İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu yağları YEMƏYİN - ekspertlərdən olay kimi rəylər

Bitki yağları bazarı çox çirklənmiş vəziyyətdədir; 44 manata satılan zeytun yağı ilə bağlı xəbərdarlıq edilib; rəf ömrü daha uzun olan məhsullarda kimyəvi qatqı maddələri daha çox istifadə olunur

Bitki yağları arasında insanların xüsusilə üstünlük verdiyi zeytun yağının faydalarını saymaqla bitməz. Söhbət əlbəttə ki, süni qatqıları olmayan, orqanik yağdan gedir. Təəssüf ki, marketlərdə satılan yağlar heç də həmişə bu tələblərə və standartlara cavab vermir.

Biokimyaçılar hesab edirlər ki, əsl zeytun yağının “təzə” qoxusu olmalıdır. Dadı neytral, acı və ya ədviyyatlı ola bilər (Lent.az). Onların sözlərinə görə, zeytun yağının saxtalaşdırılması bir neçə fərqli formada ola bilər, lakin iki növ saxtakarlıq daha çox yayılıb: “Vicdansız istehsalçılar aşağı keyfiyyətli zeytun yağını yüksək keyfiyyətli əlavə saf məhsul kimi etiketləyir və ya həcmi artırmaq üçün onu günəbaxan və ya kanola kimi ucuz neytral yağlarla qarışdırırlar”.

Yəqin ki, zeytun yağının saxta olduğunu öyrənməyin yeganə yolu laboratoriya analizidir. Ancaq keyfiyyətsiz məhsulu evdə də tanımaq olar. Təmiz bir stəkana bir az yağ tökmək və bir qurtum almaq lazımdır ki, məhsul dilinizi tamamilə əhatə etsin. Əsl təmiz zeytun yağı meyvəli və şirin tamlı, ədviyyatlı və acı olmalıdır, saxta zeytun yağı isə zəif dadlı və zəif ətirli olacaq.

Ancaq yağda dadın olmaması hər zaman onun saxta olduğunun əlaməti sayılmır. Bəzi əsl zeytun yağları dadsız ola bilər. Aldanmamaq üçün mütəxəssislər etibarlı yerlərdən yağ almağı məsləhət görürlər. Saxta məhsullara ən az böyük supermarketlərdə rast gəlinir. Biokimyaçılar onu da əlavə ediblər ki, sınaqdan keçirilmiş yağların paketlərində zeytun istehsalçısının adı, həmçinin məhsulun alınma yeri və tarixi də ola bilər. Məhsulun mənşəyinin bilinməsi onun keyfiyyətinin yuxarı olması ehtimalını artırır.

Qeyd etmək yerinə düşər ki, zeytun yağı digər duru yağlara nisbətən daha baha qiymətə satılır. Belə olan halda, istehlakçılar yediyi yağların keyfiyyətinə əmin olmaq istəyirlər. Mütəxəssislər xüsusilə xarici ölkələrdən idxal edilən zeytun yağlarının qablaşdırmasına diqqət etməyi, təmiz olub-olmadığını yoxlamağı tövsiyə edir. 

News 365

Xalid Kərimli

Bugünlərdə iqtisadçı Xalid Kərimli zeytun yağlarının qiyməti ilə bağlı məsələni şərh edərkən bunu Azərbaycanda zeytunun bol olmaması ilə əlaqələndirib: “Nə vaxt ki, Azərbaycanda zeytun bolluğu yaranacaq, sahibkarlar baxacaqlar ki, ixrac edə bilmirlər, məhsul satılmır, o zaman qiymətin aşağı düşməsi haqqında fikirləşəcəklər. Yox, məhsul ixrac edilirsə, satılırsa, hansı sahibkar qiyməti endirər? Əvvəllər Azərbaycanda zeytun bağları olub. Amma sonradan bu bağlar dağıdıldı. Son 10 ildə bəzi fermerlər bu istiqamətlə məşğul olmağa başlayıblar. Bağlar salınıb, amma ağaclar əkilən kimi məhsul vermir. Müəyyən bir müddət keçməlidir ki, zeytun ağacları bar versin. İkinci əsas məsələ zeytun ağaclarının bol məhsul verməsidir. Bağlarımız hələ məhsuldar dövrdə deyil. Məhsul bol olsa, qiymət aşağı düşməlidir. Ağacdan bir kiloqram zeytun yığsan, qiymət fərqli, 20 kiloqram yığsan, tam başqa cür olacaq. 20 kiloqram zeytun yığanda ağacların qulluq xərcləri və eyni zamanda bağın özünün də xərci aşağı düşür”.

Xalid Kərimli diqqətə çatdırıb ki, Azərbaycana İspaniya, Türkiyə, Yunanıstandan zeytun yağları gətirilir: “Bu yağlar Azərbaycana gətirilməsə, qiymətlər daha da baha olar. Xaricdən gətirilən zeytun yağları bazarda bir qiymət formalaşdırıb, yerli zeytun satıcıları da məhsulu həmin intervalda satırlar. Eyni zamanda məhsul bolluğu olmadığından daha baha satmaq istəyirlər”.

Eyyub Hüseynov koronavirusa yoluxdu - Oxu.az

 Eyyub Hüseynov

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Yeni Müsavat”a şərhində marketlərdə satılan bir neçə yağı nümunə gətirərək istehlakçılara tövsiyə verdi: “Yunanıstan istehsalı "Vero Greco" yağlarının üzərində “pomace oil” yazılıb, bu da o deməkdir ki, yağ zeytunun jımıxından hazırlanıb. Tərkibində zeytun yağı 5-8 faizdən artıq deyil. Yəni tərkibi naməlum yağdır, çox güman ki, günəbaxan yağıdır. Bu yağla bağlı Azad İstehlakçılar Birliyi tədqiqatı yekunlaşdırıb. Yunanıstandan mənə hədə-qorxulu məktublar gəlir, dəfələrlə zəng edirlər ki, niyə antireklam edirəm? Rusdilli bir nəfər mənə zəng edərək sübut etməyə çalışırdı ki, məhsul təmiz zeytun yağıdır. Lakin “pomace oil” zeytunun soyuq halda sıxılıb yağı çıxıldıqdan sonra qalan jımıxdan kimyəvi yollarla alınan, qalan hissəsinə digər bitki yağları qarışdırılan “zeytun yağıdır”. Markalanmasına fikir versək, çox ekzotik markalanıb. 5 lt-lik qablaşdırma 44 manata satılır. Əhali qablaşdırma və qiymətə görə bunu təmiz zeytun yağı kimi alır. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi qarşısında məsələ qaldırdıq. Agentliyin rəsmi cavabında bildirildi ki, idxalçı şirkətə etiketin dəyişdirilməsi ilə bağlı tapşırıq verilib". 

E.Hüseynov qeyd etdi ki, ölkənin əmtəə bazarında çoxsaylı bitki yağları var, lakin bitki yağlarının bəziləri qarışıqdır, etiketdə isə bu barədə məlumat verilmir: “Spred yağlarının bəzilərini insanlar kərə yağı kimi alırlar. Üzərində inək şəkli var, "naturalnoe maslo" yazılıb, lakin hardasa kiçik hərflərlə “bitki yağı qarışığı” qeydi də var. İstehlakçılar bizə onların nümunələrini gətirib bitki yağının tərkibini dəqiqləşdirməyi tələb edirlər. Biz Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi qarşısında bu məsələni də qaldırmışıq ki, bitki yağlarının üzərində mənşəyi qeyd olunmalıdır. Lakin hələ ki istədiyimiz nəticəni əldə edə bilməmişik. Bəzən yağlara palma yağı qarışdırırlar, amma bunu yazmırlar. Yəni bitki yağları bazarı çox çirklənmiş vəziyyətdədir. Bütün hallarda istehlakçıları yerli zeytun yağlarını almağa çağırıram. Azərbaycanda zeytun yağı istehsal edən bir neçə müəssisə var. Bütün hallarda yerli zeytun yağları xaricdən idxal edilənlərdən üstündür". 

Məhsəti Hüseynova: Qidalar bizi niyə zəhərləyir? - Sağlam Qida

Məhsəti Hüseynova

Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova isə “Yeni Müsavat”a mövzunu belə şərh etdi: “Zeytun yağı orqanizm üçün ən faydalı yağlardan hsab olunur. Çünki zeytunun tərkibi A, D, E, K vitaminləri ilə zəngindir. Orqanizm xüsusilə genetik kodlar sayəsində yerli zeytunu tanıyır, buna görə də asan həzm olunur. Mütləq şəkildə mənşəyi bəlli olan istehsal müəssisəsinin məhsullarını nəzərdən keçirmək lazımdır. Bəzən mənşəyi bəlli olmayan, düzgün qablaşdırılmayan, "orqanik" adı ilə satılan zeytun yağları görürük. Buna görə də etiket məlumatlarına diqqət etmək lazımdır. Etiket məlumatlarında istehsalçı müəssisə haqqında ətraflı məlumat-ünvan, qaynar xətt, istehsal tarixi, son istifadə tarixi mütləq yazılmalıdır. O cümlədən istifadə olunan inqridientlər haqqında tam məlumat verilməlidir. Yetişdirmə üsuluna görə yerli zeytunlarımız üstünlük təşkil edir. Daha çox kimyəvi gübrələrdən, sintetik dərmanlardan istifadə olunmadan toplanan zeytunlardan istehsal olunan yağlar daha faydalıdır. Adətən zeytun yağının rəngi sarımtıl yaşıl, yaxud qızılı sarı rəngə çalır. Əgər bulanıqdırsa, bu təbii xüsusiyyətlə bağlı ola bilər. Amma yağ kəskin sarı, ya da kəskin yaşıl rəngdədirsə, bu, qida boyalarından istifadə edildiyinə işarədir. Bəzən yağın dibində çöküntü olur, bu da məhsulun orqanik olmasının göstəricisidir. Qoxusu yeni, xoşagələn zeytun qoxusu olmalıdır. Əgər ümumiyyətlə, qoxu yoxdursa, zəif qoxu gəlirsə, bu, yağın təbii olmadığını göstərir. O ki qaldı dadına, zeytunun dadı hiss olunmalıdır. Amma kəskin dad varsa, acılıq hiss olunursa, bu, əlavə qatqılarla əlaqəlidir. Soyuq sıxım üsulu ilə əldə olunan zeytun yağı daha faydalı hesab olunur. Bundan əlavə, əsasən tünd rəngli şüşədə olan zeytun yağına üstünlük verilməsini tövsiyə edirəm. Bu, yağı işıqdan qoruyur. Eyni zamanda satın alarkən yağın daha sərin yerdə olmasına diqqət edilməlidir. +4 dərəcədə zeytun yağı donur, günəş işığı düşməyən, sərin  yerdə olan yağları seçməliyik. Yaxşı olar ki, əgər uzunmüddətli istifadə olunacaqsa, daha az həcmli yağlar alınsın. Zeytun yağının qapağı açıldıqca oksigenlə reaksiyaya məruz qaldığı üçün yağın tərkibi dəyişir. Bu isə həzm probleminə gətirib çıxara bilər. Ev şəraitində zeytun yağını +15-22+ temperaturda, qaranlıq yerdə saxlamaq olar. Bundan başqa, rəf ömrü daha uzun olan məhsullarda kimyəvi qatqı maddələri  daha çox istifadə olunur, buna görə də rəf ömrü daha az olan məhsullara üstünlük vermək lazımdır".   

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR