İnsanlara hürriyət, millətlərə istiqlal!

Büdcə kəsirimizlə bağlı nikbin proqnoz - neft amili və...

Maliyyə Nazirliyi Azərbaycanın 2026-2029-cu illərə dair büdcə çərçivəsini açıqlayıb. Sənədə görə, gələn il dövlət büdcəsinin gəlirləri 39 milyard 251 milyon 300 min manat, xərcləri 42 milyard 230 milyon manat olacaq. Bu isə o deməkdir ki, 2025-ci illə müqayisədə 2026-cı ildə dövlət büdcəsinin gəlirləri 895 milyon 300 min manat, yaxud 2,33 faiz, xərcləri 822 milyon 400 min manat, yaxud 1,98 faiz artacaq.

Qeyd edək ki, Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin gəlirləri 38 milyard 356 milyon manat, xərcləri 41 milyard 407 milyon 600 min manat məbləğində təsdiq edilib.

2026-cı ildə dövlət büdcəsi kəsirinin yuxarı həddi 2 milyard 978,7 milyon manat, növbəti üç ildə isə müvafiq olaraq 2 milyard 759,9 , 2 milyard 544,1 və 2 milyard 143,9 milyon manat məbləğində proqnozlaşdırılır. Beləliklə dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbətinin 2026-cı ildə 2,2 faiz təşkil edəcəyi, 2029-cu ildə isə 1,3 faizə enəcəyi gözlənilir.

Eyni zamanda 2026-cı ildə 4 milyard 171,2 milyon manat məbləğində proqnozlaşdırılan icmal büdcə kəsirinin 2029-cu ildə 1 milyard 119,2 milyon manat səviyyəsində olacağı gözlənilir.

Sənəddə qeyd edilib ki,  dövlət büdcəsi kəsirinin əvvəlki illərdə olduğu kimi, özəlləşmədən daxilolmalar, borclanma hesabına daxilolmalar (xarici və daxili) və vahid xəzinə hesabının qalığı hesabına maliyyələşdirilməsi nəzərdə tutulur.

Açıqlanan sənəddən aydın olur ki, dövlət büdcə kəsirinin maliyyələşdirilməsi üçün daxili borclanma ciddi şəkildə azaldılacaq. Belə ki, 2024-cü ildə kəsirin maliyyələşməsində daxili borclanmanın payı 64,5 faiz olubsa, 2025-ci ildə bu göstərici 58,2 faizə, 2026-cı ildə 45,1 faizə, 2027-ci ildə 40,8 faizə, 2028-ci ildə 37,1 faizə, 2029-cu ildə isə 25,4 faizə endiriləcək. Əvəzində büdcə kəsirinin maliyyələşdirilməsində layihə maliyyələşdirilməsi üzrə cəlb olunan kreditlərin payı 2024-cü ildəki 10,5 faizdən 2029-cu ildə 53,6 faizə yüksələcək.

Azərbaycanda büdcə qaydası dəyişir

Sənəddə bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2022-ci il tarixli 3702 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyanın 2022-2025-ci illər üzrə yenilənməsi çərçivəsi” ilə müəyyən edilən hədəflərə Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2023-cü il tarixli 4021 nömrəli Sərəncamı ilə dəyişikliklər edilərək 2025-ci ilin sonunadək dövlət borcunun ÜDM-ə nisbətinin yuxarı həddinin 30,0 faizdən aşağı səviyyədə saxlanılması, bu zaman xarici dövlət borcunun 10,0 milyard ABŞ dollarını üstələməməsi kimi hədəflər müəyyən edilib. 2025-ci il 1 yanvar tarixinə dövlət borcunun ÜDM-ə nisbəti 21,7 faiz təşkil edib ki, bu da büdcə qaydasının ortamüddətli dövr üzrə dövlət borcunun ÜDM-ə nisbət göstəricisinin hədəflənən yuxarı hədd göstəricisindən 8,3 faiz bənd azdır. Bununla da strategiyada nəzərdə tutulan dövlət borcunun ÜDM-ə nisbətinin 30,0 faizlik yuxarı həddi gözlənilmiş olub: “Dövlət borcunun idarə edilməsi strategiyasının icrasına uyğun olaraq ölkədəki qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi, xarici dövlət borcunun ümumi dövlət borcundakı xüsusi çəkisinin mərhələli şəkildə azaldılması və daxili borcla əvəzləşdirilməsi, habelə daxili maliyyə bazarında dövlət istiqrazlarının yerləşdirilməsi hesabına dövlət büdcəsi kəsirinin bağlanmasına vəsaitin yönəldilməsi nəticəsində daxili dövlət borcunun səviyyəsi əhəmiyyətli dərəcədə artıb. Eyni zamanda daxili maliyyə bazarında likvidliyin daralması əlavə borc vəsaitlərinin cəlb edilmə imkanlarını məhdudlaşdırıb. Qeyd olunanlarla əlaqədar olaraq, növbəti dövr ərzində dövlət borclanmasının əsasən beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq çərçivəsində layihə maliyyələşdirilməsi vasitəsilə həyata keçirilməsinə üstünlük verilməsi nəzərdə tutulur. Belə ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən olunmuş bir sıra prioritet sahələr, o cümlədən nəqliyyat sektoru, özünüməşğulluq və sosial müdafiənin gücləndirilməsi üzrə layihələrin maliyyələşdirilməsi üçün beynəlxalq maliyyə institutlarından xarici borcun cəlb edilməsi məqsədilə müvafiq prosedurlara başlanılıb və qeyd olunan bir sıra prioritet sahələr üzrə layihələrin maliyyələşdirilməsi məqsədilə beynəlxalq maliyyə institutları ilə 2024-2025-ci illər ərzində kredit müqavilələri imzalanaraq təsdiq edilib”.

Müəyyən olunmuş bir sıra prioritet sahələr üzrə layihələrin maliyyələşdirilməsi üçün beynəlxalq maliyyə institutlarından xarici borcun cəlb edilməsi məqsədilə müvafiq prosedurlara artıq başlanıldığından, imzalanacaq borc sazişləri üzrə cəlb olunacaq kredit və sairləri kəsirin maliyyələşmə mənbəyində payının artmasını şərtləndirəcək: “Yeni makro-fiskal çərçivənin tətbiqi ilə əlaqədar qarşıya qoyulmuş hədəflərə uyğun olaraq uzunmüddətli dövrdə daxili və xarici borclanma təsdiq edilmiş limitlər çərçivəsində istifadə ediləcək. Bu hədəfin təmin edilməsi üçün dövlət qiymətli kağızlarının və istiqrazlarının emissiyası ilə daxili maliyyə bazarlarının inkişaf etdirilməsinin diqqət mərkəzində saxlanılması davam edəcək”.

Növbəti dövr ərzində də beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq çərçivəsində prioritet layihələrin maliyyələşdirilməsi üçün kredit vəsaitlərinin cəlb edilməsi nəzərdə tutulur. 2025-ci ilin sonuna Azərbaycanın dövlət borcunun (xarici və daxili) ümumi məbləğinin 29,0 milyard manat səviyyəsinə və ya proqnozlaşdırılan ÜDM-in 22,2 faizinə çatacağı gözlənilir.  Ortamüddətli (2026-2029-cu illər) dövrün sonuna Azərbaycanın dövlət borcunun (xarici və daxili) ümumi məbləğinin 32,7 milyard manat səviyyəsinə çatacağı və 2029-cu il üzrə proqnozlaşdırılan ÜDM-in 20,1 faiz səviyyəsində olacağı gözlənilir.

Manatın dövretmə sürətinə hansı amillər təsir edib? – ekspert şərh edir -  26.07.2021, Sputnik Azərbaycan

Rəşad Həsənov

İqtisadçı-ekspert Rəşad Həsənovun “Yeni Müsavat”a dediyinə görə, dövlət büdcəsi ilə bağlı açıqlanan növbəti proqnoz dövründə (2026-2029) çox mühüm çağırışlar olacaq: “Hazırlanan sənəd bu çağırışları nəzərə ala bilmir, yaxud da təqdim olunan versiya baza versiya olduğuna görə bu çağırışlar öz əksini tam tapmayıb. Burada məsələ ilk növbədə neft qiyməti və hasilatının azalması ilə bağlıdır. Bu aspektdən növbəti beş ildə büdcənin neft gəlirlərinin nominal ifadədə 15 faiz azalması və 15 milyard manata düşməsi proqnozlaşdırılır. Əvəzində qeyri-neft-qaz gəlirlərinin 2025-ci ildə nəzərdə tutulan 19 milyard manatdan təxminən 25 milyard manata qədər artması gözləntiləri var. İnflyasiya effektini və qeyri-neft sahəsi üzrə gözlənilən artımı proqnozlarını nəzərə alsaq, qarşıya qoyulan hədəfə nail olunması mümkündür. Lakin burada neft gəlirləri ilə bağlı məqama yenidən qayıtsaq, proqnozlaşdırma neftin 65 dollarlıq qiyməti əsasında aparılıb. İndiki halda proqnozlaşdırma mühiti pisləşib və öngörü çətinləşib. Amma bununla belə, mövcud geosiyası münasibətlər daha sərt məcraya daxil olarsa, neftin qiymətinin daha da ucuzlaşması üçün şərtlər formalaşacaq. Bu zaman təbii ki, digər məsələ gündəmə gəlir: hökumətin daha konsolidə olunmuş büdcə siyasətinə qayıtması, Dövlət Neft Fondundan büdcəyə transfertlərin azaldılması, dolayısı ilə büdcənin formalaşmasında neft sektorunun payının azalması, nəhayətdə isə büdcə kəsirinin artması prosesi baş verə bilər”.

Ekspert deyir ki, zaman keçdikcə büdcənin xərclərinin optimallaşdırılması imkanları daralır: “Getdikcə büdcənin sosial ödənişlər və qorunan xərclər formasında ixtisarı mümkün olmayan xərclərinin payı artır. Bu şəraitdə büdcənin xərclərinin optimallaşdırılması çətin olacaq ki, bu da büdcə kəsirini artıracaq amillərdən birinə çevriləcək. Büdcə kəsirinin bağlanmasında xarici borclanmadan istifadə üçün hüquqi baza keçən ildən yaradılıb, xarici borcun yuxarı həddi artırılıb. Bu baxımdan, növbəti mərhələdə xarici borclanmanın artması gözlənilən idi. Bu çağırış ilk növbədə azad olunmuş ərazilərin bərpası üçün lazım olan irihəcmli vəsaitlərin təmin edilməsi zərurətindən qaynaqlanır. Bildiyiniz kimi, bu sahə böyük resurslar tələb edir. Bu resursların yalnız yerli mənbələr hesabına maliyyələşdirilməsi çətindir. Digər tərəfdən, xərclərin yalnız neft gəlirləri hesabına və bir nəslin üzərinə yüklənməsi doğru yanaşma deyil. Gəlirlərin gələcək nəsillərə ötürülməsi öhdəliyi baxımından da bu, ədalətsiz yanaşmadır. Buna görə də bir sıra xərclərin uzunmüddətli borclanma ilə maliyyələşdirilməsi daha uğurlu yoldur. Belə borclanma isə əsasən xarici mənbələrdən mümkündür. Digər tərəfdən, hazırkı şəraitdə bir çox hallarda xarici borclanma daxili borclanmadan daha əlverişlidir. Böyük ehtimalla, növbəti mərhələdə yerli resursların alternativ məqsədlərlə istifadəsi, o cümlədən pul kütləsinin tənzimlənməsi, qiymətli kağızlar bazarına yönəldilməsi, yaxud müxtəlif fondlara toplanaraq gələcəkdə azad olunmuş ərazilərin bərpasına cəlb edilməsi məsələsi ortaya gələcək. Çünki indiki mərhələdə dövlətin daxili borclanmanı artırması nəticəsində faktiki olaraq yığım bazasının kiçilməsi və daxili borclanma faizlərinin yüksəlməsi müşahidə olunur. Maliyyə Nazirliyi bu səbəbdən dövlət istiqrazlarını daha yüksək faizlə yerləşdirməli olurdu ki, bu da büdcənin faiz xərclərini artırırdı. Orta və uzunmüddətli dövr üçün hökumətin təqdim etdiyi ssenarilərdə mümkün və qeyri-mümkün olan məqamlar var. Burada kəsirin və iri layihələrin xarici borclanmanın hesabına maliyyələşdirilməsi müsbət seçim hesab oluna bilər. Çünki yerli vəsaitlərin bu məqsədlərə yönəldilməsi son nəticədə əsas iqtisadiyyatı ciddi risklərə məruz qoya, əsas iqtisadiyyata investisiya qoyuluşunu azalda, xarici investisiyalar üçün cəlbediciliyini kəskin azalda bilər. Düşünürəm ki, fundamental baxış xüsusilə də bərpa-quruculuq işlərinin dövlət-özəl əməkdaşlığı formasında maliyyələşdirilməsinin tətbiqi yolu ilə dövlətin bu sahədə yükünün azaldılması baxımından vacibdir”.

Dünya SAKİT,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR