də eyni tərzdə hesabat yazılır, eyni tərzdə də büdcə oğurluqları davam edir".

Natiq Ələsgərov deputat Vahid Əhmədovun “problemlərin bir çoxu da mühasibat-uçot sahəsində peşəkar mütəxəssislərin olmaması ilə bağlıdır” fikirləri ilə razılaşmır. Deyir ki, Azərbaycanda kifayət qədər mühasibat-uçot sahəsində peşəkar mütəxəssislər var: “Sadəcə, o mütəxəssisləri işə götürüb işlətmək istəmirlər. Digər tərəfdən, belə problem varsa, işə peşəkar mütəxəssisləri götürsünlər. İşə götürülən mütəxəssislərin peşəkarlığının artırılması üçün tədbirlər görülsün. Bundan başqa, illərdir ki, təklif olunur ki, Azərbaycanda elektron dövlət büdcəsi fəaliyyətə başlasın. Yəni dövlət büdcəsinə dair ayrıca bir internet sayt olmalıdır və hər il dövlət büdcəsindən ayrılan vəsaitin icrası internetdə hamı tərəfindən izlənilə bilməlidir. Məsələn, 2024-cü ildə ayrılan büdcənin icrası o saytda göstərilməlidir. Bilinməlidir ki, hər rayona, idarəyə, təşkilata büdcədən nə qədər pul ayrılıb, daha sonra hər rayona, kəndə, küçəyə nə qədər ayrılıb. Sonra da bunun icrası ilə bağlı məlumatlar göstərilməlidir. Qeyd olunmalıdır ki, hansı sahəyə nə qədər xərcləndi və bununla hansı işlər görüldü. Həmçinin burada pulu xərcləyən dövlət orqanı da göstərilməlidir. Bu yolla həm adi vətəndaşlar, həm də mətbuat görəcək ki, Maliyyə Nazirliyi dövlət büdcəsində nəzərdə tutulan vəsaitləri vaxtında köçürür. Həm də görəcək ki, eyni işi ayrı-ayrı rayonlar hansı qiymətə görürlər, o qiymətlər həqiqətə realdırmı? Bu, həm vətəndaşların dövlət büdcəsinə nəzarətini təmin edəcək, həm də korrupsiyanın qarşısı alınacaq. Təəssüflər olsun ki, Azərbaycanda belə bir təcrübə yoxdur və talan da davam edir”.

Elşən MƏMMƏDƏLİYEV, 
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR